Nəriman Əbdülrəhmanlı01.05.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Nəriman ƏbdülrəhmanlıTərcüməşünaslığın ən yeni sahənələrindən olan qohum dillərdən tərcüməylə bağlı biz çox uzun və qiymətli zaman itirmişik. Bir çox xalqlarda qohum dillərdən tərcümə nəzəriyyəsi və təcrübəsi formalaşdığı halda (məsələn, rus-bolqar, rus-belorus, rus-ukrayin və s.) biz Türkiyədə və türkdilli respublikalarda yaranan əsərləri dilimizə əsasən ruscadan çevirmişik, nəticədə «suyunun suyu» alınıb, indi də Türkiyə türkcəsindən əlimizə keçəni, qohum dillərdən tərcümənin çox spesifik, ilk baxışda nəzərə çarpmayan, amma dərində kök salmış xüsusiyyətlərini nəzərə almadan «tərcümə» edirik. Bu ağrılı, həm də təhlükəli prosesin nə qarşısını alacaq bir səlahiyyətli qurum var, nə də bu cür «tərcüməylə» məşğul olanlarda insaf. Professor Əsgər Rəsulovun sözügedən monoqrafiyası Türkiyə türkcəsindən «tərcümələrlə» məşğul olanlara həm həqiqəti anlatmaq, həm də onlara praktiki yardım göstərmək baxımından son dərəcə faydalıdı. Mənə görə, bu kitabı oxumadan, daha doğrusu, əxz eləmədən Türkiyə türkcəsindən mükəmməl tərcümə eləmək səmərəsiz olacaq. Şəxsən mən monoqrafiyanı oxuyandan sonra bu dildən tərcümələrimdəki bir sıra yanlışlıqları çox aydın gördüm. Əslində, iki il əvvəl Nobel mükafatı laureatı Orxan Pamukun «Qar» romanının və «Bir yarpaq. Türkiyə qadın şer antologiyası» toplusunun nəşrindən sonra Türkiyə türkcəsindən tərcüməyə münasibətin səviyyəsi bəlli oldu. Bu barədə mətbuatda ətraflı yazılar dərc olunub. Amma bəla burasındadı ki, bəzən haqlı tənqidi ya qərəz kimi qəbul eləyirlər, ya keçid dövrü üçün normal sayırlar, ya da (ən pisi də budu) deyilənləri qulaqardına vururlar. Nəticədə həmin kitablar binəva, orijinaldan xəbərsiz oxucunun əlinə düşür, onda konkret yazıçı və əsər barədə yanlış təəssürat oyadır – bu isə artıq günahdı. Professor Əsgər Rəsulov tədqiqatında indiki Türkiyə türkcəsinin, eləcə də Azərbaycan türkcəsinin inkişaf yoluna qısa nəzər salır, bu iki qohum dil arasındakı təmas nöqtələrini, qarşılıqlı faydalanmanı diqqətə çatdırır, Azərbaycan türkcəsində bu faydalanmanın ifrat və dilimizin gələcək leksik fondu üçün təhlükəli şəkil aldığını əsl ziyalı narahatlığıyla oxuculara çatdırır. Onun «...azəricəyə təbii yola və zəruri olduqca alınan uğurlu söz və terminlər dilimizin lüğət tərkibini xeyli zənginləşdirir, lakin bu məsələdə süniliyə yol vermək olmaz» fikri mənə elə gəlir ki, ciddi xəbərdarlıq kimi səslənir. Tərcüməşünaslıq prizmasından müasir Türkiyə türkcəsini və Azərbaycan dilini iki müstəqil dil kimi qəbul eləyən tədqiqatçı iki çeşmənin suyunu bir-birinə qatıb, özbaşına «ortaq türkcə» yaradan «türkcülər»ə özünün təkzibedilməz həqiqətini xatırladır: «Bu dillərin qrammatik quruluşlarının və əsas lüğət fondlarının ümumiliyi, etnik qohumluğu – Qədim ümumtürk dilinin varisləri olması bəzən belə bir səhv təsəvvür yaradır ki, bu iki dil tamamilə eynidir və hər bir azərbaycanlı türkcəni xarici dil kimi öyrənməyə ehtiyac duymadan bu dildə sərbəst danışa, türkcədən azəricəyə əslinə adekvat şifahi və yazılı tərcümə edə bilər...» Əslində, indiyədək mövcud olan bütün yanlışlıqların kökü də elə bu həqiqətdən ibarətdir. Tədqiqatçı monoqrafiyanın «Müasir Türkiyə türkcəsi və Azərbaycan dilinin ən mühüm fonetik orfoqrafik və orfoepik fərqləri» adlı ikinci fəslində problemin kökündən başlamaqla, hər iki qardaş dil arasındakı əlifba və danışıq səsləri, fonetik qanunlar, fonetik hadisələr, səsdüşümü, səslərin yerdəyişməsi, vurğu, intonasiya, danışıq etiketi, hətta vaxtın saatla ifadəsi, orfoqrafiya məsələlərində mövcud fərqləri diqqətə çatdırır. Hər iki dilin qrammatikasındakı fərqlər barədə araşdırmasa, monoqrafiyanın üçüncü bölümünü təşkil edir. Bu xüsusiyyətlər təkcə dilçilər üçün yox, həm də tərcüməçilər üçün son dərəcə faydalıdı. Tədqiqatçının tərcümə sənəti və qohum dillərdən tərcümə nəzəriyyəsilə bağlı fikirləri də olduqca maraqlıdı. Məşhur ingilis tərcüməşünası Teodor Savorinin 1952-ci ildə yazdığı «Tərcümə sənəti» əsərindəki tərcümə işinə müxtəlif müəlliflərin irəli sürdükləri bir-birinə zidd 12 tələbi diqqətə çatdıran professor Əsgər Rəsulov çox maraqlı və həqiqəti ifadə eləyən qənaətə gəlir: «Tərcümə sənətində ən çox mübahisə doğuran məsələlərdən biri bu və ya digər sözün, cümlənin, mətnin bir dildən başqa dilə ümumiyyətlə, tərcümə edilib, edilə bilməyəcəyidir. Biz bu fikirdəyik ki, tərcümə edilə bilməyəcək mətn yoxdur. Çünki, orijinal mətnin özü də bir növ tərcümədar, nitqə və yazıya «transformasiya» etməsidir, yenidən qurması, yaratmasıdır. Ola bilməz ki, bir dildə ifadə olunan hiss, duyğu, düşüncə başqa bir dildə ifadə edilə bilməsin. Söhbət yalnız ifadə olunacaq şeyin ən uyğun formasının, mətnin əslinə ən adekvat olanının tapılmasından, ilkin yaradılanın oxşarının, «əkizinin» yenidən yaradılmasından gedə bilər». Fikrimizcə, bütövlükdə tərcümə sənətinin mahiyyəti bundan ibarətdi. Onun tədqiqatının başlıca obyekti olan qohum dillərdən tərcümə nəzəriyyəsilə bağlı indi ədəbi təsərrüfatımızda mövcud olan vəziyyəti çox dəqiq ifadə eləyən digər fikriylə də tamamilə razıyıq: «... Türkcədən azəricəyə tərcümədə «oxucu nəzarəti xofu», görünür, bəzən o qədər güclü olur ki, mütərcimlər «eyni dil» (aldadıcı oxşarlıq) stereotip düşüncə səbəbiylə əməklərinin istehza ilə qarşılanacağı ehtimalına görə, yaxud da öz səhvlərini əvvəlcədən sığortalamaq naminə, türkcədən etdikləri tərcümələrin altına «azəricələşdirən», «Azərbaycan dilinə uyğunlaşdıran», «dilimizə nəql edən», «azəricəyə işləyən», «dilimizə uyğulayan» və s. yazırlar...». Doğrudan da, adı nə olursa-olsun, ortaya çıxan məhsul tərcümədi və söhbət yalnız onun səviyyəsindən gedə bilər. Şübhəsiz, Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə tərcüməni ümumiyyətlə, qəbul eləməyənlər də var. Bunu yalnız şəxsi mülahizə sayırıq, çünki onda belə çıxır Türkiyə türkcəsində hər hansı bir əsəri oxuyanın əlinin altında mütləq türkcə-azərbaycanca lüğət də olmalıdı ki, demək olar, hər cümlədə rast gəldiyi anlaşılmayan sözləri başa düşmək üçün o lüğətə baxsın. Bunun da nə qədər cansıxıcı, zəhlətökən iş olduğunu təsəvvür eləmək çətin deyil. Görkəmli dilçi-ədəbiyyatşünas, yazıçı Kamal Abdullanın «... ən çətin tərcümə, əslində, yaxın dillərdən tərcümədir» fikri güman edirik ki, bu sənətə ciddi münasibət bəsləyən hər kəs üçün həqiqətdi. Vaxtilə bənzərsiz və peşəkar tərcüməçi, mərhum Natiq Səfərovla bu barədə ətraflı söhbətimiz olmuşdu. Professor Əsgər Rəsulov monoqrafiyanın «Türkcədən tərcümənin ümumleksik-semantik məsələləri» və «Türkcədən tərcümənin tipik problemləri» bölmələrindəki nəzəri araşdırmalarını «Türkcədən nəsr əsərlərinin tərcüməsində təhriflər» və «Türkcədən şeir tərcümələrində təhriflər» bölmələrində faktiki materiallarla tamamlayır. Oxucu təkzibolunmaz faktlardan türk yazıçılarının indiyədək dilimizdə oxuduğu bir çox əsərlərində hansı məna təhriflərinə yol verildiyini aydın başa düşür. Hələ sovet dönəmində tərcümə olunmuş «Xəz paltolu madonna» (Səbahəddin Ali), «Çalıquşu», «Dodaqdan qəlbə» (Rəşad Nuri Güntəkin), «Fosforlu Cevriyyə» (Suat Dərviş), eləcə də bir neçə il əvvəl işıq üzü görmüş «Qar» (Orxan Pamuk) romanlarında, Tofiq Fikrət, Mehmet Akif Ersoy, Faruk Qafiz Çamlıbel, Yunus Emrənin şerlərinin tərcüməsində yol verilmiş məna təhriflərini, qohum dildən tərcümənin ağrılı cəhətlərini ortaya qoyur. Doğrudan da, «Polis askerlik yapan torununu görmek için Trabzondan geldigini belirleyemedigi ve ufak tefekligi şüphe çekdigi için göstəriyerdi onu» cümləsini «Polis cəsədi (?) əsgərlikdə olan nəvəsini görmək üçün Trabzondan gəldiyini öyrənə bilmədiyi (?) və onun (?) şübhə doğurduğu üçün Kaya göstərdi» kimi oxucuya çatdıran tərcüməçinin bütövlükdə romanda hansı təhriflərə yol verdiyini təsəvvür eləmək çətindimi? Müəllifin onlarla bu cür «tərcümədən» misal gətirməsi həqiqətən də vəziyyətin ciddiliyindən xəbər verir. Monoqrafiyada türkcədən tərcümənin üslub problemlərinə də toxunulur. Şübhəsiz, tərcüməçi müraciət elədiyi müəllifin və əsərin üslubunu yaxşı qavramasa, daha doğrusu, «tutmasa», yaxşı tərcümənin ortaya çıxacağından danışmaq olmaz. Yəni «... mütərcimin rolu orijinal mətni, onun mündəricə və mahiyyətini qavramaq, başqa sözlə, müəllifi mətndə «kəşf etməkdir...» Üstəlik, müəllifin fərdi yaradıcılıq texnikasını, əsərin ruhunu duymadan tərcümə eləmək mexaniki çevirmədən başqa bir şey deyil, hədər çəkilən zəhmətdi və tərcümə sənətinə, bütövlükdə mədəniyyətimizə başdansovdu, hörmətsiz münasibətin təzahürüdü. Pprofessor Əsgər Rəsulov monoqrafiyaya «Türkcə-Azərbaycanca saxta ekvivalentlərin izahlı lüğəti»ni də əlavə eləyib. Bu da şübhəsiz, Türkiyə türkcəsindən tərcümə zamanı bu sahədə çalışanlarını köməyinə gələcək. Müəllifin obrazlı şəkildə «mütərcimin yalançı dostları» adlandırdığı sözlük min beş yüzdən artıq türkcə və azəricə saxta ekvivalentdən ibarətdi, eyni cür ifadə olunan, lakin leksik-semantik baxımdan qeyri-adekvat kəlmənin düzgün mənasını izah edir. «Tərcümə nəzəriyyəsi müstəvisində Türkiyə türkcəsi və Azərbaycan dili» monoqrafiyasının başqa cəhətlərindən də danışmaq olar. Amma bütövlükdə görkəmli tədqiqatçı profesor Ə.Rəsulovun ciddi yaradıcılıq uğuru olan və Azərbaycanda qohum dillərdən tərcümə nəzəriyyəsinin başlanğıcını qoyan bu yeni araşdırması həm dərs vəsaiti, həm də Türkiyə türkcəsindən tərcümə ilə məşğul olanların stolüstü kitabı olmalıdı. Yeri gəlmişkən, O.Pamukun orijinalda «Babamın davulu» adlanan Nobel nitqi «525-ci qəzet» kimi ciddi bir mətbuat orqanında «Babamın çamadanı» başlığıyla çap olunmuşdu, yazıçısa nitqində atasının çamadanından söhbət açırdı. Bunu elə-belə, ötəri xatırladım... Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı