Məsməxanım Qubadova06.03.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Məsməxanım QubadovaMilli tariximizi özündə əks etdirən ədəbiyyatımızda elə əsərlər vardır ki, onların vasitəsi ilə biz dövrün bir çox sirli mətləblərinə açar tapar, müəyyən tarixi vəziyyətlərdə cəmiyyətin yaşadığı siyasi-ictimai, mənəvi-fəlsəfi durumu həqiqi mənada dərk və təsvir edə bilərik. Belə əsərləri qələmə alan dahi dramaturqları, şair və nasirləri, ictimai və elm xadimlərini, bir sözlə, xalqının maarif və mədəniyyətinin inkişafı yolunda əzmkarlıqla çalışan fədakar ziyalıları gənc nəslə təqdim etmək, tanıtmaq bu günün aktual və vacib bir problemidir. Əli bəy Hüseynzadənin haqqında hələ də bu günkü fikir dünyamızda yetərincə məlumatımız yoxdur. Əli bəyin haqqında danışarkən ilk növbədə nəzərə almaq lazımdır ki, onun ədəbi-publisistik fəaliyyəti yalnız və yalnız ideoloji xarakter daşımış və milli mənəviyyatımızı ideya-estetik cəhətdən istiqamətləndirməyə xidmət etmişdir. O, həyatını bütünlüklə türkçülüyün və turançılığın fikri və milli-mənəvi inkişafına həsr etmiş və buna tam mənada, yetərincə nail də olmuşdur. Əli bəy Hüseynzadə 1903-1910-cu illər ərzində Azərbaycanda yaşadığı zaman kəsiyində çox dəyərli, milli istiqlalımız üçün gərəkli bir mədəni-mənəvi intibahın başlanmasını təmin etmişdir. Bu ideoloji təbliğatı o, redaktoru olduğu «Həyat» qəzeti, «Füyuzat» jurnalı və oçerklər şəklində çap etdirdiyi «Siyasəti-fürusət» ünvanlı ədəbi-fəlsəfi traktatı vasitəsi ilə ardıcıl olaraq həyata keçirmiş və bunun müqabilində XX əsrrin əvvəllərində millətimizin inkişafı üçün çox dəyərli bir ədəbi-mədəni fikir mühitinin başlanmasını təmin etmişdir. Ə.Hüseynzadə öz ideoloji fəaliyyətində əsas götürdüyü Vətən, Millət və «Hürriyyət» prinsiplərinə olan xidmətini özünün «Halu-vətən» şeirində bir konsepsiya olaraq belə təqdim etmişdir: – «Ucundadır dilimin, həqiqətin böyüyü, Nə qoydular deyəyim, nə kəsdilər dilimi. Bilirmisən cühəla, nə etdilər Vətənə?! Nə qoydular uyuya, nə qoydular oyana. Ədu qırır qapıyı, biz evdə bixəbəriz, Nə başqa-başqalarız, nə ittihad edəriz. Oyatmadı qələmim, bu türk ilə əcəmi, Nə qoydular yazayım, nə qırdılar qələmi». Ə.Hüseynzadə Vətənin başına gətirilən fəlakətlərin mahiyyətini dərk etməyən «cühala»ları ayıltmağa qalxarkən yalnız mətbuat, teatr və ədəbiyyat kimi kəsərli ideoloji vasitələrin köməyinə arxalanmışdı. Təbii ki, o, bu məqsədinə çox böyük anlamda çatdı və «Nicat» teatr truppasının timsalında Milli Akademik Teatrımızın, «Həyat» və «Füyuzat» kimi kəsərli mətbuat orqanlarının timsalında isə «Füyuzat»çılar ədəbi cərəyanının ideoloji istiqamətini təyin etməyə nail oldu. Onun oçerklər şəklində nəşr etdirdiyi «Siyasəti-fürusət» traktatı Firdovsinin «Şahnamə»si səviyyəsində dayana bilməkdən əlavə, həm də romantik teatrımızın ideoloji əsası, dövrün dramaturqları, yazarları üçün isə tarixi əsərlər yaratmaqda doğru yol göstərən, maraqlı mövzular sıralayan, zəngin tarixi faktlar toplusu kimi bu gün də xüsusi dəyəri olan bir mənbədir. Mərhum akademik Əziz Mirəhmədov Ə.Hüseynzadənin Azərbaycanda yaşayarkən «Hürriyyət»ə çağırış nidaları ilə dolu ədəbi-publisistik fəaliyyətini yüksək qiymətləndirərək yazmışdır: «Onun müraciət etdiyi publisistik janrlar da, bədii metod da, ifadə vasitələri də, üslublar da, çox müxtəlif və rəngarəng idi». Alim bu dahi şəxsiyyətin yazdığı şeirlərin, elmi, ədəbi-tənqidi, siyasi-publisistik, biblioqrafik məqalələrin, polemik yazıların, elmi-tarixi oçerklərin və digər əsərlərinin əsasən romantik üslubda yazıldığını göstərsə də, bu yaradıcılıqda onun «dövrün simvolizm, dekatentizm, impressionizm kimi dəbdə olan metod və üslublardan» da məharətlə istifadə etdiyini yada salmışdır. Yaradıcılığa başlayarkən «Hürriyyət»ə qovuşmaq uğrunda ideoloji mübarizə hərəkatına başladığını öz həyat amalı kimi ortaya qoyan Əli bəy Hüseynzadə eyni adlı məqaləsində yazırdı: «İnsanları bilfərqi din və məzhəb, bilfərqi qövm və millət, əfkar və amalın həvayi-nəsimində sərbəst nəfəs almağa müsaidə edən sənsən; sən yaşa, hürriyyət, yaşa! Buraxınız avazım çıxdığı qədər bağırayım: Yaşa, hürriyyət, yaşa!..» Onu hürriyyət yolunda mücadiləyə sövq edən bu güclü daxili qüvvə hələ Peterburq şəhərində, universitetdə təhsil aldığı illərdə baş qaldırmışdı. İçində yaranan milli intibah hissləri onun qələmə aldığı bütün əsərlərində diqqəti cəlb edirdi. O, 1926-cı ildə Azərbaycanda keçirilən Türkoloji qurultayda iştirak edən nümayəndələrin sırasında Bakıda olarkən «Bakinski raboçi» qəzetinin müxbirinə verdiyi müsahibəsində bu problemə münasibət bildirərkən demişdir: «İsgəndər onu hər yerdə qınayan el ağsaqqalı Diogenin yanına gəlib soruşur: «Məndən nə istəyirsən, de verim». Diogen o zaman çəlləkdə oturub çimirmiş. O, cavab verib deyir ki, «Günəşin qabağını tutma!» Dekadent mahiyyət daşıyan bu fəlsəfi fikrini Ə.Hüseynzadə söhbətində davam edərək jurnalistə başına gəlmiş bir hadisəni nağıl edir: «1887-ci ildə, mən Peterburqda tələbə olduğum zaman təbiyyatçı yoldaşlarımdan biri III Aleksandrın da günəşin qabağından öz xoşu ilə çəkilməyəcəyini görüb, onu silahla kənar etmək qərarına gəlmişdi ki, sui-qəsdi Leninin böyük qardaşı Saşa Ulyanov hazırladı. Ertəsi gün Kazanski Sobor yaxınlığındakı Kazanski küçəsinin 23 nömrəli evində olan dərnəyimizdə axtarış aparıldı və yoldaşlarımızdan Şuşalı texnoloq Aslan bəy Aslanovu həbs edib Petrapavlov qazamatına saldılar». «Petropavlovski qazamatına» salınan Şuşalı Aslan bəyin başına gələn faciə Əli bəyin inqilab hərəkatına qarşı fikirlərində önəmli dəyişikliyə səbəb olmuşdu. O, bu dəyişiklərin mahiyyətini bir qədər sonra, özünün dekadent üslubunda yazdığı «Qırmızı qaranlıqlar içində yaşıl işıqlar» adlı məqaləsində izah etmişdi. Məqalədə əvvəlcə məcazi məna daşıyan bu üslubun bizim xalqımızın qədim zamanlardan bəri sahib olduqları və mədəni-mənəvi yaradıcılıq keyfiyyətlərimizin tərkib hissəsi olaraq bu gün də dilimizdə xüsusi yeri olduğu bildirilir. «Üzü ağ», «qara gün», «üzü qara», «qırmızı yalan», «ağ yalan» və s. məcazi məna daşıyan ifadələrimizin bu gün Avropa ədəbiyyatında və incəsənətində xüsusi əhəmiyyət daşıdığı və bir müasir üslub kimi bu gün dəbdə olduğu bildirilir. Və o, bu məqaləsində «türkün dədə-babasından» qalan və Avropada böyük önəm daşıyan bu izmlərin əslində heç də, dilimizə, ədəbiyyatımıza yabançı olmadığını izah edirdi. Sonra isə o, əsl mətləbə keçərək rus inqilabını və qeyri millətlərin inqilabını öz millətinin inqilabı kimi qəbul etmədiyinin səbəblərini izah edir və türkün inqilabını «qırmızı qaranlıqlarda «yaşıl işığa» bənzədərək yazırdı: «Əsrimiz inqilab əsridir. Bəşəriyyət irəli getmək istəyir. Lakin irtica ilə üz-üzə gəlib mübarizə edir. Hər yan al qana boyanır. «Qırmızı qaranlıqlarda» biz də yolu çaşır, bəzən yaralanıb al qana bulaşırıq. Bu zaman ağlımız başımıza gəlir, özümüzə ayrı bir yol arayoruz». Əli bəy Hüseynzadə sözü gedən məqlədə «bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə də zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nur maarifi əkməkdir» - deyərək elmə, maarifə yiyələnən ziyalıları «yaşıl işıqlar» adlandırır və bu yolda onları öz bacardığını əsirgəməməyə çağırırdı. Türkün «günəşinin qarşısını» kəsən «qaranlıq» qüvvələrə qarşı ideoloji mübarizəyə qalxıb «yaşıl işıqların» gur yanması yolunda mücadilə aparan Əli bəy M.Ə.Sabir, A.Səhhət, A.Şaiq, C.Məmmədquluzadə, M.Hadi, Abdulla Sur, Ə.Cavad, S.Mümtaz, M.Müşfiq, H.Cavid, C.Cabbarlı, H.Ərəblinski, M.Hacınski, C.Zeynalov kimi ədib və teatr xadimlərinin və digər ziyalı insanların şəxsində milli mədəniyyətimizdə yetərincə güclü görünən «yaşıl işıqlar» yandıra bildi. Təbii ki, belə bir güclü ideoloji mühitdə M.Ə.Rəsulzadələrin də bir ictimai xadim kimi yetişməsi labüd idi. Çünki bu yeni yaradılan ideya-ictimai və mənəvi-fəlsəfi mühitin nəticəsi mədəni inqilaba gətirib çıxaracaqdı. Bu proses 1918-ci ildə Şərqdə ilk dəfə olaraq demokratik bir dövlətin yaranmasına gətirib çıxardı. Elə bu mənada yuxarıda qeyd etdiyimiz verilişdə iştirak edən professor Şamil Vəliyevin dediyi «Məmməd Əmin Rəsulzadə də Əli bəy Hüseynzadənin şinelindən çıxmışdır» - fikri tam mənada yerində görünür. Bu ifadəyə etiraz etmək mümkün deyildir. Bu bir həqiqətdir ki, bu gün artıq öz yerini tam şəkildə tapmalıdır. Əli bəy Hüseynzadənin milli mədəniyyətimizdə oynadığı əvəzsiz rolunu professor Yaşar Qarayev yüksək dəyərləndirərək yazırdı: «Əli bəyin Sabirdən, Mirzə Cəlildən fərqi ondaydı ki, o, diqqətə çəkmək istədiyi hər hansı bir problemə islam birliyi, türk bütövlüyü, məsuliyyət və cavabdehlik şüuru, milli mentalitet miqyasında yanaşırdı». Ə.Hüseynzadə XX əsrin əvvəllərində milləti arxasınca apara bilən güclü bir ziyalı dəstəsi formalaşdıra bilmişdi. Cəmiyyətin mənəvi inkişafı ədəbiyyat, teatr, incəsənətin inkişafı üzərində boy atır. Mənəvi inkişaf prosesində Aristotel, Platon, Sokrat, Jan Jak Russo, Belinski, L.Tolstoy kimi Əli bəy də «sənətdə həqiqət uğrunda mübarizə» - fikrini əsas meyar kimi qəbul edir və bu sınanmış kultun millətinin cəhalətdən xilas yolu olacağını əsas götürürdü. Ə.Hüseynzadənin «şəxsiyyət yetişdirməkdə əvəzsiz müəllim» olduğunu böyük yazıçımız Abdulla Şaiq də yüksək dəyərləndirmişdir. «Əli bəyin ədəbi, ictimai fəaliyyəti gəncliyə böyük təsir göstərirdi. O, şeir və sənətin nə olduğunu gəncliyə anladırdı. Əskidən bəri ruhunun yeganə munisi olan Alman şairi Hötenin «Faust»undan parçalar tərcümə edərək, «İblis» mövzusu ilə gəncliyi maraqlandırdı. Xüsusən, o vaxta qədər bir beyt belə yazmamış Hadini dilləndirdi» - deyərkən A.Şaiq Azərbaycan ədəbiyyatında Əli bəyin böyük bir ədəbi intibah mühiti yaratdığını diqqətə çatdırmışdır. Dahi yunan filosofu Platon Homerin «İliada» və «Odeseya» əsərlərinə yüksək qiymət verərək onların haqqında demişdir: «Bu iki əsəri ilə Homer bütün Yunanıstanı tərbiyə etmişdir». Çox dəyərli bir ifadədir. Biz də çox böyük bir fəxrlə deyə bilərik ki, Əli bəy Hüseynzadənin Azərbaycandakı ədəbi-fəlsəfi və publisistik fəaliyyəti çox böyük bir ziyalı təbəqəsini sırf milli-mənəvi dəyərlərə hörmət baxımından «tərbiyələndirmişdir» ki, bu gün də onlar öz əməlləri ilə bizim millətimizə nümunədirlər. Onun «Siyasəti-fürusət» ədəbi- fəlsəfi traktatı türkün çox dəyərli tarix salnaməsidir. Professor Yaşar Qarayev «Siyasəti-fürusət» əsərini Əli bəyin yaradıcılığının zirvəsi adlandırmış, əsəri ümumilikdə türkün güvənc yeri, yaddaş kitabı kimi qiymətləndirərək yazmışdır: «Əsərdə türkün və türklüyün dastanı həm tarixi, həm də coğrafi qaynaq və kökləri ilə, necə var, elə də verilir». Alim Əli bəyin əsərlərində türklük haqqında məlumatların «övlad və nəvə türklərə təhrifsiz, zədəsiz çatdırıldığını» qeyd edir və onların bu mənada dəyərini «Turan» (Ana yurd), «Atilla» (Ata dil) dastanları qədər qiymətli və həmişəyaşar» olduğunu qeyd edirdi. Türk alimi doktor, professor Əli Heydər Bayatın Əli bəy Hüseynzadə haqqında yazdığı (1992-ci ildə) «Azərbaycanın igid evladı Əli bəy Hüseynzadə» - adlı tədqiqat əsərini mənə İstanbuldan hədiyyə olaraq gətirən həmkarım Mübariz Süleymanlıya hədsiz minnətdaram. Bəlkə də mənim Əli bəy Hüseynzadə irsinə bu qədər dərindən nüfuz etməyimə, onun milli teatrımızın inkişafında oynadığı rolu diqqətlə araşdırmağıma səbəb elə bu kitab səbəb olmuşdur. Nəticədə, kitabın bu dahi şəxsiyyətin milli teatrımızın inkişafında, Cavid və Cabbarlı kimi məşhur dramaturqlarımızın yetişməsində oynadığı əvəzsiz rolu üzə çıxarmaq, bir sözlə, hələ də milli teatrşünaslığımızda ideya-estetik baxımdan kökü yetərincə araşdırılmayan bir məqamın, «Milli romantik teatrı»mızın qaynaqlandığı əsas mənbələrin üzə çıxarılmasında mənə istiqamət verdiyini söyləsəm səhv etmərəm. Çünki bu kitabın izi ilə mən Ə.Hüseynzadənin Azərbaycanda çap olunan əsərlərinin mahiyyətinə nüfuz edə bildim. Əsas məsələ isə o idi ki, Əli bəyin mədəniyyətimizin inkişafında göstərdiyi xidmətləri yetərincə dərk edə bilim. Kitabda diqqətimi cəlb edən bir məqamı burada diqqətə çəkmək istəyirəm. Əli Heydər Bayat yazırdı: «Azərbaycanda türkçülük hərəkatını başladan və ona ideoloji cəhətdən rəhbərlik edən bu böyük elm, fikir və sənət Adamı haqqında bu günümüzə qədər bir əsər belə yazılmamışdır. İştə biz Azərbaycanda bulunduğu zamanlarda yazdıqlarını Azərbaycanlı elm adamlarına həvalə edək. Türkiyədə yazdıqlarını üzə çıxarıb bu günün gənc türklərinə onu tanıtmaq bizim borcumuzdur» - deyərək alim Əli Heydər Bayat bildirirdi ki, Türkiyədə yazdığı əsərlərini toplamağa başlamışdır. Və bu irsi «böyüməkdə olan gənc türklərə yetərincə tanıtmaq istəməsi onu bu işi görməyə sövq etmişdir. Alim gördüyü xeyirxah işin dəyərini izah edərək bildirirdi ki: «…ona sayğı duymaqdan başqa, hayranı olduğumuz professor, doktor, qəzetçi, rəssam, şair, mütərcim, ideoloq, humanist, hər şey, hər şey… olan bu böyük Türkü imkanımız ölçüsündə tanıtdırmağa çalışacağız». Bu cümlələr doğrusu mənə çox ağır gəldi. Fikirləşdim ki, bəs bizim vəzifəmiz nədən ibarət olmalıdır? Onun yardıcılığını xüsusi bir vurğunluqla izləyərkən professor Əli Heydər Bayatın yuxarıda qoyduğu üç nöqtənin birini «böyük teatrşünas» sözü ilə əvəz etmək mənə nəsib oldu. «Azərbaycan teatrında romantizm» adlı namizədlik dissertasiyası ilə Əli bəyin milli teatrımızın inkişafında oynadığı müstəsna rolunu araşdırıb, ortaya qoymaq qisməti mənim payıma düşdü. Onun teatr sənətimizə gətirdiyi romantik üslubun ideya-estetik cəhətdən əsaslandırılması məqamlarına diqqət yetirdim. Beləliklə də tədqiqat işi monoqrafiya şəklində çap edilib yayıldı. İşin müzakirələrində iştirak edən alimlərin xeyir-duası ilə bir kitab da, yazılıb Əli bəyə həsr edildi. Çox yəqin ki, qalan nöqtələr də Azərbaycan elmində araşdırılıb başqa adlarla əvəzlənəcəkdir. Çünki sağlığında «dahi» adı qazanmış bu fenomen şəxsiyyətin bilmədiyi elm sahəsi olmamışdır - desək yanılmarıq. Vətənində uzun müddət adı yasaq edilən Əli bəyin yetərincə tanınmamasında sovet hakimiyyətinin «rolu» hamıya məlumdur. Təbii ki, professor Yaşar Qarayevin təbirincə desək, «sələfini yeyənlər» Əli bəyi gözümüzdən salaraq onun «millətçi və mürtəce» bir siyasət yürütdüyünü ardıcıl olaraq elan etmiş və bu dahi şəxsiyyəti öz «millətinin qatı düşməni» kimi bizə tanıtmışdılar. Lakin bütün aparılan əks təbliğata baxmayaraq Əli bəy Hüseynzadənin ideyaları ürəklərdə, könüllərdə yaşayır, güclü bir su çeşməsi kimi «yerin üst qatlarına fantan vurub çıxmağa» məqam arayırdı. «Millətin qəhrəmanını öz xalqına unutduran və onun yerinə əsl xainləri qəhrəman kimi qəbul etdirən, onları xalqın nəzərində ucaldıb küçə və meydanlarda heykəllərini yapdıran imperiya siyasəti üstümüzə sərdiyi dəmir pərdəsini daha ortadan götürdü» - deyən professor, doktor Turan Yazqan Əli bəyi bütün türk dünyasının «Dədə Qorqudu» adlandırmışdır. O, bir türk alimi olaraq bu dahi şəxsiyyətin türklük uğrunda apardığı mübarizəsini yüksək qiymətləndirərək yazmışdır: «Hüseynzadə Əli bəy Turan, doğulduğu, yaşadığı, çalışdığı yerlərə baxmayaraq bütün türk dünyasının bir mücahididir». Türkün böyük oğlu Ə.Hüseynzadə 70 il bizə unutdurulsa da, əslində onu qədirbilən ziyalılarımız və xalqımız unuda bilmədi… Hələ 70-ci illərdə milli müstəqilliyimizə kiçik bir işıq şüasının düşdüyünü duyan ziyalılar sırasında Rəfiq Zəka kimi «yaşıl işıqlar» yenidən bu unudulmuş dahini yada salmaq istədilər. Mərhum Cəfər Xəndan kimi görkəmli bir alimin ailəsində böyüyən Rəfiq Zəkanın Əli bəy Hüseynzadəyə bəslədiyi səmimi hisslər çox təbii idi. O, «Unudulmuş dahi» şeirini və eyni adlı əsəri yazıb həm Bakıda, həm də İstanbulda çap etdirərək fikir dünyamıza bu dahi ideoloqun qayıdışının ilk müjdəçisi oldu. Ə.Hüseynzadənin ideyaları artıq dövr üçün önəmli mahiyyət daşıyırdı. Azadlıq günəşimizin qarşısını kəsənlərə «çəkil» deyən «Dioqen»lərimizin ideoloji cəhətdən silahlanması üçün «unudulmuş dahi» vətəninə cismən qayıda bilməsə də, ruhən qayıtmalıydı… «Unudulmuş dahi» şeirində müəllif Əli bəy Hüseynzadəni öz dövrünün ideya aləminin Ustadı olaraq belə təqdim edirdi: «Ey ruhumun ülküylə yanan ülkəri Ustad, Ey türkçü könüldaşlarımın öndəri Ustad. Türk birliyi uğrunda günəş zehnini yordun. Türk irqinin eşqiylə ucaldıqca deyirdin; «Ehvay ki, dünyaları fikrim dolaşırkən, Təqibə nə at var, nə kanat var, nə də yelkən. Ustad Əli bəydin, Hüseyn bəy soy adındır, Turan əməlindir, sənə layiq soyadındır. Eşqin duyulur dalğalanan bayrağımızdan, Alqış sənə Türk ülgülü Türk növrağımızdan. Ustadı sən oldun O Ziya puri Kökalpın, Türk məşəli üstündə alovlanmada qəlbin Sabir səni, Hadi səni Ustadı bilirdi, Cavid səni, Müşfiq səni imdadı bilirdi. Çağdaşlarının ən böyük ustadı sən oldun, Türk taclıların yanğılı fəryadı sən oldun. Tofiq səni, Sahir səni Ustadı bilirdi, Fikrət kimi şair səni Ustadı bilirdi. Təzimlə öpürdü əlini Məhməd Əmin bəy, Qaldırdı görə məşəlini Məhməd Əmin bəy. Türk millətinin tənyeri olmuşdu həyatın, Türk qeyrəti olmuşdu «Həyat»ın, «Füyuzat»ın. Türk köklü idin, varlığı türk, mənliyi türkdün, Eşqinlə, inancınla, güvəncinlə böyükdün. Türklük əbədidir, əbədi sən də yaşarsan, Türk irqinin eşqiylə əsrlərdən aşarsan. Ey türk günəşi, türkçülüyün zümcəsi dahi, Ey ruhu uca, fikri dərin, eşqi ilahi. Bərrak əməlin Türklər üçün sönməz ocaqdır, Bir gün gələcək ki, səni hər türk duyacaqdır. Heyhat, unutmuşsa da dövran səni, Ustad Bir gün basacaq bağrına Turan səni, Ustad!..» Bu şeirində Rəfiq Zəka əminliklə onun ideyalarının yenidən gerçəkləşəcəyi gününün çox yaxınu böyük dahini unutdusa da, tarix unutmadı… Onu yenidən bir ustad, Qorqud dədə timsalında türkün, türkçülüyün inanc yeri, azadlıq və hürriyyət uğrunda mücadiləyə qalxan ziyalılarımızın güvənc yeri kimi üzə çıxartdı. Dahi ideoloq cismən Vətəninə həsrət qalsa da, ruhən həmişə xalqı ilə, milləti ilə bir olmuşdu. O, yazdığı əsərləri ilə özünə elə bir möhtəşəm abidə qoyub getmişdir ki, onun yaradıcılığını dərindən dərk etmədən romantiklərin, o cümlədən Hüseyn Cavid və Cəfər Cabbarlı dramaturgiyasının əsl mahiyyətini izah etmək mümkün deyildir. Ə.Hüseynzadənin yolunu davam etdirən bu iki dramaturqun da əsərlərində «şərti» fikirlərə xüsusi diqqət gətirmək lazımdır ki, təhlil prosesində yalnış nəticə çıxarılmasın. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı