Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Gülşən Əliyeva

Füzulişünaslıqda "Füzulinin lirikası" problemi ®

27.01.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən Əliyeva

     M.Füzuli irsinin ən qiymətli hissəsini təşkil edən lirikanın tədqiqi baxımından Azərbaycan füzulişünaslığının ikinci mərhələsini həm tarixilk, həm də nəzəri-estetik cəhətdən tamamlayan əsər Mirzağa Quluzadənin «Füzulinin lirikası» (Bakı, 1965) monoqrafiyasıdır. Bu iş alimin doktorluq dissertasiyası idi. Monoqrafiya XX əsrin 50-60-cı illərində yazılan əsərlərin quruluşu – elmi strukturu ilə bağlı müəyyən şablonları ənənəvi surətdə əks etdirməklə bərabər, həm də yeni yanaşma tərzi ilə də seçilirdi. Məsələn, özündən əvvəlki əsərlərdən fərqli olaraq burada ayrıca bölmə kimi «Füzuli yaradıcılığında təsəvvüf» məsələsi qoyulur. Kitabın III fəsli «Füzuli lirikasında bədii metod məsələsi» adlanır. Bunlar zahiri-formal yeniliklər deyil, müəllifin M.Füzuli yaradıcılığına orijinal fikri yanaşmasının təzahürləridir.
     M.Quluzadənin «Füzulinin lirikası» monoqrafiyasının ilk dəyərli cəhəti budur ki, kitab 50 səhifədən ibarət «Füzuli lirikasını yetişdirən tarixi-ictimai və ədəbi zəmin» adlı müqəddimə ilə başlayır. Bu sadəcə ənənəvi müqəddimə deyil, monoqrafiyanın tarixiliyini – kontekstoloci əsasını müəyyənləşdirən tədqiqat işidir. Alim burada M.Füzuli yaradıcılığını formalaşdıran tarixi şəraiti, bədii-fəlsəfi ənənələri nəzərdən keçirir. Füzulinin əsərlərini «Azərbaycan bədii mədəniyyətinin zəngin xəzinəsində ən qiymətli incilər» adlandıran müəllif diqqəti onun Şərqin üç dilində kamil sənət inciləri yarada bilməsinin, şair, nasir və mütəfəkkir alim kimi şöhrət qazanmasının səbəblərinə yönəldir. Tarixilik prinsipinə dayaqlanan alim Füzuli yaradıcılığının bədii- tarixi əhəmiyyətini onun poeziyasının yarandığı ərazinin, mənsub olduğu millətin hüdudlarını aşaraq bir çox xalqların ədəbi inkişafına faydalı ədəbi təsir göstərməsi ilə izah edir. «Füzuli haqlı olaraq Azərbaycan bədii dilinin banisi hesab olunur» deyən müəllif əsas diqqəti həm də onun yetişdiyi tarixi dövrə yönəldir. M.Quluzadə araşdırmalar apararaq belə qənaətə gəlir ki, M.Füzulinin dahi bir sənətkar kimi yetişməsində Azərbaycan dövlətçiliyinin zirvəsi olan Səfəvilər hakimiyyətinin böyük rolu olmuşdur. Biz də belə hesab edirik ki, böyük dövlətçilik dövründə həm də böyük ədəbiyyat, elm, fəlsəfə dövrləri idi. Səfəvilər dövləti təşəkkül tapanda M.Füzulinin 8 yaşı var idi. Füzuli Səfəvilərin zəfərlərini də, feodal müharibələrinin ağrı-acısını da, iki türk fütuhatının – səfəvilərin və Sultan Türkiyəsi arasında gedən qardaş qırğınını da izləmişdir.
     Hər halda, Səfəvilər milli ruhun oyanışına, ana dilinin Şərqdə nüfuz qazanmasına səbəb oldu. Bəlkə də, məhz Səfəvi dövləti M.Füzulinin türk dilini Şərqdə üçüncü poeziya dili səviyyəsinə qaldırmasına səbəb oldu. Bununla belə, Səfəvi dövlətinin şiəliyi şişirdərək dövlət ideologiyasına çevirməsi, sünniliyə düşmən kəsilməsi Şərqə böyük rəxnə saldı. M.Quluzadə yazır: «Geniş xalq kütlələri qızılbaş hərəkatında öz istək və arzularının ifadəsini görürdülər. Şiəliyin sürətlə yayılmasının əsas səbəblərindən biri məhz bu idi… Füzulinin xüsusilə gənclik illərində şiələrə rəğbət bəsləməsi də qazılbaş hərəkatındakı tərəqqipərvər meyllərlə bağlı idi». Lakin, alim obyektiv həqiqəti ifadə edərək, M.Füzulinin dini məğlubiyyəti ilə bağlı çox doğru nəticəyə gəlir: «Şiəlik görüşlərinin Füzuli yaradıcılığında əhəmiyyətli dərəcədə yer tutması inkaredilməz bir həqiqətdir. Ancaq bu da həqiqətdir ki, şair, xüsusilə dünyagörüşünün yetkinləşdiyi dövrdə, hər cür dar, məhdud dini məzhəb çərçivəsini qıraraq dövrünün qabaqcıl alimi və mütəfəkkir şairi kimi yüksəlmişdir». Monoqrafiyada M.Quluzadə M.Füzulinin zəmanədən şikayətlərinin fərdi, şəxsi narazılığın ifadəsi olmadıqlarını söyləyir, doğru olaraq belə qənaətə gəlir ki, Füzuli öz lirik şerlərinin tamamilə ümumiləşmiş, ictimai bəlaları öz psixologiyasında əks etdirən, mükəmməl fəlsəfi dünyagörüşü ilə zəmanəyə qarşı duran, ümumxalq kədərini təcəssüm etdirən lirik qəhrəmanıdır. Alim haqlı olaraq M.Füzulini «yeni ədəbi məktəb yaradan novator sənətkar» kimi tədqiqata cəlb edir. Bununla belə, ədəbi-tarixi prosesin məntiqinə əsaslanaraq göstərir ki, şair, özündən əvvəlki bədii mədəniyyətin üzərində yüksəlmişdir. Bu baxımdan hər şeydən öncə onun böyük sələfləri Xaqani və Nizaminin yaradıcılığı ön plana çəkilir. «Xaqani yalnız Azərbaycan şerində deyil, bütün Yaxın Şərq ədəbiyyatında ən istedadlı qəsidə ustalarından biri kimi məşhurdur» deyən M.Quluzadə belə bir mülahizə irəli sürür ki, Füzuli qəsidə janrında Xaqaninin təcrübəsindən yaradıcı şəkildə bəhrələnmiş, özü də bu janrın sonralar məktəb səviyyəsinə yüksəlmiş orijinal nümunələrini yaratmışdır. Alimin «Nizami ədəbi irsi bütünlüklə Füzulinin estetik görüşlərinin formalaşmasında onun yaradıcılığında zülm və ədalətsizliyə qarşı kəskin etiraz motivlərinin inkişafında əhəmiyyətli izlər buraxmışdır» fikri də həqiqətə uyğundur. Əlbəttə, qeyd etməliyik ki, M.Füzuli özündən əvvəlki ədəbi-tarixi irslə, onun Xaqani, Nizami, Qazi Bürhanəddin, Nəsimi, Həbibi, Kişvəri, Ş.İ.Xətai kimi yaradıcılarının sənətkarlıq təcrübələri ilə bağlı olsa da, o, bəlkə də Nizami istisna olunmaq şərti ilə, özündən əvvəlki sələflərinin məhz böyük istedadı sayəsində üstələməyə nail olmuşdur. M.Füzulinin dahi Nizamidən üstünlüyü isə onun Azərbaycan dilində yazması, bu dilə ümumcahan şöhrəti qazandırması idi. M.Quluzadə belə qənaətə gəlir ki, Nəsimi lirikası Füzuli ədəbi istedadının yetişməsi üçün zəruri bir mərhələ təşkil etmiş «Nəsimi Azərbaycan dilində yaradılmış şerin bünövrəsini işləyib divarlarını xeyli qaldırmışsa, Füzuli bu imarəti tamamlamaqla bərabər, onun bütün ziynətini vermişdir». Bununla belə, M.Quluzadə digər müasirləri kimi Nəsiminin «lirikasındakı dünyəvi məhəbbət dini-mistik buludlara bürümüşdür» deyə şairi mistisizmdə suçlamaqdan da vaz keçmir. Həmçinin, Həbibi və Kişvəri yaradıcılığını nəzərdə tutaraq belə fikir irəli sürür ki, «Nizamidən sonra Azərbaycan lirikasının həyatla əlaqəsi qüvvətlənmiş, onun dini-mistik meylləri isə xeyli zəifləmişdir». Füzuliyə ədəbi təsiri, məsələn, Xaqaninin «Qəsideyi-şaniyyə»sini nəzirə olaraq «Ənis-ül-qəlb» əsərini yazması, Ş.İ.Xətaiyə «Bəngü-badə»ni həsr etməsi kimi faktlarla da izah edən M.Quluzadə, Xətai yaradıcılığının «ədəbi-tarixi inkişaf prosesində Nəsimi ilə Füzuli arasında «körpü» kimi dəyərləndirir. Əlbəttə, monoqrafiyada Füzulinin Azərbaycan ədəbiyyatının özündən əvvəlki mərhələsinə yekun vuraraq, yeni yüksək mərhələyə qaldırması, şeri xalq həyatı ilə o vaxta qədər misli görünməmiş dərəcədə yaxşılaşdırması, bədii forma novatorluğu təsdiq olunur. Bizcə, M.Quluzadənin bu istiqamətdə araşdırmalarının maraqlı bir yekunu da, Füzulinin böyük bir sənətkar və mütəfəkkir filosof kimi yetişməsində Azərbaycan mədəniyyəti ilə yanaşı Yaxın Şərq ictimai-bədii fikrinin mühüm rol oynaması haqqında obyektiv qənaətdir.
     M.Quluzadənin monoqrafiyasının 115 səhifədən ibarət böyük bir hissəsi – birinci fəsli M.Füzuli lirikasının tədqiq tarixinə həsr olunub. Elmi obyektivlik naminə deməliyik ki, bu hissə füzulişünaslıq haqqında yazılmış ilk müstəqil tədqiqat əsəri dəyərinə malikdir. Fərq bircə burasındadır ki, M.Quluzadə füzulişünaslığı konkret olaraq öz mövzusu – lirika prizmasından araşdırır.
     Şairin yaradıcılığında lirikanın əsas yer tutmasını, beşdə üçdən çox hissəni təşkil etməsinin səbəbini onun türkcə divanının müqəddiməsindəki fikirlərinə istinadən «istedadının lirik xassəyə malik olması» ilə əsaslandıran tədqiqatçı M.Füzulinin öz sağlığında bu lirika haqqında yazmış təzkirəçilərdən tutmuş ta XX əsrin 50-ci illərinə qədər yazılmış kitab və məqalələri diqqət və səylə nəzərdən keçirir. Biz belə hesab edirik ki, lirikaya üstünlük verməsi təkcə şairin istedadının lirik xassəyə malik olması ilə bağlı deyildir. Lirik başlanğıc, lirik «mən»in fəallığı həm M.Füzulinin həyata münasibətinin tipi, forması, həm də lirik şerin, xüsusən qəzəl və qəsidənin çevik janrlar olması tez yayılıb, tez də oxunması və mənimsənilməsi ilə bağlı idi. Lirika Yaxın Şərqdə ən çox yayılan, şairin sənətkarlıq imkanlarını fəal sürətdə üzə çıxaran bir şer növü, şerin ən zərif sahəsi idi. Məhz lirika sayəsində M.Füzuli həm dili qorudu, həm də əruzun poetik imkanlarını genişləndirməyə, onu ana dilinə maksimum uyğunlaşdırmağa nail oldu. «Doğrudur, demək olmaz ki, Füzulidə və Füzulidən sonra əruzun tələffüz norması tamamilə düzəldi və heç zaman pozulmadı. Amma bu da faktdır ki, Füzuli əruzda azərbaycanca gözəl yazmağın bilavasitə praktik nümunələrini göstərdi və tələffüz pozuntularını sələflərinə nisbətən, xüsusilə dövrünə görə, demək olar ki, minimum dərəcəyə saldı»
     Orta əsr təzkirəçilərinin də, Avropa, Türkiyə və rus alimlərinin də, Azərbaycan füzulişünaslarının və onun aparıcı nümayəndələrindən olan M.Quluzadənin də daha çox M.Füzulinin lirikasına önəm verməsi əlbəttə, təsadüfi deyil. M.Füzulinin lirikası özündə orta əsrlərin həm dil gözəlliyini, həm fəlsəfi məzmunu, həm poetik kamilliyi, həm də estetik təsir imkanlarını ən kamil tərzdə birləşdirən, təcəssüm etdirən kodlaşmış bədii sistemdir. M.Quluzadə təzkirəçilikdən sonra əsas diqqəti Türkiyə füzulişünaslığına yönəldir. Əvvəlcə yazır: «Təzkirələrdən və ilk mənbələrdən sonra Türkiyədə Füzuli haqqında əsl elmi fikir XIX əsrin 70-ci illərindən yaranmağa və inkişaf etməyə başlamışdır». Bu yöndə o, Mahmud Əkrəm Rəcaizadənin Füzulinin üslubundan bəhs edən «Qüdəmadan bir qaç şair» əsərini, Füzulinin «Bağdad ədəbiyyati-gülzarının gözəl nəğməli bülbülü» adlandıran Məhəmməd cəlalın «Osmanlı ədəbiyyatı nümunələri» adlı poetika kitabını dəyərləndirir. Burada o, həmçinin ötəri də olsa, Əbuziya Tofiq, Əbdürrəhman Şərif, Nəbizadə Nazim, İsmət Müstəcəbzadə kimi ədəbiyyatçı və tarixçilərin əsərlərini anıb, Füzuliyə münasibət bəslədiklərini qeyd edir. Və sonra bir növ özü öz fikrini təkzib edərək yazır: «Lakin XIX əsrdə Füzuli yaradıcılığını elmi surətdə işıqlandıran ciddi bir əsər yaradılmışdır».
     M.Quluzadə XX əsrin əvvəllərində Türkiyədə yazılan əsərlərdən Şəhabəddin Süleymanın «Tarixi-ədəbiyyatı Osmaniyə» (İstanbul, 1910) əsərini Füzuliyə münasibətdə həm qiymətli cəhətlərini, həm də qüsurlarını obyektiv alim ədası ilə təhlil və tənqid edir. Lakin həmin müəllifin M.F.Köprülüzadə ilə müştərək yazdığı «Yeni Osmanlı tarixi ədəbiyyatı» (I cild, İstanbul, 1914) əsərini M.Quluzadə M.Füzulinin şəxsiyyətini təhrif etdiyi üçün ciddi tənqidə məruz qoyur. M.Quluzadə bu müəlliflərin Füzulinin bir mütəsəvvüf olmaması, eşqinin bəşəri mahiyyət daşıması haqqında qənaətlərini qəbul və təqdir edir.
     M.Quluzadə də özündən əvvəlki Azərbaycan füzulişünasları kimi türk alimlərini tənqid edərək Füzulini onun lirik qəhrəmanından ayırır: «Müəlliflərin səhvi ondadır ki, onlar öz fikirlərini isbat etmək üçün «Leyli və Məcnun» poemasında Məcnunun anasının oğluna nəsihətindən ibarət olan məşhur «can vermə qəmi-eşqə ki, eşq afəti-candır» qəzəlindəki bütün fikirləri qeydsiz-şərtsiz Füzulinin adına yazmışlar. Bu qəzələ əsaslanaraq müəlliflər deyirlər ki, Füzuli hər şeydə iztirab kədər görür, guya eşqə inanmır, insanlara inanmır, bəşəriyyəti yalançı adlandırır». «Şair həmişə özünü yazır» həqiqəti məhz Füzuli yaradıcılığında özünü daha çox doğruldur. Bəlkə də dünya ədəbiyyatında Füzuli qədər öz «mən»ini poetik cəhətdən qabardan, lirik qəhrəmanı ilə şair şəxsiyyəti üst-üstə düşən və hətta bundan razı qalmayan ikinci sənətkar tapmaq çətindir. Füzuli Məcnun özüdür, bəlkə də daha artıqdır.
     İsmayıl Həbibin «Türk təcəddüd ədəbiyyatı» (1921) əsərini təhlil edən M.Quluzadə onun Füzulinin «Bağdad köşkü qədər dərin bir abidə», «Leyli və Məcnun»u, «Qədim ədəbiyyatın ən yüksək şah əsəri» adlandırmasını təsdiq edir. Lakin Füzulinin eşqini ilahi eşq kimi izah etməsi ilə razılaşmır. Əksinə, A.Kölpinarlının «Füzuli divanı»na (İstanbul, 1948) yazdığı müqəddiməni ona görə həvəslə təqdir edir ki, ona görə, şairdə vəhdəti-vücuddan heç bir əlamət yoxdur. A.Kölpinarlının mülahizələri eşq kimi ilahi bir anlayışı zorla göydən yerə endirib adiləşdirən materialist təfəkkürlü sovet alimlərini təmin edirdi. A.Kölpinarlı «Füzuli Divan»nın 9-cu səhifəsində yazırdı: «Şerdə əsas, istədiyi qədər idealizm olsun, şair istədiyi qədər idealist bulunsun, yaşadığı cəmiyyətdən ayrıla bilməz, insanlığından, insanlıq duyğularından və insanlığın ehtiraslarından qurtulmaz». Biz isə belə hesab edirik ki, Füzuli eşqini – ilahi eşqin gücü adi, yer adamını göylərə qaldıra bilməsində, haqqın dərgahına qovuşdura bilməsindədir.
     «Köprülüzadənin Füzuli haqqındakı görüşləri burcua elminin əsas zəif cəhətlərini: formalizmini, mühafizəkarlığını əks etdirir» deyə əslində sovet ideologiyasının basqısı altında bu dünya şöhrətli türkçünün, təsəvvüfşünasın fikirlərini inkar edən M.Quluzadə özü məsələyə formal yanaşırdı.
     M.F.Köprülüzadə «Leyli və Məcnun»u təhlil edib yazırdı ki, Füzuli «fədakar, ilahi bir eşqi, eşqi-mütləqi, eşqi-əflatunini tərənnüm etmişdir» . M.Quluzadə bir sıra görüşlərini tənqid etsə də, Ə.Karahanın «Füzuli: mühiti, həyatı və şəxsiyyəti» (İstanbul. 1949) monoqrafiyasını «Füzuli haqqında ilk böyük və qiymətli elmi əsər» kimi yüksək dəyərləndirir. Bununla belə, M.Quluzadə Ə.Karahanın bəzi fikirləri ilə razılaşmır. Türk alimi belə qənaətə gəlir ki, güya Azərbaycan ədəbiyyatı yalnız XVI əsrdə «müstəqil bir həyata qovuşmuşdur». M.Quluzadə Ə.Karahanı M.Füzulinin həyat və yaradıcılığını «Öz doğma ədəbi zəminindən təcrid etməkdə» günahlandırır. İkincisi, Füzulinin eşqi məsələsidir. Ə.Karahan bu eşqi «cinsi duyğu», «cinsi həyəcanlar» kimi izah edir. M.Quluzadə buna «bioqrafik metodun əsarəti» kimi yanaşaraq Füzulinin eşqini «dərin ictimai məzmuna malik eşq» hesab edir. M.Quluzadənin razılaşmadığı cəhətlərdən üçüncüsü də budur ki, «O, (Ə.Karahan – G.Ə) Məcnunun məhəbbətini səciyyələndirərkən əsəri bütöv halda almır və onun tam bir bədii abidə kimi təhlili ilə məşğul olmayıb poemanın sonundan gətirdiyi ayrı-ayrı mistik parçalardan çıxardığı nəticəni ümumiləşdirir». Deməli, Ə.Karahan «Leyli və Məcnun»da Füzulinin eşqini sufi-mistik bir eşq olduğunu iddia edirdi. M.Quluzadəyə görə, müəllifin M.Füzulinin şəxsiyyəti ilə bağlı mülahizələri də xeyli ziddiyətli idi. M.Quluzadənin diqqət yetirdiyi Türkiyə tədqiqatları içərisində Həsibə Mazıoğlunun «Füzuli-Hafiz» (Ankara 1956) monoqrafiyası da önəmli yer tutur. Hələ M.Quluzadəyə qədər bu əsərdən bəhs edən azərbaycanlı müəlliflər, xüsusilə Füzulinin məhəbbəti məsələsində H.Mazıoğluya müxtəlif münasibət bəsləmişlər: H.Araslı onu Füzuli eşqini real, həyati eşq hesab etdiyinə görə təqdir etmiş , Əli Hüseynzadə isə əksinə, onu Füzulidə vəhdəti vücudu inkar etdiyinə görə tənqid etmişdir .
     H.Mazıoğlunun monoqrafiyasında M.Quluzadəni razı salmayan budur ki: 1. Müəllif M.Füzulinin türkcə divanının tədqiq etmiş və Hafiz divanı ilə müqayisələr aparmışdır, halbuki, Füzulinin farsca divanını götürmək məqsədəuyğun olardı; 2. Monoqrafiyanın Füzuli divanının təhlilinə həsr olunmuş I fəslində Füzuliyə aid olması şübhə doğuran qəzəl və rübailər təhlilə cəlb olunur. M.Quluzadəni razı salan budur ki, H.Mazıoğlu M.F.Köprülüzadəni tənqid edərək «Füzulinin eşqi mənşə etibarilə bəşəri bir eşqdir» qənaətinə gəlir. M.Quluzadə H.Mazıoğlunun əsərini ətraflı təhlil edir, Hafizlə Füzuli arasında sənətcə yaxınlıq olsa da, bunu Hafizin Füzuliyə təsiri kimi izah etməyin yanlış olduğunu söyləyir.
     M.Quluzadənin monoqrafiyasının bu bölümündə Avropa füzulişünaslığından – Hammer Purqştall, Hartman, Kibb kimi müəlliflərin xidmətləri müxtəsər qeyd olunur. Burada həmçinin 1862-ci ildə «Leyli və Məcnun» mövzusunda magistr dissertasiyası yazmış L.E.Lazarevin, V.Smirnovun, A.Krımskinin tədqiqatlarında M.Füzuliyə münasibətin elmi mahiyyəti açıqlanır, A.Krımskinin tədqiqatı xüsusilə yüksək dəyərləndirilir.
     Monoqrafiyada həmçinin 1848-ci ildə tərtib etdiyi «Müntəxəbat»ında M.Füzuliyə geniş yer vermiş M.Ş.Vazehdən tutmuş Mirzə Kazim bəy, S.Ə.Şirvani, Ç.Hacıbəyli, A.Sur, F.Köçərli, A.Şaiq, F.Ağazadə, B.Çobanzadə, İ.Hikmət, Z.Nuşirəvan, S.Mumtaz, M.S.Ordubadi, Əli Hüseynzadə kimi ziyalıların Azərbaycan füzulişünaslığındakı rolu konkret təhlillər və faktlarla açılıb göstərilir. Müəllif böyük alim E.Ə.Bertelsin Füzuli irsinin tədqiqi sahəsindəki xidmələrini böyük həssaslıq və qədrşünaslıqla dəyərləndirir. Öz müasirlərinin əsərlərini obyektiv tarixilik prinsipi ilə təhlil və tədqiq edən M.Quluzadə belə bir ifrat sosioloji qənaətə gəlir ki, «füzulişünaslıq elmi Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi sayəsində yaranmışdır». M.Quluzadə iki fakta xüsusi önəm verir: 1. R.Əliyevin müqəddiməsi ilə ilk dəfə rus dilində Füzulinin seçilmiş əsərlərinin nəşri; 2. H.Araslının rəhbərliyi ilə M.Füzulinin farsca divanının Azərbaycan dilində rolu. Bu faktlar Füzulinin dərkində və dünya şöhrəti qazanmasında mühum rol oynamış dəyərli ədəbi-tarixi faktlar idi. «Füzulinin lirikası» monoqrafiyasının ikinci fəslində M.Quluzadə Füzuli lirikasını mövzu və motivlərinə görə nəzəri-tarixi aspektdən təhlil edir. Buraya məhəbbət lirikası, Füzuli lirikasının xəlqiliyi, ictimai motivlər, Füzuli yaradıcılığında təsəvvüf, ədəbi-nəzəri görüşləri, sənətkarlıq xüsusiyyətləri kimi bölümlər daxildir. Monoqrafiyanın həm ikinci fəsli, həm də «Füzuli şerinin ənənələri» adlanan dördüncü fəsil ənənəvi təhlil metodu ilə yazılmışdır. Dördüncü – sonuncu fəsildə özündən sonrakı Azərbaycan şerinin inkişafında Füzuli lirikasının rolu, Füzuli lirikasının özbək poeziyası ilə əlaqələri, Füzuli və türk şeri kimi çox vacib problemlər nəzərdən keçirilir.
     Fikrimizcə, professor M.Quluzadənin və onun fundamental monoqrafiyasının Azərbaycan füzulişünaslığında xidmətlərini açmaq baxımından daha iki məsələ önəmlidir: 1. Füzuli yaradıcılğında təsəvvüf (Qeyd: Əli Hüseynzadədən sonra, bu məsələ monoqrafik tərzdə ilk dəfə qoyulur). 2. Füzuli lirikasında bədii metod məsələsi. Hər iki problem çox ciddi olub M.Quluzadənin füzulişünaslıq görüşlərinin açılması baxımından əhəmiyyətlidir. Səhv etmiriksə, 20-30-cu illərin tənqidçi və ədəbiyyatşünasları repressiyaya məruz qaldıqdan sonra ilk dəfə məhz bu monoqrafiyada klassikin yaradıcılıq metodu problem kimi monoqrafik araşdırmanın mərkəzinə gətirilir. Çünki, bu illərdə bədii yaradıcılıq metodu ədəbi mübahisələrin əsas nəzəri problemlərindən biri idi. Artıq dönə-dönə qeyd etmişik ki, M.Füzulinin təsəvvüflə əlaqəsi – Füzulidə sufizm füzulişünaslığının ən mübahisəli problemlərindəndir. Bir sıra görkəmli şərqşünas, türkoloq və füzulişünaslar, məsələn, E.Bertels, M.F.Köprülüzadə, İ.Hikmət, Ə.Karahan, Ə.Hüseynzadə M.Füzuli yaradıcılığında sufizmin olduğunu iddia edir, bəzi füzulişünaslar, məsələn, Ə.Kölpinarlı, B.Çobanzadə, A.Şaiq, H.Araslı, Məmməd cəfər, o cümlədən M.Quluzadə M.Füzulidə sufizmin olduğunu inkar edirlər, sufizmin olduğunu iddia edənlər öz fikirlərində qəti, olmadığını iddia edənlər isə qeyri-müəyyən mövqeyə malikdirlər. Məsələn, Şərq, o cümlədən Azərbaycan klassik ədəbiyyatının gözəl bilicisi, «Sufizm i sufiyskaə literatura» adlı fundamental tədqiqatın müəllifi E.Bertels yazır ki, Füzulinin eşqi «heç bir cismani ehtiras nəzərdə tutmur… Məhəbbət onun dərin nifrət bəslədiyi bu dünyada yeganə məqsədidir» . M.Quluzadə, Ə.K.Zəkiyev Bertelsin bu istiqamətdə fikirləri ilə razılaşmır, onu tənqid edirlər. Ə.Zəkiyev Bertelsi tənqid edərkən M.Füzulinin «Məqləul-etiqad» əsərində sufizmlə bağlı tənqidi mülahizələrinə əsaslanır» . M.Quluzadə bir sıra nəzəri təhlillər apararaq belə nəticəyə gəlir: «Füzulinin məhəbbət lirikasında, onun eşq anlayışında sufizm motivləri varmı? Biz bu suala qətiyyətlə mənfi cavab veririk: yoxdur! Ümumiyyətlə, Füzuli lirikasında… sufizm təsirləri müəyyən şəkildə özünü göstərdiyi halda, məhəbbət tərənnümündə şair tamamilə dünyaya, həyata, canlı insan eşqinə bağlıdır. Şairin ədəbi irsinin əsas hissəsini, bel sütununu təşkil edən lirikasında panteist-mistik eşq deyil, başdan-başa insan qəlbinin arzuları, canlı gözələ ülvi, romantik məhəbbət tərənnüm edilmişdir. Şairin lirikasında dünya ədəbiyyatının ölməz mövzusu olan bəşəri eşq alovlu ürəklə, böyük sənətkar ehtirası ilə, dərin ictimai-fəlsəfi məzmunda tərənnüm edilmişdir». Bu ziddiyyətli fikrə üç irad tutmaq olar:
     1) «Füzuli lirikasında sufizm təsirləri müəyyən şəkildə özünü göstərirsə» Füzuli məhəbbətində sufizm yoxdur nə deməkdir? Məgər Füzulinin lirikası ayrı, eşqi başqa bir şeydir?
     2) Məgər sufizm insanın varlığını, insan məhəbbətini, insan eşqini inkar edir? Əksinə, insanın qəlbindən ucalan eşq allaha doğru gedən nur yoludur ki, insan bu eşqin odunda bişib kamilləşərək haqqa qovuşur. «Çiy idim, yandım, bişdim» - deyirdi böyük sufi Mövlana cəlaləddin Rumi.
     3) Eşqin ictimai məzmunu olmur. Bu fikir absurddur. Eşqin ayağı yerə dəymir, o qəlbdən qəlbə qonan göyərçindir. Ancaq qəlbdə məskunlaşır. Qəlb ilahi aləmin insan varlığında ifadəsidir. Qəlb isə fiziki, cismani insan ürəyi deyil.
     M.Quluzadə sufizmin şəriətlə əlaqələrini və ziddiyyətlərini doğru açır. «Sufizmdə sufilər batin əhli, şəriətçilər zahir əhli sayılır. Şəriətinçini allaha bağlayan Allah qorxusu, sufini bağlayan isə Allah məhəbbətidir. Allaha doğru yeganə yol məhəbbətdir».
     Müəllif yazır: «Şəriətlə sufilərin arasında ikinci mühüm ixtilaf allahın insanda, təbiətdə və əşyada təcəssüm etməsi və insanın daxili təkamül yolu ilə allahla birləşib «ənəlhəqq» olmasıdır». Göründüyü kimi, alim sufizmlə hürufizmi eyniləşdirir. M.Quluzadənin belə bir qənaəti də doğrudur ki, «Füzuli heç bir sufi təriqətinə daxil olmamış, heç bir təriqət pirini və ya mürşidini təqib etməmiş, sufilər kimi heç bir təkyə ilə bağlı olmamışdır». Lakin bu, o demək deyil ki, Füzuli yaradıcılığında sufizm yoxdur. Füzuli sufizmin zahidlik mərhələsini tənqid edib, təsadüfi deyil ki, onun əsərinin adı məhz «Rindü-Zahid» idi. Füzuli sufizmi kamillik mərhələsində qəbul etmiş, onun ən yüksək irfan mərhələsinin bədii- fəlsəfi tərənnümüçüsü olmuşdur.
     M.Quluzadənin «Füzulinin lirikası» əsərinin üçüncü fəsli «Füzuli lirikasında bədii metod məsələsi» adlanır. Belə bir problemin qoyuluşu, əlbəttə, o dövr üçün çox aktual idi. Lakin metod, o cümlədən bədii yaradıcılıq metodu yazıçının, şairin yaradıcılığının hər hansı bir hissəsinə, bir janra aid edilə bilməz. Çünki «İdrak aləti, idrak vasitəsi» (Hegel) olan metod bilavasitə sənətkarın bədii təfəkkürü, dünyagörüşü ilə bağlı olub onun varlığa, həyata münasibətinin xarakterini müəyyənləşdirir. Sənətkar lirik əsərini bir cür, epik əsərlərini başqa cür metodla yarada bilməz. Bu baxımdan Füzulinin lirikasında metod məsələsini deyil, Füzuli yaradıcılığında bədii metod problemini qoymaq daha düzgün elmi-nəzəri yanaşma olardı.
     Bədii metodun estetik təbiətinin doğru müəyyənləşdirən M.Quluzadə yazır: «Yazıçının dünyagörüşü, yaşadığı tarixi-ictimai mühit, onun istedadının təbiəti, əks etdirdiyi həyat hadisələrinə münasibəti ilə əlaqədar olan bədii metod, xüsusilə orta əsrlər ədəbiyyatının daha mürəkkəb tarixi-ədəbi zəmini içərisində ayrıca tədqiq olunmamışdır». Alim bədii yaradıcılıq metodunu həm də yazıçının estetik idealı ilə əlaqələndirir ki, bu da ümumən düzgün yanaşma hesab oluna bilər. M.Quluzadənin belə bir mülahizəsi də maraqlıdır ki, böyük bədii-fəlsəfi ənənələrə malik Şərq ədəbiyyatlarını XIX əsrin hadisəsi olan romantizmin dar çərçivələri içərisinə sıxışdırmaq, xüsusilə orta əsrlərin klassik irsini realizmin estetik meyarları ilə mizana çəkmək doğru deyildir.
     «Azərbaycan klassik lirikasının hələ XI əsrdə nümunələrini yaradan Qətran Təbrizinin şerlərində romantik üslub xüsusi bir tərzdə özünü göstərməkdədir» – deyən müəllif orta əsrlər Azərbaycan tarixi – ədəbi inkişafının əsas xüsusiyyəti olaraq romantik poeziyanı müəyyənləşdirir. Elə bu kontekstdə də tədqiqatının yekununda belə nəticəyə gəlir: «Füzulinin yaradıcılığında romantik metod əsas və həlledici yer tutur. Füzuli lirikasındakı romantik metod şairin dünyagörüşünün məzmunu, estetik ideallarının xarakteri və onun bədii istedadının təbiəti ilə üzvi əlaqədə formalaşmışdır. Füzuli əsrinin qabaqcıl, mütəffəkir bir şairi kimi yaşadığı dövrü feodal hökmranlığından, zülm və ədalətsizliyindən narazı olmuş hakim ictimai zumrələrə və şəriət ehkamlarına, bəzən üsyankarlıq əhval-ruhiyəsinə gətirən şiddətli etiraz ifadə etmiş, mövcud varlığın insan səadətinə, onun ürək arzularına və azad məhəbbətinə tamamilə zidd olduğunu anladığı üçün ədalət, insanpərvərlik və etiraf sərbəstliyi haqqındakı ideallarını hakim feodal cəmiyyətinə, onun həyat tərzinə qarşı qoymuşdur. Şairin romantik metodunun da ideya mənbəyi məhz bundadır. Füzulinin lirik qəhrəmanı olan aşiq sürətini də romantik səciyyəsini təyin edən amil budur…
     Şairin lirikasında gördüyümüz təsəvvüf meylləri, mistik motivlər də zülm və ədalətsizliyin hökm sürdüyü həyatdan, nakam məhəbbətdən doğaraq Füzuli romantizminin səciyyəvi xüsusiyyətini təşkil edir». Göründüyü kimi, hörmətli alimin Füzulinin romantik metodunun ideya mənbələri və estetik təbiəti haqqında qənaətləri xeyli dərəcədə sosioloji, bir qədər də dolaşıq və ziddiyətlidir. Burada hətta romantik metodla – bədii yaradıcılıq metodu ilə romantizm – ədəbi cərəyan qarışdırılıb. Fəqət, maraqlı cəhət burasıdır ki, «Füzulidə sufizm yoxdur» – deyən M.Quluzadə təsəvvüf meyllərini, mistik motivləri «şairin bədii» metodunun «səciyyəvi xüsusiyyətləri» sırasına daxil edir. Ümumiyyətlə, belə ziddiyətlər füzulişünasların bu dövr əsərlərində, o cümlədən M.Quluzadənin «Füzulinin lirikası» monoqrafiyasında da vardır ki, bu da marksist metodologiyanın yanaşma tərzindən irəli gəlirdim. M.Quluzadənin «Füzulinin lirikası» monoqrafiyası Azərbaycan füzulişünaslığının tarixilik mərhələsini formalaşdıran fundamental tədqiqat əsəridir. Bu monoqrafiya öz orijinal müddəaları, tarixilik prinsipinə istinadı sayəsində bu gün də öz əhəmiyyətini – müasirliyini qoruyub saxlayır.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az