Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

Əlisəftər Hüseynov

Şeir obrazlarından ekran obrazlarına

09.06.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Əlisəftər Hüseynov

Əlisəftər Hüseynov      Şeir mətnlərinin, xüsusilə lirik poeziyanın ekran obrazlarının tapılması – kino və poeziyanın arasındakı əlaqələrin aktual aspektlərindən biri kimi nəzəri fikri həmişə məşğul etmiş, bu barədə çeşidli fikirlər söylənmişdir.
     Hələ 1925-ci ildə fransız kino nəzəriyyəçisi Lionel Landi "Hissiyatın formalaşması" məqaləsində söz sənəti ilə kino sənəti arasındakı fərqlər barəsində yazırdı: "Bu iki sənət arasındakı əsas fərq ondadır ki, kitab (oxu: söz sənəti – Ə.H.) zahiri və daxili dünyanı aydın şüur terminləri ilə – birincini bizə xəyala gətirmək, ikincini isə təsəvvür etmək imkanı verərək təsvir edir. Kinoda isə məsələ başqa cürdür: zahiri aləm göstərilir, daxili aləm isə yalnız məkani, xarakter daşıyan təzahürlərdə deyilir. Kinonun digər qüsuru sözə nisbətən təsvirin mənimsənilməsindəki lənglikdir. "Qış" sözü yarım saniyədə qavranılır, uyğun təsvirin mənimsənilməsi üçün 5–6 saniyə tələb olunur. Məhz buna görə də bir sıra poetik səhnələrin ritmindəki kaleydoskopik sürəti ekranda almaq mümkün deyil" (1,223).
     Lindi sonra A.Rembonun "Sərxoş gəmi" şeirinin sonluğunu misal gətirir:

Ну а если Европа, то пусть она будет,
Как озябшая лужа, грязна и мелка,
Пусть на карточках грустный мальчишка закурит
Свой бумажный кораблик с крылом мотылька.
Надоело мне зыбь этой медленной влаги.
Паруса караванов, бездомные дни,
Надоели торговые чванные флаги
И на которожных страшных понтонах - огни.

    Və sonra yazır: "Misraların oxunmasına təxminən 25 saniyə vaxt tələb olunur. Lakin bu qədər vaxt ərzində ekranda obrazların bu cür əvəzlənməsini necə göstərmək olar?" (1,223).
     Səssiz kinoya münasibətdə söylənmiş bu fikirlərdə təsvirin mənimsənilməsindəki ləngiliyi kinonun qüsuru kimi qələmə vermək, bizcə, düzgün deyil. Çünki müəllifin irəli sürdüyü tezisə qarşı eyni müvəffəqiyyətlə əks-tezis irəli sürmək olar. Axı bir neçə saniyəlik kadrdakı informasiyanı sözə çevirmək üçün bəzən bir neçə səhifə yazmaq lazım gəlir. İkinci bir tərəfdən, 25 saniyə yuxarıda verdiyimiz mətni oxumaq üçün lazım olan vaxtdır, qavramaq üçün yox. İnsanın 2 – 3 saniyə ərzində oxuduğu şeir misralarını qavramasına bəzən bundan 2 – 3 dəfə artıq vaxt lazım gəlir.
     Zahiri və daxili dünyaların poeziyada və kinoda əks olunması ilə bağlı Landinin söylədiyi fikirlərlə isə razılaşmamaq mümkün deyil. Doğrudan da biz sözlə yaradılmış obrazları ya xəyala gətirmək, yaxud təsəvvür etmək yolu ilə mənimsəyirik. Kinoda zahiri aləm – obyektiv reallıq bizim gözlərimiz qarşısında maddi varlıq, substansiya kimi təzahür edir, qeyri-maddi aləm isə - söz məkanında olduğu kimi təsəvvür edilmir; o ya ekranda elə sözlə ifadə olunmalı, ya da onun təsvir ekvivalent yaradılmalıdır.
     Rus tədqiqatçısı İ.Sepman haqlı olaraq yazır ki, "başlanğıc materialına görə incəsənətin kinematoqrafiya və lirik poeziya qədər əks mövqelərdə dayanan növlərini tapmaq çətindir" (2,96), çünki "kinonun predmeti reallıq formasında mövcud olan reallıqdırsa, lirik poeziyanın predmeti həyəcanlar, maddi olmayan, gözlə bilavasitə görülməyən substansiyadır " (2,27).
     Deməli, lirik şeiri ekran materialının çevirmək – əslində maddi olmayanı, gözlə görülməyəni reallıq formasına salmaq deməkdir. Lakin burada maddi olmayan anlayışının hüdudlarını dəqiq müəyyən etmək lazımdır. Çünki kino öz inkişafı boyu maddi olmayan bir sıra substansiyaların mənimsənilməsində böyük nailiyyətlər qazanmış, təkcə maddi yox, daxili, ruhi aləmin ekran obrazlarının yaradılmasının da mümkünlüyünü sübut etmişdir. Bir vaxtlar kino üçün əlçatmaz olan ruhi proseslərin – xatirələrin, yuxuların, subyektiv düşüncə axarının vizual ifadəsi müasir kinoya yad deyil.
     Lakin kinoda qeyri-adi, irreal aləm də reallıq formasında təzahür edir, çünki kinonun materialı – vizual biçimə salınan, plyonka üzərində qeydə alınan reallıqdır. Deməli, kinoda hər şey reallıq illüziyası qazanır. Lirik poeziyanın materialı isə sözdür. Sözlə təsvir arasındakı fərqlərdən biri isə məhz budur ki, "söz həm də mahiyyətcə təsviri qaydada sürəti yaradıla bilməyən, ekranın gözlə görülə bilən vasitələri üçün əlçatmaz olan şeyləri ifadə edə və ötürə bilər" (3,58).
     Poetik mətndəki sözün təsvir imkanları ilə bağlı görkəmli söz ustaları tərəfindən çeşidli fikirlər söylənilmişdir. Məsələn N.Nekrasova görə, sözün təsvir edə bilmədiyi heç nə yoxdur (4, 58). M.Svetayevaya görə isə sözlə hətta çalınmamış musiqini eşitmək, çəkilməmiş şəkli görmək olar (4, 66).
     Unutmamalıyıq ki, sözün təsvir imkanları görümlü və görümsüz təsəvvürlərin sözlə ifadəsindən başqa bir şey deyil. Sözün yaratdığı obyekti biz ancaq təsəvvürümüzdə görə, ifadə etdiyi mücərrəd mənanı isə yalnız qavraya, qəbul edə bilərik. Kino təsviri isə bizimlə gözlərimiz önündəki görümlü predmetlərin dili ilə "danışır". Odur ki, poetik informasiyanın vizual əvəzliyicisinin axtarışında son məqsəd – təsəvvür olunan və olunmayanların reallığa çevrilməsidir. Fikrimizi bir qədər də dəqiqləşdirək və konkretləşdirək: lirik poeziyanın ekran bərabərliyini yaratmaq üçün lirikanın predmetini (əsasən maddi olmayan, gözə görünməyən substansiyanı) kinonun predmetinə ("reallıq formasında mövcud olan reallığa") çevirmək lazımdır.
     Bu, həmişə mümkündürmü?
     Suala müxtəlif cavablar verilib. Məsələn, İ.Sepman yuxarıda adı çəkilən məqaləsində V.Kojinovun "lirikanın məzmunu (eposla müqayisədə) ritmik – səs materiyası da daxil olmaqla sözlə, onun bütövlüyü ilə sıx, ayrılmaz vəhdətdədir" fikrinə istinad edərək belə nəticəyə gəlir ki, "bu cür sıx vəhdətdə poetik söz praktiki olaraq kinematoqrafik sıraya çevrilə bilmir", (2,97).
     Bu fikir başqa bir mötəbər mənbədə belə ifadə olunur ki, "konkret bir növdən olan əsərin məzmununu başqa növdən olan əsərə xas vasitələrlə ifadə etdikdə estetik informasiyanı çevirmək mümkün olmur. Ona görə ki, məzmunu yeni vasitələrlə ifadə etmək prosesində istər-istəməz bu məzmunun özünə yeni keyfiyyətlər əlavə olunur" (4,164-165).
     Sanki dövrə qapanır, qəti hökm verilir. Lakin gəlin başqa bir fikri də dinləyək: "Poeziyanın ekran ekvivalentinin axtarışları yeni təsvir ölçüsündə yerləşən ifadə vasitələri tələb edir. Və bu vasitələr rejissor tərəfindən çevrilmənin birbaşa əyaniliyində, təqliddə yox, təəssüratın obrazlı-psixoloji uyğunluğunda, eyniliyində axtarılır. Sözlə görmə, yaxud metafora bilavasitə təsviri düşüncənin dilinə və məntiqinə çevrilə bilmir. Ayrı-ayrı hallarda tapılan ekvivalentlik, yəni sözlə görmə obrazını yeni, lakin özgə vasitələrlə təkrar etmək imkanı həmin obrazı ilkin mənbəyə xas olan çoxcəhətli təkrarsızlıqdan məhrum edir" (4,171)
     Göründüyü kimi, bu fikir də ümumi istiqamət baxımından analoji təsir bağışlayır. Lakin tədqiqatçı opponentlərindən fərqli olaraq çevrilmənin tam mümkünsüzlüyündə israr etmir, onun estetik səciyyəsini verir, hətta ayrı-ayrı hallarda ekvivalentliyin tapılmasını mümkün sayır.
     Aydın məsələdir ki, nəzəri fikirdə lirik poeziya kimi ümumi anlayışın və ona xas olan universal estetik keyfiyyətlərin mövcudluğu təfəkkürün bu tipində fərdi başlanğıcın, üslub rəngarəngliyinin, poetik obrazlar sisteminin özünəməxsusluğunun rolunu inkar etmir. Söz ustalarının "poeziya nədir" sualına cavablarının heç də həmişə üst-üstə düşməməsi öz-özlüyündə çox şey deyir. Söhbət əsl poeziyadan gedirsə, duyumu, dili, üslubu, obrazlar sistemi ilə bir-birini təkrar etməyən söz ustalarının yaradıcılığından da istənilən qədər misallar gətirmək olar. Bu mənada "çevrilmənin xarakterini şərtləndirən amillərdən biri də üslubi keyfiyyətdir" – desək, səhv etmərik.
     Aşağıda şeir parçalarını poetik obrazların vizuallaşdırılması baxımından müqayisə edək:

     Yağış yağır, rəqs eləyir gur damcılar,
     Sıra-sıra, inci-inci nur damcılar.
     Göydə iki qara bulud çatılaraq.
     İldırımlar şaqqıldayır şaraq-şaraq.
     Quşlar uçur yuvasına fırıl-fırıl,
     Şırıldayır navalçalar şırıl-şırıl.
     Çaxnaşmada göy üzündə ildırımlar,
     Bir-birinə dəydi, baxın, qaldırımlar.
     Döngələrdə qaçana bax, durana bax,
     Qaldırımda o balaca oğlana bax. (Mikayıl Müşfiq)

     Sənə yağış göndərəcəm
     Axşam saat doqquzda.
     Saçına bir gül taxıb
     Çıxıb gözlə doqqazda.

     Unut umu-küsüləri,
     Ağlaya bilsən, ağla.
     O yağışdan bir damla
     Götür yadigar saxla.

     Əgər ağlaya bilməsən,
     Yağış duası oxu.
     Heç nə gəlməsə ağlına,
     Yağışdan bir xalı toxu. (Adil Mirseyid)

     Hər iki şeir mətnində poetik düşüncənin mərkəzində dayanan obraz – yağış obrazıdır. Birinci nümunədə yağışlı günün konkret mənzərəsi – peyzaj lövhəsi təsvir olunur. Lirik "mən" sanki pəncərə qarşısında dayanıb yağış yağarkən gördüklərini sözlə rəsm edir və gördükləri onun duyğularında əlavə heç bir assosiasiya doğurmur. Onun gördüyü və təsvir etdiyi detallar o qədər konkret, o qədər şəffaf, o qədər realdır ki, bu detalları mətnin özündən gələn plan və rakurslarla ekranda asanlıqla canlandırmaq olar.
     İkinci nümunədə ifadə olunan məzmunu isə ekranda maddi tərzdə qeydə almaq mümkün deyil. Məsələ burasındadır ki, birinci nümunədə informasiya semantik, burada isə estetik səciyyə daşıyır. Birinci nümunədə məzmun sözlərin semantik mənası ilə birbaşa bağlıdır və nitq bu mənaların zəncirvari həlqəsi kimi başa düşülür. İkinci nümunədə isə informasiya mətnin görünməyən qatında – sözlərin ilkin semantik məzmunundan uzaq sahədə formalaşır. Estetik informasiya - duyulan, hiss olunan, lakin vizual qaydada kodlaşdırıla bilməyən informasiyadır.

     Yuxumda bir ömür gördüm
     pozulmamışdı.
     Yuxumda bir yol gördüm
     azılmamışdı.
     Yuxumda bir şeir gördüm
     yazılmamışdı.
     Yuxumda bir məzar gördüm
     qazılmamışdı. (Vaqif Səmədoğlu)

     Lirik qəhrəmanın gördüyü yuxunun sözlə təsviri olan bu mətnin tək saylı misraları (birinci misranı çıxmaq şərtilə) ekran obrazına çevrilmə imkanları baxımından son dərəcə şəffafdır. Yuxuda görülən yolu, şeiri, məzarı ekranda əks etdirmək müasir ekran dilinin imkanları daxilindədir. Lakin cüt saylı misralara gəldikdə vəziyyət dəyişir və məlum olur ki, bütövlükdə şeirin predmetini təsvir materialına çevirmək mümkün deyil. Ekranda yol anlayışının işarəsini yaratmaq nə qədər asandırsa, "azılmamış yolun" təsvirini vermək bir o qədər çətindir. Eləcə də, "yazılmamış şeir", "pozulmamış ömür", "qazılmamış məzar" obrazlarını vizual gerçəkliyə çevirmək müşkül məsələdir. Təkcə ona görə yox ki, bu obrazlar assosiativ düşüncə axınının məhsuludur. Ən başlıcası ona görə ki, onların ifadə etdikləri predmetlər, anlayışlar özləri təsəvvürdə canlandırıla bilmədiklərinə görə yox dərəcəsindədir, daha da dəqiqləşdirsək şeirdəki təyinedici sözlər referenti olmayan boş sözlərdir. Qazılmamış qəbri, yaşanmamış ömrü heç cür təsəvvür etmək olmur. Ona görə də təəssüratın obrazlı adekvatı tapılmalıdır.

     Başqa bir nümunə:
     Qumlu sahilin üstüylə
     isti sürünür,
     Heysiz dənizin köksündə
     qayıq görünür.
     Bir cansız yelkən sallanıb
     dor ağacından,
     elə bil külək asılıb
     dar ağacından... (Vaqif Səmədoğlu )

     Bu şeirin obrazları görünən və görünməyən təsəvvürlərin sintezindən yaranıb. Heysiz dənizin qoynunda qayığın görünməsi, dor ağacından cansız yelkənin sallanması nəinki görünən təsəvvürlərdir, onları maddi mövcudluq faktına – təsvirə çevirmək də mümkündür. Qumlu sahilin üstü ilə istinin sürünməsi, küləyin dar ağacından asılması isə assosiativ duyğuların məhsuludur. İstilik kimi mücərrəd, qeyri-maddi substansiyanı qumun üstü ilə süründürməklə, dor ağacından sallanan yelkənlə dar ağacından asılmış külək arasındakı assosiativ bağlılığı qabartmaqla küləksiz, isti, bürkü bir yay gününün obrazı yaradılır, poetik fikir qəfil, özünəməxsus metafora ilə çatdırılır.
     Əlbəttə, bu şeirin verdiyi görünən təsəvvürləri ekran təsvirinə çevirib küləksiz, isti yay günündə dəniz mənzərəsi yaratmaq olar. Lakin dor ağacından sallanan, tərpənməyən yelkəni ölmüş küləyin obrazına çevirmək ekran üçün o qədər də asan deyil. Daha doğrusu, tərpənməyən yelkənin ekranda da dar ağacından asılmış küləyin rəmzinə çevriləcəyi, faktın tamaşaçı tərəfindən bu sayaq qavranılacağı şübhə altındadır. Halbuki şeirdə fikrin istiqaməti məhz bu obraza doğru gedir, şeir sanki bu obrazı tapmaq üçün yazılıb və şeirdəki yenilik də məhz bu obrazdadır.
     Biz istənilən lirik şeir parçasını görünən və görünməyən təsəvvürlər prinsipi ilə analiz edib mətnin görünən və görünməyən hissələrini ayıra bilərik. Həmin şeirin məzmununu vizual biçimə salanda isə təbii ki, görünən təsəvvürlərə – maddiləşə bilən, maddi halda təsəvvür olunan elementlərə istinad edəcəyik. Lakin şeirin mətni təkcə bu elementlərdən ibarət olmadığına görə yaradılan təsvir məzmun planında yarımçıq təsir bağışlayacaq. Bir çox hallarda isə əlaqəsiz detallar, predmetlər yığnağına çevriləcək.
     Ekranda da şeirdəki kimi real predmetlərə münasibətin xarakterindən asılı olaraq müxtəlif mənalar almaq olar. Məsələn, deyək ki, çəkildiyi rakursdan, calandığı kadrların xarakterindən asılı olaraq dəniz həm rahatlığın, könül xoşluğunun, həm sonsuzluğun, hüdudsuzluğun, həm də ölümün, insanı udan kabusun rəmzinə çevrilə bilər. Lakin kinoda əlavə mənalar almağın hüdudları şeirdəki kimi geniş deyil. Lirik şeirdə dənizi "ağlatmaq", yaxud "güldürmək" heç bir çətinlik törətmir, kinoda isə bu effekti almaq bəlkə də mümkün deyil.
     Biz yuxarıda qeyd etdik ki, lirik poeziyanın ifadə materialı söz, kinoda isə gerçəkliyi əks etdirən lentdir. Lirik poeziyanın ekranlaşdırılmasında əsas problem də, bizcə, görünməyən təsəvvürlərin ifadə planlarının prinsipial forma fərqlərindədir. Lirik şeirdə görünməyən, təsəvvür edilməyən, lakin duyulan, qavranılan keyfiyyətlər sözdə ifadə olunursa, kinoda bunları təsvirə – kinonun materialına çevirmək olmur. Epik əsərlərdən fərqli olaraq lirik şeir kitablarını illüstrasiyasız çap etmək təcrübəsi də, bizcə, bununla bağlıdır. İllüstrasiyanı məzmunun əyanilik vasitəsi kimi qəbul etsək, lirik şeirlərin məzmununu görmə predmetinə çevirib onu görünən fakt (təsvir) kimi reallaşdırmaq ona görə çətindir ki, şeirdə sözlərin varlığı ilə şərtlənən görünməyən təsəvvürlərin kağız üzərində şəkil, təsvir ekvivalenti yoxdur. Doğrudur, bəzi hallarda şeir toplularında da illüstrasiyalar verilir. Lakin bu illüstrasiyalar təsvirə gələn predmetlər üzərində qurulur, onlarda istifadə olunan obrazlar daha çox ümumi xarakter daşıyır.
     Bu baxımdan filmlərə çəkilən afişa-plakatlarla şeirlərə çəkilmiş illüstrasiyalar arasında müqayisə aparmaq yerinə düşür. Məlumdur ki, belə plakatların çoxunda filmdən ayrı-ayrı kadrların foto-reproduksiyaları yox, bilavasitə rəssam təxəyyülünün məhsulu olan kompozisiyalar təsvir olunur. Belə plakatlarda təsvirini tapan epizod əslində filmin görünən dünyasına münasibətdə rəssamın gəldiyi qənaətlərə əsasən qurulur, yəni bir növ filmdə təsvir şəklində mövcud olmayan, lakin filmin mətnindən doğan təəssüratlar əks etdirilir: müxtəlif personajlar arasındakı münasibətləri ifadə etmək üçün rəssam onları konkret zaman-məkan koordinatlarında görüşdürür.
     Təcrübə göstərir ki, şeirin hansısa bir misrasını (yaxud parçasını) götürüb onun sözbəsöz vizual bərabərliyini vermək cəhdi uğursuzluqla nəticələnir. Nəsiminin 600 illiyinin qeyd olunduğu vaxt "Azərbaycan" jurnalının nömrələrindən birinin üz qabığında şairin "Məndə sığar iki cahan..." qəzəlinə illüstrasiya kimi çəkilmiş bir şəkilin reproduksiyası verilmişdi. Şəkildə şair kəhkəşanlar fonunda – ulduzların, planetlərin əhatəsində təsvir olunmuşdu. Bu şəkil poetik mətnin məzmununu görünən təsəvvürlərə istinadən uğursuz formada vizuallaşdırmaq cəhdinə yaxşı misaldır. Rəssam şairin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam, gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam" misralarındakı informasiyanı ayrı materialla – rəsm elementləri ilə ifadə edərkən sözlərin semantik mənalarını əsas götürmüş, onu cahana sığmayan məkansız subyekt kimi məkansız bir mühitdə – səmada, göy cisimlərinin fonunda vermişdi. Doğrudur, kompozisiya insanı ağlının dərinliyinə, ümumiyyətlə, kamalı ilə dünyanın harmoniyasını tamamlamağına görə bir planet kimi obrazlaşdırmaq funksiyasını da yerinə yetirir. Lakin məsələ burasındadır ki, onu "ənəlhəqq" ideyasının ifadəsi kimi də qavramaq olar (Yəni insan harmoniyanı yaradan başlanğıc, onu tənzimləyən subyektdir). Kompozisiya məhz bu kontekstdə daha çox uduzur, çünki görünməyəni, görünə bilməyəni, zorla göründürmək cəhdinin ifadəsinə çevrilir.
     Tədqiqatçı N.Dmitriyeva təsvir və söz arasındakı əlaqələrdən danışarkən qeyd edir ki, metaforaları və onların fiqurlarını təsviri qaydada canlandırmaq cəhdlərinə modernist simvolistlərin əsərlərində rast gəlinir və özünün əcaib zövqsüzlüyü ilə adamı heyrətə gətirir. Sonra o, Münhen modernistlərindən birinin çəkdiyi əsəri misal gətirir. Həmin şəkildə Homerin "adamlar yarpaqlar kimi tökülürdülər" metaforası necə təsvir olunsa yaxşıdır? Çılpaq kişi və qadınlar ağacın budaqlarından sallanıblar və bir-bir yarpaq kimi yerə tökülürlər. N.Dmitriyeva sonra yazır: "Rəssamın ağacları və insan bədənlərini çəkərkən istinad etdiyi təbii "naturallıq" əsərin antitəbiiliyini və antibədiiliyini daha da artırır. Halbuki bu metafora ədəbi obraz kimi həm bədii, həm də gözəldir" (5,65-66).
     Biz nəinki modernist simvolistlərin, digər cərəyanların nümayəndələrinin də əsərlərindən, yaradıcılığından bu tipli misallar gətirə bilərik. Məsələn, məşhur surrealist rəssam S.Dalinin "Əriyən vaxt" əsərində "əriyən vaxt" ifadəsinin məcazi yox, birbaşa mənasına istinad edilmiş, şəkildə əriyən saatlar təsvir olunmuşdur.
     Frazeoloji vahidlər üzərində qurulmuş nitqin məcazi məna çalarlarını sözlərin leksik mənalarına istinadən təsvir etmək üsuluna karikaturaçı rəssamların əsərlərində də rast gəlmək mümkündür. Lakin onların yaradıcılığında bu üsul şüurlu şəkildə seçilən üsuldur. Məcazın subyekt və obyektinə xas əlamətləri natural formada vermək komik effekt yaratmağın ən geniş yayılmış üsullarından biridir. Məsələn, "Molla Nəsrəddin" jurnalında dərc olunmuş karikaturaların birində belə bir situasiya təsvir olunur: Dörd nəfər müsəlman, ziyalı görkəmli bir şəxsi yerə yıxıb və əllərini tutublar. Başqa bir şəxs iskənə-çəkiclə həmin ziyalının başını deşir. Şəkilin altında yazılıb: "Gərək bunun beynini çıxardaq ki, bir para mətləbləri başa düşməsin".
     Belə misalların sayını istənilən qədər artırmaq olar.

QAYNAQLAR:

1. Из истории французской киномысли. М.: "Искусство", 1988.
2. Сэпман И. Кино и поэзия. Принцип ретрансляции поэтического текста на экран / "Зримое слово".
3. Антониони об Антониони. М.: "Радуга", 1986.
4. Ждан В.Н. Эстетика экрана и взаимодействие искусств. М.:"Искусство", 1987.
5. Дмитриева Н.А. Изображение и слово. М.: "Искусство", 1962.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az