Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Gülşən Əliyeva

Füzuli poetikası (metodoloji mülahizələr)®

04.11.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən Əliyeva

     Dahi Azərbaycan şairi M.Füzuli yaradıcılığının bütöv poetik sistem kimi tədqiqi Mir Cəlaldan sonra füzulişünas Sabir Əliyevin adı ilə bağlıdır. O, hələ 1966-cı ildə çap olunmuş «Azərbaycan klassik poeziyasının formaları» monoqrafiyasında bu mövzuya müraciət etmişdi. Sonralar onu M.Füzuli yaradıcılığı ilə bağlı bir sıra qiymətli tədqiqat xarakterli məqalələri çap olundu*. (*Məsələn, bax: Bir sözün xətası. «Ədəbiyyat və incəsənət» 14 mart 1980; Bircə sözün xətası. «Azərbaycan» 1988 ¹ 4;1990 ¹ 6; Biz bəşəriyyətin bir parçasıyıq. «Ədəbiyyat qəzeti» 4 yanvar 1991; Böyük füzulişünas: M.F.Köprülüzadə Füzuli haqqında. «Azərbaycan» 1991 ¹ 7; Elmi tədqiqatın bədiiliyi. «Azərbaycan» 1976 ¹ 11; Söz sərrafı. «Ədəbiyyat və incəsənət» 16 yanvar 1988; «Söhəbtül-əsmar» niyə Füzulinin deyildir? «Azərbaycan» c, 1981 ¹ 6; Füzuli və musiqi. «Elm» 2 mart 1991; Füzuliyə məhəbbət: Bertels Füzuli haqqında. «Azərbaycan» c, 1981 ¹ 4; Füzulinin beşcildliyi. «Ulduz» 1990 ¹ 2; Füzulinin bir sözü. «Elm» 5 mart 1993; Füzulinin Leylisi. 21 «Leyli və Məcnun»da bir məsələ. «Azərbaycan» c., 1985 ¹ 12 və.)
     Bu məqalələrdə M.Füzuli sənətinin poetik sehri, bədii sirrləri ilə bağlı yeni, oricinal yanaşmalar və mülahizələr öz əksini tapmışdır. Elə çap olunduğu dövrlərdə – 80-cı illərdə bu yazılar elmi-nəzəri fikrin diqqətini cəlb etdi və S.Əliyevin Azərbaycan füzulişünaslağında yerini – dəst-xəttini müəyyənləşdirdi. Nəhayət, zəhmətkeş alim M.Füzuli haqqında araşdırmalarını yekunlaşdıraraq özünün «Füzulinin poetikası» (1986) adlı fundamental monoqrafiyasını çap etdirdi. Akademik K.Talıbzadənin redaktorluğu ilə çap olunmuş kitaba yazdığı «Füzuli sənətinə yeni baxış» adlı ön sözdə K.Vəliyev əsərə ilk qiymət verərək yazır: «Füzuli dünyasına baş vuran tədqiqatçı estetika, poetika elmlərinin məlum-məşhur kateqoriyalarına uyğun Füzuli nümunələrini axtarmamış, əksinə Füzulidən gələn, doğuluş və inkişafı Füzuli sənətində olan qanunauyğunluqları aramış, tapmış və tapdıqları ilə füzulişünaslığı zənginləşdirmişdir.
     Füzuli-alimdən baxıb Füzuli-şairi, Füzuli-şairdən baxıb Füzuli-alimi görən araşdırıcı elə bir estetik konsepsiyanı təsvir edir ki, biz klassik ədəbiyyatımızı yenidən görürük, Füzulini yeni gözlə oxuyuruq və sevirik1» (1. Əliyev S. Füzulinin poetikası., B., «Yazıçı» 1986, s. 3-4).
    S.Əliyevin monoqrafiyası çap olunduqdan sonra füzulişünaslıqda yeni söz, yeni elmi-nəzəri addım kimi dərhal diqqəti cəlb etdi, ədəbi-tənqid onun barəsində fikir söylədi, polemik və təqdiredici məqalələr, reseniziyalar çap olundu*. (? Bax: Eminov A. Füzuli poetikası. «Kitablar aləmində» c., 1987, ¹ 4; Əlizadə L. Füzuli sənətinə yeni baxış. «Azərbaycan» c., 1987, ¹ 10; İmanov M. Sənətkar dünyası. «Ədəbiyyat və incəsənət» q., 21 avqust 1987; İsayev İsa, Həsənov Səlim. Füzulinin poetikası. «Azərbaycan dili və ədəbiyyatı tədrisi» c., 1987 ¹ 3 və s.)

    S.Əliyevin monoqrafiyasının Azərbaycan füzulişünaslığının bir elm kimi inkişafında rol və əhəmiyyətini dəyərləndirmək üçün əvvəlcə müəllifin elmi-nəzəri məqsədlərini nəzərdən keçirək. Alim yazır: «Bizim məqsədimiz şairin bədii-elmi irsinin bu iki cəhətini – həm ədəbi-elmi mülahizələrini, həm də müvafiq çərçivədə bədii sənətkarlıq xüsusiyyətlərini araşdırmaqdan ibarətdir. Füzulinin nəzəri fikir işığında şerinə baxmaq, şer aləmində nəzəri fikrini araşdırmaq kimi iki axtarış istiqaməti ilə getmişik» (s.8). İlk baxışda sadə görünən bu məqsəd, əslində çox çətin, mürəkkəb və mübahisələrlə dolu bir tədqiqat yoludur.
    Müəllif tədqiqatının çıxış məqamında Füzuli yaradıcılığının biri digərindən ayrılıqda izahı heç cür mümkün olmayan elmi və bədii istiqamətləri tədqiq etməyin əhəmiyyəti barəsində təsəvvür yaratmağa çalışır. Belə fikir yürüdülür ki, M.Füzulinin elmi-nəzəri irsini öyrənmək: 1) Azərbaycanda orta əsrlər elmi-nəzəri fikrinin təkamül tarixini öyrənmək; 2) şairin dünyagörüşünün dərki və estetik idealının izahını vermək; 3) Azərbaycanda orta əsrlər türk-ərəb-fars ədəbi-mədəni əlaqələrini öyrənmək və 4) şairin bədii yaradıcılıq sirlərini başa düşmək üçün faydalıdır.
    M.Füzuli poetikasını öyrənməyin fayda və əhəmiyyətini isə S.Əliyev belə izah edir:

     a) şairin sənətinin özünü bədii meyar kimi nəzərdən keçirmək yolu ilə Azərbaycan şeri tarixində M.Füzulinin yerini müəyyənləşdirmək; b) şerimizin ərəb-fars klassik poetikası ilə təmasını öyrənmək; c) Şairin öz elmi-nəzəri mülahizələrinə yaradıcılıq praktikasında necə əməl etdiyini əyaniləşdirmək;
    d) şairin dil və üslubu, bədii forma mədəniyyətini – bu sahədə kəşflərini aşkara çıxarmaq baxımından vacib və əhəmiyyətlidir.

    Bu kompleks problemləri bütün əsər boyu ciddi bir səylə nəzərə alan, onları vəhdətdə yürüdən müəllif doğru olaraq, belə nəticəyə gəlir ki, «Füzulinin ümumən elmi təfəkkürünün tam şərhi müxtəlif elm sahələrinin birgə səyi nəticəsində mümkün ola bilər» (s. 9). Aydın məsələdir ki, M.Füzulinin elmi mülahizələri möhkəm konseptual əsasa malik idi. Və bu elm əslində üç böyük mədəniyyətin vəhdətdə yaşadıqı İraq ədəbi-tarixi mühitinin yetirməsi idi. Monoqrafiyanın elmi dəyərini artıran bir cəhət də budur ki, müəllif M.Füzuli mühitinin, XVI əsr İraq mühitinin şairin şəxsiyyəti, xüsusən dünyagörüşü, təfəkkürü üzərindəki həlledici mədəni-tarixi təsirini səylə nəzərə almağa nail olur.
    Müəllif M.Füzuliyə münasibətinin iki nəzəri-metodoloci aspektini də düzgün müəyyənləşdirir: birinci: «nədənsə bir çox hallarda Füzuli şərh olunmaq əvəzinə, mədh edilmişdir», ikinci: «Füzuli haqqında deyilən söz Füzulinin özünün dediyi sözdən aşağıda dayanmamalıdır» (s. 13). Bunun hər ikisi də çox çətin problemdir: Füzuli poeziyası insanı elə ovsunlayır ki, məftun olmaqdan savayı əlacın qalmır.
    Alim Füzuli və şair Füzuli dünya sənət dağının ən uca qoşa zirvələridir. «Şerlə bağlı elə bir nəzəri anlayış, bədii əda və üslubi rövnəq yoxdur ki, Füzuli onu işlətməmiş olsun. …Füzulidə olan bir çox ədəbi forma və üslublar, keyfiyyəti və bədii əlvanlıq onun sələflərində yoxdur; elə bu fərq Füzuli şerinin novatorluğunu təşkil edir» (s. 17). S.Əliyev monoqrafiyanın M.Füzulinin ədəbi-nəzəri görüşlərinə həsr olunmuş birinci fəslində Şerin mənşəyi problemini nəzərdən keçirir. Belə hesab edir ki, bu şairin nəzəri konsepsiyasında «əsas məqamlardandır».
    S.Əliyev şerin mənşəyi ilə bağlı Füzulnin görüşlərini belə ümumiləşdirir:

    1) «Füzuli şer üçün əsas şərt kimi fitri istedadın zərurətini irəli sürür… İstedadı fitrətlə, şeri həyatla bağlamaq Füzulinin aramsız elmi-fikri axtarışlarının sağlam və dürüst nəzəri yekunu idi» (s. 19).
    2) «Füzuli istisnasız olaraq bütün əsərlərində ardıcıl və prinsipial şəkildə şeri, sənəti, mövzun kəlamı «bəxşi ilahi», «bəhyi-səmavi» (allah vergisi) kimi izah etmiş, bu məsələnin həllində idealist mövqe tutmuşdur» (s.21).

     S.Əliyevin şerin mənşəyi ilə bağlı Füzuli konsepsiyasının izahında maraqlı, qiymətli, eyni zamanda ziddiyyətli cəhətlər var. Məsələn, alim çox doğru olaraq yazır: «Şairin idealizmini ört-basdır eləyib, onu materializmə aparan yolun hansı pilləsindəsə haqlayıb kəşf etmək Füzuliyə də faydasızdır, füzulişünaslığa da» (s. 21). Qeyd edək ki, bu doğru və perspektivli nəzəri-ideoloci qənaətdir. Lakin alim, bu fikri inkişaf etdirmir, bir qədər sonrakı mülahizələrində özündən əvvəlki sovet alimlərinin yolu ilə gedərək M.Füzulidə realizm axtarır, «dərdli şer – ictimai mənalı şerdir» (s. 41) deyərək yazır: «Qeydsiz-şərtsiz demək olar ki, böyük şair «düzlük» anlayışını realizm mənasında götürür» (s.61). O, bu anlayışı şairin «iyrənc bədii idealizm» (s. 61) əleyhinə işləndiyini söyləyərək yazır: «Şairin qənaəti belədir ki, «şerin gözəlliyini artıran onun düzlüyüdür», «sözün qiyməti düzlüklə artar», «hər şeyin ilk məziyyəti düzlükdür». Bədii əsərin gözəlliyi onun düzlüyündən asılıdır və onunla düz mütənasibdir. Bu, dolayısı ilə realizm tələbi deyilmi?» (s. 62).
    Ümumiyyətlə, S.Əliyevin fikri belədir ki, M.Füzuli böyük sənəti, şeri hakim və dini dairələrdən, şerin düşmənlərindən qorumaq üçün onun mənşəyini Tanrı ilə, «Quran» ayələri ilə bağlayırdı. Əlbəttə, burada müəyyən bir həqiqət də var. Lakin bütünlüklə müəllif özü də istəmədən M.Füzulinin şerin mənşəyi haqqında, – onun allah vergisi olması barədə qənaətlərini şübhə altına alır.
    Yeri gəlmişkən, müəllifin təhlil və mülahizələrindəki başqa bir ziddiyyətə nəzər salaq. Alim Nizami ilə Füzulini müqayisə edərək yazır: «İki dahinin bir-birinə zidd iki nəzəri qənaəti: Nizami – şerin mayası nəşədir. Füzuli – şerin mayası dərddir. Nəşə – dərd» (s. 43). Bir qədər sonra isə müəllif yazır: «Bədii və elmi yaradıcılıqda öz böyük sələflərinin yolu ilə gedən Füzuli şeri zövq və şadlıq mənbəyi, tərbiyə məktəbi, hikmət xəzinəsi, həyat və fəaliyyət proqramı hesab edirdi» (s. 86). Görəsən, bunların hansına inanaq?! Şübhəsiz ki, M.Füzuli dərd, kədər şairidir. Və S.Əliyev Füzulinin «Dərd şairliyin əsas sərmayəsidir» kəlamını yeri gəldikcə bütün əsər boyu işlədir. Qeyd etməliyik ki, bəzən düşünülmüş gəlişi gözəl fikir və ifadələr S.Əliyevin kitabında özünə yer tapa bilib. Məsələn, müəllif yazır: «Diqqətəlayiq cəhətdir ki, Füzuli bəzi sələf və müasirlərindən fərqli olaraq, sənətə ciddi yanaşmışdır» (s. 37). Söhbət Füzuliyə sələf olan sənətkarlardan – Xaqani, Nizami, Nəsimi, Xətai kimi korifeylərdən gedirsə, onların sənətə qeyri-ciddi yanaşmasını necə başa düşmək olar?! Yaxud «Füzuli özünəqədərki mürəkkəb və zəngin geniş və ziddiyyətli (!?) bədii ədəbiyyatın zəminində yetişmiş sənətkardır» və bu ədəbiyyatda «real insanın təsviri ilə birgə mistik obrazlar, azala-azala olsa da, baş alıb gedirdi». Və yaxud «mühitinin şairə miras olaraq verdiyi dərsləri nəzərdən keçirəndə birinci növbədə məhz sağlam ədəbi-elmi mühakimə metodunu (!) qeyd etməliyik» (s. 38). Kifayət qədər ziddiyyətli və qeyri-müəyyən səciyyəli belə fikir və ifadələri əsərin müxtəlif bölmələrindən misal göstərmək olar. Özü demişkən, Füzuli sənətinə məftunluq, Füzuli sehri S.Əliyevə də bəzən əsl həqiqəti – günəşin arxasını görməyə inkan verməmişdir.
    «Şer hikmətdir və hikmət də dünyanı nizamlama vasitəsidir!» (s. 39) – müəllif bünü söz haqqında Füzuli düsturu deyə təqdim edir və belə nəticəyə gəlir ki, «Füzuli Azərbaycan nəzəri fikri tarixində şairin alimliyi, şerin elmiliyi zərurətini nəzərə alaraq əsaslandıran və təcrübi olaraq onun misilsiz nümunələrini yaradan ilk sənətkardır» (s. 39).
    S.Əliyevin «Füzulinin poetikası» monoqrafiyasının ən böyük qüsuru budur ki, müəllif ciddi-cəhdlə Füzulinin sufizmi məsələsindən uzaqda durmağa çalışıb. Hətta «Leyli və Məcnun» poemasının sonunu ki, əksər füzulişünaslar sufi əqalidli olduğunu təsdiq ediblər, S.Əliyev qəbul etmir: «Şair yarıməfsanəvi bir macəranın fondunda insanın insana məhəbbətin deyil, məxluqun xaliqə pərəstişini qələmə aldığını deyir.
    Burada Füzulinin, zahirən də olsa, ilahi eşqin tərənnümünə işarəsini görməmək olmaz. Lakin, buradaca qeyd edilməlidir ki, Füzuli «Leyli və Məcnun» sücetini ilahi eşqi tərənnüm naminə qələmə almamışdır» (s. 72). Söylənilə bilər ki, S.Əliyevin məqsədi sufizmi açmaq olmayıb. Belə hesab edirik ki, Füzuliyə sufizmdən yan keçib yanaşmaq mümkün deyil. Füzüli poetikasının cani-cövhəri olan mübaliğələri, təşbehləri, müəmmaları, alleqorik sücetləri – məhz elə sufi fəlsəfəsini ifadə etmək üçün düşünüb tapırdı.
    S.Əliyev M.Füzuliyə məxsus dəyərli bir fikri ön plana çəkir: «Füzuliyə görə, əgər məzmun könül kamıdırsa, forma göz sevincidir» (s. 79). Təəssüf ki, monoqrafiyada bu maraqlı fikrin mənbəyi göstərilmir.
    M.Füzuli özü nə mənanı sözdən – formadan, nə də sözü mənadan artıq tutmur. Farsca divanının dibaçəsindəki məşhur beyt bunu aşkar sübut edir:

     Söz mənadan asılıdır, məna sözdən hər zaman
     Bir-birindən asılıdır necə ki, cism ilə can.

     (III c., s. 11)

     M.Füzuli elə həmin dibaçədə yazır ki, «Dilbərlərin təfəkkürə yox tabı» (s. 18). Onların sevdikləri forması gözəl aşiqanə qəzəllərdir. Burada, şair məzmundan daha çox formaya üstünlük verir. Bəlkə, elə ona görə də Füzuli deyirdi «Qəzəlin özünəməxsus bir dili və müəyyən kəlmə aləmi var» (III c., s. 16).
     «Məzmun dəqiqliyi və ibarə gözəlliyi», «sənətin məzmunu da heyrətə salır, forması da heyran qoyur», «məna gövhərdir, söz isə sədəf», «söz mənanın surəti, məna sözün canıdır» - S.Əliyevin M.Füzulinin sənət konsepsiyasından təhlil edib çıxardığı nəticələr, ön plana çəkdiyi kəlamlar bunlardır. Fikrimizcə, mənası aydın bu dəqiq deyimlərin təhlil və şərhə ehtiyacı yoxdur.
     Poeziyanın mənbəyi şairin qəlb aləmidir. Şairin qəlbi söz bitirən torpağa bənzəyir. Füzulinin şeri onun qəlbində yuva bağlamış ilahi ruhdan boy atır, hər damlasından qəm daman göz yaşı ilə sulanır. Atəşlə su (qəlbin atəşi ilə gözün suyu!) heç bir poeziyada M.Füzuli şerində olduğu qədər iç-içə yaşamayıb. Bu atəşi və suyu Füzuli «Üslubu dürüst, üsulu qaim» şerdə ifadə etməyi başlıca şərt hesab edirdi. S.Əliyev bunu sadəlik və aydınlıq tələbi kimi şərh edir. Yəni, dürüst üslub dəqiq ifadə, qaim üsul – möhkəm qanun, poetik kanonların icrası vacib sayılırdı.
     S.Əliyev oricinallıq və təqlidçilik məsələsində də müəyyən ziddiyyətə yol verir. O, bir yandan yazır ki, «Leyli və Məcnun» mövzusunun məşhurluğu M.Füzulini cəlb etmiş, ona müvəffəqiyyət gətirmişdir, bir az sonra isə yazır: «Füzulinin nəzərində, ümumiyyətlə oricinallıq, qismən də mövzunun oricinallığı ilə bağlı idi» (s. 105). Əlbəttə, burası doğrudur ki, oricinallıq Füzulinin nəzəri irsində qoyduğu ciddi elmi həqiqət, həm də poeziyaya gətirdiyi keyfiyyət idi. M.Füzuli farsca divanının dibaçəsində ürək ağrısı ilə yazırdı: «Qəribə bir haldır, söylənmiş bir sözü söylənildiyinə görə, söylənməmiş bir sözü isə əvəlcə söylənilmədiyinə görə işlətmək olmur» (III c., s. 16). Ənənə və novatorluğun bu vəhdəti və ziddiyyətini M.Füzuli öz yaradıcılığında yüksək səviyyədə həll etmiş, təqlidin puçluğunu, oricinallığın ölməzliyini təsdiq etməyə nail olmuşdur. Oricinallıq, əslində ənənəyə yaxınlıq, onu həzm və təsirini dəf etməkdən başlanır. Füzulinin böyüklüyü bu çətin yaradıcılıq işini vaxtında icra etməsində idi.
     Şərq ədəbiyyatında, o cümlədən klassik Azərbaycan ədəbiyyatında M.Füzulini fərqləndirən cəhətlərdən biri, onun mədh və həcvdən uzaq olmasıdır. Şairin manifesti, poetik bəyanatı olan aşağıdakı beyt bunu təsdiq edir:

     Məndən, Füzuli, istəmə əşari-mədhü zəmi,
     Mən aşiqəm, həmişə sözüm aşiqanədir.

     (I c., s. 107)

    Fikrimizcə, S.Əliyev də öz kitabında şairin bu iki bədii idrak üsuluna münasibətini doğru izah edir: «Bu iki üsul təsvir obyektini təhrifdə birləşir. Mədhiyyədə tərif olunan şəxs ağlasığmaz bir şəkildə göylərə qaldırılır, həcvdə isə təkdir olunan adam yenə də həqiqətdə olduğundan daha çox eybəcərləşdirilir» (s. 111). Mədh və həcv problemi S.Əliyevi istər-istəməz M.Füzulinin qəsidə yaradıcılığına yönəltmişdir. Məlumdur ki, Füzuli qəsidəni «mübhəm ifadələr meydanı… mətin mənalar məkanı» adlandırmış, farsca divanının dibaçəsində qəsidə janrına müraciətinin səbəbinin belə izah etmişdir: «Çətin anlaşılan ibarələrə və məzmun incəliyinə qarşı yaradılışımda bir məhəbbət vardır. Bunun üçün təbiətim həmişə müəmma və qəsidə yazmağa meyl edirdi» (III c., s. 16). Əlbəttə, Füzulinin qəsidələri içərisində mədhiyyələr və tənqidi fikirlər ifadə edən şerlər də vardır. Lakin, şair qəsidə janrına da yenilik gətirdi, «padşahlara xütbə mənbəri» vəzifəsi janrın poetika və praktikasına məhz Füzulinin aşıladığı keyfiyyət və funksiya idi» (s. 112).
    Bütün tədqiqatçılar, o cümlədən S.Əliyev bu fikirdədir ki, M.Füzuli qəsidə janrından tərif üçün yox, şahlara, hakimlərə öyüd vermək, ağıl və mərifət aşılamaq üçün istifadə etmişdir. S.Əliyev bəzi məqamlarda ifrata vararaq M.Füzulini , az qala maarifçi kimi təqdim edir. Monoqrafiyanın birinci hissəsində müəllifin gəldiyi son qənaət budur ki, əsərlərində, xüsusilə qəsidələrində dövrünün naqis cəhətlərini tənqid etsə də, M.Füzuli satira yazmayıb və o, satirik şair deyil. Şairin şerdə «mədh»ə münasibəti necə idisə «zəmm»ə (satiraya) münasibəti də eləcə idi.
    Füzulidə elm şerin xalisliyini müəyyən edən bir əyardır. S.Əliyevə görə «Şerlə məzmun arasındakı sədd ancaq «elmilik» üstündə bənd ala bilərdi. Nəzm bu səddə qurtarır, şer isə bu səddən başlayırdı» (s. 161). Bu fikri Ə.Mirəhədov Füzuli yaradıcılığına istinadən daha dəqiq ifadə edir: «Füzuli qəzəl yazmağa bir şair kimi başlamış, bu işi bir alim kimi davam etdirmişdir 1». (font size=1>Mirəhmədov Ə. Yazıçılar, talelər, əsərlər. B., 1978, s. 7)

     M.Füzuli nəinki həqiqi şerin əsasında elmin dayanması zərurətini irəli sürür, hətta bütündən-bütünə şerin elm olduğunu iddia edirdi. Şair farsca divanının dibaçəsində yazır: «Bil ki, şer fəziləti də ayrı bir elmdir və kamal növlərindən mötəbər bir növdür» (III c., s. 13). S.Əliyev buna izah verərək, belə nəticə çıxarır ki, şairin nəzərinə görə şer elmin nəzm donu geymiş, obraza bürünmüş mükəmməl forması, yüksək pilləsidir. O, hətta elm + nəzm = şer kimi bir düstur da formulə edir (s. 141). Belə çıxır ki, elmi, yəni fikri, məlumatı nəzmə çək, olsun şer. Belə hesab edirik ki, şeri, onun ifadə etdiyi ruhu, duyğunu heç bir düsturun çərçivəsinə salmaq olmaz. S.Əliyevin əslində maraqlı olan bir fikri ilə də mübahisə etmək olar. Müəllif yazır: «Füzulinin elmi beytləri iki qatdan ibarətdir: birinci qat – elmi özül, ikinci qat – bədii obraz.
    Birinci qat mövcud olanı, ikinci qat mümkün olanı ərz edir.» (s. 142-143). Bu fikirlə razılaşmaq çətindir. Əsasında obraz dayanan bədiilik əslində mümkün olanı yox, mümkün olmayanı yaratmaqdır. Oskar Uayldın məşhur bir fikri var: «Sənət meşələrdə olmayan çiçəklər, çəmənlərdə tapılmayan quşlar tanıyır. O, bir çox dünyalar yaradar, bir çox dünyaları məhv edər, göydən al sap ilə ayı yanına çəkər». Sənətin bədii gücü, qüdrəti də məhz bundadır, o gözlənilməzliyi ilə insanı valeh edir, həmçinin ona estetik zövq verir, inanılmazlıqları adiləşdirir, uyuşmazlıqları vəhdətə çevirir. Dünya söz sənətinin zirvəsi olan M.Füzuli sənəti də belədir: oricinal, füsunkar, cazibədar və əlbəttə sehrkar.
    M.Füzuli şerində elmiliyin bir təzahürü də Şərq poetikası üçün səciyyəvi olan müraatünnəzir – simmetriyanın gözlənilməsi idi. S.Əliyev bunu təsvir mütənasibliyi kimi izah edir və şairin yaradıcılığında onun iki təzahür şəklini qeyd edir: 1) məzmun mütənasibliyi, 2) ifadə mütənasibliyi.
    Elmi fikir və həyati təcrübə! – Füzulinin poetikasında alimin önəm verdiyi əsaslardan biri məhz budur. S.Əliyev elmi və həyati informasiya tələbini «elmli şer» konsepsiyasının prinsiplərindən birincisi hesab edir. Əlbəttə, elmli şer nəzmə çəkilmiş fakt rəqəm və məlumatlardan ibarət deyil. Nəzmlə hazırlanmış tarix, lüğət, riyaziyyat, məntiq, kitabları Şərqdə çox idi və bunları heç vəchlə poeziya adlandırmaq olmazdı. Belə nəzm təlimi nəzm, dərs vəsaiti ola bilərdi, o, obrazlı təfəkkürdən çox, əqli mühakimənin yavrusu idi. M.Füzuli öz yaradıcılığında həmişə bədii təxəyyülün atəşli imkanlarına güvənmiş, onu elmin soyuqluğuna qurban verməmişdir. Poetikanın mühüm elementi olaraq, Füzuli şerinin dilindən bəhs edən müəllif yazır: «Bəzən Füzuli dilinin ünvanına deyilən çətinlik də, əslində onun ədəbi dilindən çox şerinin elmiliyinə və obrazlılığına aid edilməlidir. Təbiidir ui, elmli şerin dili də zəngin, mürəkkəb, elmi istilahlarla müzəyyən dil olmalıdır… Füzuli dilinin zənginliyi elə onun elmilik və obrazlılıq dərəcəsini göstərir» (s. 179-180). S.Əliyev Füzuli poetikasına orta əsrlərdə mövcud olmuş elmlərin metodları ilə açar salmağa çalışır. Belə bir fikir irəli sürür ki, Füzuli riyaziyyatın poeziyasını duyur, poeziyanın da riyaziyyatını kəşf edirdi» (s. 193). Tədqiqatçı Füzulinin «hikəmi və həndəsi» elmlərdən istifadəsini həmin dəqiq elmlərin nəticə və hökmlərindən, mühakimə və məntiqindən faydalanaraq obraz yaratmaq metodu ilə əlaqələndirirdi. Əlbəttə, yüksək elmi təfəkkürlə, ilahi vergisi olan istedadın – bədii təxəyyülün vəhdətindən yaranmış Füzuli şerinin poetikasını açmaq üçün həm elmi – intellektual-nəzəri təfəkkürə, həm də ali duyğuya malik olmaq lazımdır. S.Əliyev Füzulinin elmini də, ilhamını da eyni zamanda mühit və tarixi şansla, zaman və taleyin üst-üstə düşməsi ilə bağlayır: «Tale Füzuliyə əvəzsiz bir səadət – böyük elmi kəşflər dövründə yaşamaq səadəti də bəxş etmişdi: o, Şərq və Qərb mədəniyyətinin daha sürətlə qovuşmağa başladığı, nəhəng dünya səyahətlərinin və coğrafi kəşflərin sıxlaşdığı, Qərbdə Amerikanın, Şərqdə Hindistanın kəşf olunduğu, çap işinin inkişafa üz qoyduğu, nəhayət, Azərbaycan milli dövlətinin yaranıb yüksəldiyi bir dövrdə, dünya miqyaslı daha bir çox hadisə və inqilabların baş verdiyi zəngin və mürəkkəb XVI əsrdə yaşayıb yaratmışdır» (s. 156-187). Fikrimizcə, S.Əliyevin bu qənaəti olduqca doğrudur, şairin yetişdiyi tarixi zəmini düzgün xarakterizə edir. Əslində, bu dövr Avropada dahi V.Şekspiri, Şərqdə Füzulini yetişdirdi. Və ondan sonra dünya ədəbiyyatında bu səviyyədə şəxsiyyətlər yetişmədi.
    Füzuli öz nəzəri konsepsiyası hüdudunda şerin mənşəyi, məqsəd və vəzifələri, şerdə düzlük və səmimyyət, şerdə bədii yalan, məzmun və forma vəhdəti, oricinallıq və təqlidçilik, mədh və həcv, şerlə elmin vəhdəti – «elmi şer», təsvirdə tənasüblük, elmi fikir və həyati təcrübə kimi poetik və estetik problemləri qoyub həll etmiş və poeziyada onun ən parlaq nümunələrini yaratmışdır. Bu qlobal problemləri sərraf gözü ilə təhlildən keçirən «Füzulinin poetikası» Azərbaycan füzulişünaslığında hələlik zirvə məqamında duran monoqrafik tədqiqatdır. Monoqrafiya ciddi nəzəri zəminə, mükəmməl metodoloci əsasa malikdir. Burada Şərq poetikası ilə Qərb nəzəri fikri vəhdətdə iştirak edir və S.Əliyevin füzulişünas-alim kimi sanballı fikir adamı olmasından xəbər verir. Monoqrafiyada kənar nəzəri postulatlar Füzuliyə tətbiq edilmir, şair-Füzuli alim-Füzulinin nəzəri görüşləri kontekstində təhlil olunur. Buna görə də əsərdə Füzuli bütöv görünür, onun nəzəri poetik kəşfləri aydınlaşır. «Füzulinin poetikası» Füzulinin nəzəri-poetik dərk mərhələsinin elmi-nəzəri simasını müəyyənləşdirən fundamental tədqiqat əsəridir. Elmi-nəzəri məqsəd aydınlığı, dəqiq tədqiqatçı mövqeyi, əhatəli konsepsiya, fakta və şer duyğusuna əsaslanan intellektual təhlil və məntiqli nəticələr bu əsərin dəyərini müəyyənləşdirən xüsusiyyətlərdir.
    «Füzulinin poetikası»ndan düz on il sonra S.Əliyevin «Füzuli» (nəzəri-bədii düşüncələri) kitabı (Bakı, Azərnəşr, 1996) çap olundu. Bu kitabda da alim poetika kitabındakı bəzi fikirlərini davam etdirir, bəzilərini tamamlayır, bir çox hallarda isə yeni qənaətlər irəli sürür. Toplu xarakterli kitaba daxil olan yazılardan «Nəzəri fikir sarayımızın təməl daşları», «Füzuli ədəbiyyatşünas alim kimi», «Şair-alim Füzuli», «Füzuli məzmunla formanın vəhdəti haqqında» kimi yazılar «Füzulinin poetikası» əsərində qoyulan problemlərin davamı idisə, «Füzuli və musiqi», «Füzuli mətnində yalançı notlar», habelə «Bircə sözün xətası» silsilə məqalələr alimin M.Füzuli sənətinə, onun poetik taleyinə yeni münasibətin ifadəsi kimi dəyərləndirilə bilər. Bu kitabda S.Əliyev Füzuli irsinin həqiqi varisi, qeyrətkeş tədqiqatçısı kimi çıxış edir və bir füzulişünas kimi xüsusi rəğbət qazanır. Onun İstanbul Universitetinin müəllimi doktor Şeyma Güngörə açıq məktub tərzində yazılmış «Füzuli vəzninin yanlış təsviri» yazısı, Füzulinin farsca tərcüməsində səhvlərə həsr olunmuş «Bircə sözün xətası, yaxud Füzulinin dedikləri və … demədikləri» (Birinci giley) məqaləsi, Azərbaycan divanının ruscaya tərcüməsinə həsr olunmuş «Bircə sözün xətası» (İkinci giley), «Leyli və Məcnun» şedevrinin ruscaya tərcüməsində buraxılan səhvlərə həsr edilmiş «Bircə sözün xətası» (Üçüncü giley) məqalələri klassik irsin taleyi üçün təəssübkeşliyin xalqın milli-mənəvi sərvətinə həssas vətəndaş və ziyalı münasibətinin təkcə mənalı faktları yox, həm də böyük örnəkləridir. Bu kitablarla bərabər, onun çox möhtəşəm əməyinin bəhrəsi olan dörd cildlik «Füzuli qəzəllərinin şərhi» (Bakı, «Adiloğlu» nəşr, 2004) kitabları bizə əsas verir, deyək ki, S.Əliyev Azərbaycan füzulişünaslığında müstəqil bir epoxa və ayrıca monoqrafik tədqiqatın mövzusudur.1. ( Sabir Əlim Xəliloğlu. Füzuli qəzəlləri şərhi. 4 cilddə, I cild, Bakı, Azərnəşr, 2004, s.3)

    Mərhum S.Əliyevin bu şərhə yazdığı «Füzuli qəzəllərinin şərhi haqqında» adlı ön söz onun tədqiqinə bütün mənalı ömrünü həsr etdiyi dahi şair haqqında son sözü idi. Və məhz burada o, Füzulinin daha düzgün dərk və şərh edir: «Onun qəzəllərində aşiq və məşuq olaraq, Allah təsvir edilir. Həm də şairimiz Allahı insanda tapdığı bütün müsbət sifətlərin ilk daşıyıcısı kimi göstərir. Füzuli Allahı hər cür gözəlliyin təkcə yaradıcısı kimi yox, həm də sahibi kimi verir. İnsana xas olan yaxşı nə varsa, hamısı, ilk növbədə, mükəmməl şəkildə məhz Allaha məxsusdur. Füzuliyə görə Allah heç vaxt pis şeylər və naqis sifətlər yaratmamışdır, onun yaratdıqlarınını hamısı idealdır və gözəldir, yalnız bizim gözlərimiz onları eybəcər şəkildə görür (Çünki, bizim gözümüz Haqqı görməyə qabil göz – Bəsirət gözü deyil – G.Ə.) Allahın gözəl yaratdıqlarında eyib axtarmaq insanların öz idrak səviyyələrindən asılıdır…
    Xalis Allah bəndəsi, islam şairi, peyğəmbər vəssalı olan Füzuli heç vaxt xırda məişət qayğıları səviyyəsinə enməmiş, həmişə öz uca bədii və elmi idrak səviyyəsi ilə addımlamışdır» . İstedadlı və çox zəhmətkeş füzulişünas alimin bu son qənaəti ciddi-cəhdlə Füzulini sufizmdən ayırmaq istəyən sovet füzulişünaslığına məntiqli və çox doğru, tutarlı elmi-nəzəri və tarixi cavabdır. Lakin, burada S.Əliyev yanlış bir fikir də söyləyir ki, onu qeyd etmədən, ona münasibət bildirmədən ötüşə bilmərik. Alim yazır: «Şərhçilik bir elm kimi ərəblərdə min ildən, farslarda bir neçə yüz idən bəri mövcud olduğu halda, türklərdə nisbətən yeni sahələrdəndir» (s. 4). Bu fikir elmi-tarixi baxımdan yanlışdır. Bəs onda Şərqdə şərhçilik elminin banisi Xətib Təbrizini, bəs məşhur «Şərh-əl Həmasə»ni kimin ayağına yazaq?! Son abidəsi VIII əsrdə tamamlanmış Hind sanskrit poetikasından, müqəddəs «Quran»a yazılmış şərhlərdən ənənə qəbul etmiş Xətib Təbrizi (XI əsr) məktəbi ərəbdilli poeziya üzərində qurulsa da, Azərbaycan şərhçilik məktəbi idi.



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az