Gülşən Əliyeva09.04.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən ƏliyevaBu, akademik Məmməd Cəfərin 1941-ci ildə yazdığı «Füzuli sevir» məqaləsinin ilk cümləsidir. Sonralar bu cümlə M.Füzulinin bədii-fəlsəfi görüşlərini əks etdirən aforizm kimi məşhurlaşdı: «Füzuli sevir, Füzuli düşünür deməkdir. Aşiq Füzüli ilə mütəfəkkir Füzuli ancaq vəhdət halında alışdığı zaman onu duymaq olur. Füzuli başqa cür dərk edilə bilməz. Böyük bir ideal kəskin sərrast məntiqlə ifadə edildiyi kimi, dəhşətli bir gülüş, amansız, sarsıdıcı bir satira, könül açan və ya ürək parçalayan məhəbbət lirikası ilə də ifadə edilə bilir. Biz Füzulinin böyük fikirlərini onun aşiqanə deyilmiş sözlərində axtarmalıyıq. Füzulinin aşiqanə sözləri, onun həkimanə sözləridir» (Məmməd Cəfər. Seçilmiş əsərləri. İki cilddə. I cild, B., «Azərnəşr» 1973, s. 41.). Məhz, bu gözəl, qanadlı, eyni zamanda, məzmunlu mülahizələrlə böyük alim dahi Füzulinin sevgi və hikmət dünyasına uğurlu bir açar sala bilir. Elə bu dövrdən də nəzəriyyəçi alimin M.Füzuli sənətinə diqqəti başlanır. Onu qəlb şairinin fəlsəfi görüşləri, dünyagörüşü daha çox maraqlandırırdı. Alim doğru yol seçmişdi, M.Füzulinin fəlsəfi dünyasını məhz şairin sehrli lirikasından keçib getmək olardı. Uzun illərin axtarışları öz səmərəli bəhrəsini verdi, şairin vəfatının 400 illiyi bütün dünyada, xüsusən dünyanın yarısını əhatə edən keçmiş SSRİ-də qeyd olunan vaxt M.Cəfər öz töhfəsini – «Füzuli düşünür» (1959) kitabını verdi. Məmməd Cəfərin «Füzuli düşünür» (1959) monoqrafiyası Azərbaycan füzulişünaslığının tarixilik mərhələsini nəzəri-estetik baxımdan formalaşdıran əsərdir. Görkəmli alim 1958-ci ildə tamamladığı kitabın sonunda təvazökarlıqla yazır: «Bu qeydlərin müəllifi Füzulinin dünyagörüşünü, fəlsəfi fikirlərini hərtərəfli aydınlaşdırmaq məqsədini qarşısına qoymamışdır. Bu olsa-olsa böyük şairin milyonlarca oxuyucularından birinin qeydləridir» (s. 94). Bu etirafın monoqrafiyanın son abzasında verilməsi təsadüfi deyil. Burada dahi Füzuli sənətinə, Füzuli dünyagörüşü və fəlsəfi-estetik sisteminə baş vurub çıxmış nəzəriyyəçi alimin Füzuli dühasına, onun fikri əzəmətinə pərəstişi ifadə olunub. Həqiqətdə isə M.Cəfərin «Füzuli düşünür» əsəri şair Füzulidə mütəfəkkir Füzulini kəşf edən, açıb aləmə göstərən nəzəri monoqrafiyadır. Əslində bu monoqrafiya Azərbaycan füzulişünaslığının tarixilik mərhələsinin nəzəri-fəlsəfi təməlini qoyan və təbii ki, yarandığı dövrün ideologiyasının basıncı altında müəyyən metodoloci ziddiyyətləri də əks etdirən çox dəyərli bir elmi əsərdir. Monoqrafiyada M.Füzuli «yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtaran… allah problemini «dövran», «gərdiş», təbiət problemi ilə əvəz etməyə təşəbbüs göstərən»… «əql ilə etibar arasında tərəddüd edən» (s. 5) şair kimi təqdim olunur. «Azərbaycan şerini Füzulisiz təsəvvür etmək mümkün deyil» (s. 3) – deyə araşdırmaya, fikir və mühakiməyə yol alan müəllif onu «bəşəriyyəti orta əsrlər dünyasından eşq, səadət dolu işıqlı bir gələcəyə doğru səsləyən məğrur» mütəfəkkir, bədii təfəkkürümüzün inkişafına nəcib təsirini göstərən canlı müasirimiz olaraq tədqiqata cəlb edir. M.Cəfər obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən tarixilik prinsipinə istinad edərək M.Füzulinin yaşayıb yaratdığı zəmanədən tarixi mühitdən bir an belə olsun ayırmır, orta əsrlərin şəraitini, zamanın kontekstini diqqətlə nəzərə alaraq yazır: «Füzuli zəmanəsinə son dərəcə həssas münasibət bəsləyən, əsrini bütün mürəkkəbliyi, ziddiyyətləri ilə dərk etməyə çalışan mütəfəkkir şair olmuşdur» (s. 4). Füzulinin böyüklüyünü «insanı, insan mənəviyyatını, şüurları, zövqləri orta əsrlərin hakim, ənənəvi qənaətləri, puç etiqadları çərçivəsindən xilas etməyə can atmasında, feodal münasibətlərini cəsarətlə ittiham etməsində» (s. 4) görən alim, təbii ki, öz meyarlarında sosioloci amilə, sovet elminin tədqiqat metodologiyasının bariz ifadəsi olan sinfi münasibət üsuluna üstünlük verir, ona görə də müasiri H.Araslı kimi ciddi-cəhdlə Füzulini realist-materialist mütəfəkkir kimi təqdim etməyə çalışırdı. M.Cəfər yazıb: «Feodal dünyasında hökm sürən dini ideologiyaların tutqun, qaranlıq səmasında Füzuli özünü əql-idrak günəşinə doğru çevirmiş, çox yerdə eşq adlandırdığı bu əql-idrak günəşində qızınmış, özünün dönə-dönə qeyd etdiyi kimi, bu eşqin parlaq şüalarından mərifət hasil etmiş, zahirdə eşq-məhəbbət, əslində isə zamanına görə elmi bir dünyagörüşü olan ölməz eşq dastanını yaratmış, bu aşiqanə mərifət dastanı ilə də səadətin və ədalətin yolunu nurlandırmağa, sağır göylərə sığınmış olan məhkum insana bacardığı qədər həqiqəti deməyə çalışmışdır» (s. 4). M.Cəfərin M.Füzuli dünyagörüşündə eşqin rolu haqqında əsas, ümumiləşmiş qənaəti belə idi. Göründüyü kimi, bu təyinatda alimin öz sözü ilə desək «real düşüncə, elmi dünyagörüşü, nikbinlik, həyat eşqi və ictimailik qalib gəlirdi» (s. 6). Göründüyü kimi, bu konsepsiyada qəlbin, ruhun rolu, eşqin ilahiliyi haqqında işarə belə yoxdur. Doğrudur, məşhur qəzəllərindən birində M.Füzuli yazır: Ey Füzuli, eşq mənin qılma nasehdən qəbul, Əql tədbiridir ol, sanma ki, bir bünyada var. (Füzuli. Əsərləri, 6 cilddə, I cild, «Azərbaycan» nəşriyyatı, Bakı, 1996, s. 123) Amma Füzulinin bütün poeziyasında eşq daha çox qəlbin yavrusu, ilahi töhfəsi, tanrı əmanəti, insanı haqqa qovuşduran ilahi qüdrət və əlbəttə, insan kamilliyinin əlaməti kimi mənalandırılır. Qəzəllərinin birində şair yazır: Əql yar olsaydı, tərki-eşqi yar etməzmidim? İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim? (Füzuli. Əsərləri, 6 cilddə, I cild, s. 221) Bütün sovet alimləri kimi, M.Cəfərin də M.Füzuli eşqini zorla göylərdən, ilahi aləmdən qoparıb yerə endirməsi, onu daha çox təbiətlə əlaqələndirməsi sənətin varlığa estetik münasibətini materialistcəsinə (marksistcəsinə!) həll etmək zorunda qalması ilə bağlı idi. Halbuki məşhur qəzəllərindən birində şair eşqin əql bəhrəsi olmasını deyil, bu qəlb yavrusunun insanı kamala yetirdiyini yazır: Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, Bu fəzalət daxili-əhli-kəmal eylər məni. (Füzuli. Əsərləri, 6 cilddə, I cild, s. 301) Eşq insanı kamala çatdıran bir qüdrətdir, ona görə də Məcnun orta əsrlərin ən kamil şəxsiyyəti, yeni fikirli ziyalısı idi. Füzulidə eşq məhz elə M.Cəfərin dediyi «yeni mənəvi istinad nöqtəsi, yeni məslək, yeni həqiqət axtarışı» idi. M.Cəfər bu qiymətli monoqrafiyasında M.Füzulinin dünyagörüşünün, onun fəlsəfi görüşlərini izah etmək üçün bir neçə ciddi və mübahisəli məsələni nəzərdən keçirir. Onları aşağıdakı tərzdə təsnif etmək olar: 1. Füzuli yaradıcılığında eşqin xarakteri; 2. Füzulinin sufi olmadığı sübut etmək; 3. Füzuli poeziyasında ruh və onun mahiyyəti; 4. Füzulidə əql və etiqadın münasibəti; 5. Füzuli dünyagörüşündəki ziddiyyətlərin sufizmdən törənməsini izah etmək. Müəllif öncə Füzuli eşqinin xarakteri ilə bağlı özündən əvvəlki alimlərlə mübahisələr aparır. Əsasən, türk alimləri – təsəvvüf haqqında dəyərli tədqiqatlar müəllifi M.F.Köprülüzadə və 20-ci illərdə Azərbaycanda fəaliyyət göstərən İ.Hikmət Füzuli eşqinin ilahi bir eşq, sufi eşq olması fikrini iqrar edirdilər. Məsələn, İ.Hikmət yazırdı ki, «Füzuli təvəkküldə dərin bir ilahi zövq duyan şairdir… Füzuli eşqi-ilahidə, eşqi-təsəvvüfidə fənafillah mərtəbəsinə varmaq istəyən aşiqlərdəndir».( İsmayıl Hikmət. Füzulidə lirizm. «Yeni yol» qəz., 21 may 1925). M.F.Köprülüzadə də özünün 1926-cı ildə Bakıda çap olunmuş «Azəri ədəbiyyatına dair tədqiqlər» əsərində Füzulidən «eşqi-ilahi», «eşqi əflatuni»ni tərənnüm edən bir şair kimi bəhs edirdi. Bütün bunları «Qərb burcua şərqşünaslarının təsiri» kimi izah edən M.Cəfər həmin əks mülahizələrə – professor B.Çobanzadənin və Türkiyəli tədqiqatçı A.Kölpinarlının fikirlərinə müraciət və istinad edir. Türkiyəli həmkarlarına cavab olaraq B.Çobanzadə belə qənaətə gəlirdi ki, «Füzuli sufi, mistik degildir. Gerçək sufilər kibi o da «şərab»dan, «eşq»dən bəhs edir… «Eşq»inə gəldikdə burada da biz xalqın «Qara sevda» dedigi melanxoliyə, ən yüksək həyəcan və yəs dərəcələrinə qədər çıxan cinsi bir sevgi, səltənət və məzhəb qavğalarından uzaq bir güşədə ailə qurmaq, bəxtli olmaq istəyən həssas fərdiyyətin – individualist sevgisi göruyoruz. Böylə bir sevgi ilə Əhməd Yasəvi, Yunis Əmrə kibi türk sufilərində rast gəldigimiz «Eşqi-İlahi, «Əflatuni məhəbbət» arasında pək böyük fərq vardır… Gərçi Füzulidə həqiqi sufi parçalar da vardır, çünki o, İranın, Ərəbin klassik sufi şairlərindən nümunələr görmüş, dərs almış, təsir qalmış ola bilir» . (Bəkir Çobanzadə. Füzuli və onun yeri. «Füzuli» Azərbaycan ədəbiyyatı cəmiyyəti nəşriyyatı. Bakı, 1925, s.79-80). M.Cəfər B.Çobanzadənin bu fikirlərini «füzulişünaslıqda müsbət hadisə» kimi qiymətləndirir. Türk füzulişünası Ə.Qaraxanın «Füzuliyə saf bir mütəsəvvüf demək çətindir» mülahizəsinə, «Füzuli divanı»na müqəddimə yazmış A.Kölpinarlının «Füzuli heç bir vaxt kəndisini təsəvvüf çaldırmış şair deyildir… Füzuliyə heç zaman sufi demək olmaz», «Leyli və Məcnun»dakı sufizm «aşiqanə bir təsəvvüfdür» kimi fikirlərinə istinadən M.Cəfər M.Füzulinin sufi şair, onun eşqinin sufi eşq olmadığını sübuta çalışır. M.Cəfərin məqsədi Füzulini həqiqətyun, «realist, rasionalist bir mütəfəkkir» (s. 15) olduğunu iqrar və isbat etməkdir. Lakin bu, ağa qara demək qədər çətin, mümkünsüz bir işdir. Müəllifin öz mövqeyini təsdiq üçün gətirdiyi istinadlardan da göründüyü kimi, heç kəs Füzulini sufizmdən tam uzaq bir şair hesab etmir. Nəhayət, M.Cəfər özü də bu həqiqəti qəbul etməli olur: «Füzulinin görüşlərində həqiqətən real maddi varlıqdan başqa bir «ülvi aləmdən feyzlənmək» motivləri də olmuşdur. Lakin bu, onun yaradıcılıq və dünyagörüşünün heç də yüksək zirvəsi olmayıb, ancaq müəyyən zəif cəhətləridir» (s. 15-16). M.Cəfər Füzuliyə münasibətdə hər iki cəhətə – həm onu ifrat zövqpərəst, həm də zahidliyə meyl etdiyini iddia edən fikrə qarşı çıxır və öz konsepsiyasını bu fikirlərlə mübahisə müstəvisində qurur. Alim Füzuli bədbinliyini şairin romantikasından doğan, zəmanədən narazılığından irəli gələn bir xüsusiyyəti hesab edir. Beləliklə də, o iddia edir ki, şairi yalnız tərki-dünyalığa qarşı zövqpərəstliyi qoyduğuna görə qiymətləndirmək olmaz. O, həm Füzulinin zahidliyini, həm də zövqpərəstliyini qəbul etmir. Nəticədə meydana realist bir Füzuli qoyur və onu təhlillə məşğul olur. Görkəmli nəzəriyyəçi, mərhum Y.Qarayevin romantizmlə bağlı məşhur bir fikri yada düşür: «Romantizm məhz bir romantizm kimi təhlil olunmaq əvəzinə realizmin xüsusiyyətləri baxımından təftiş edilir» . (Q.Yaşar. Realizm: sənət və həqiqət. Bakı, «Elm» 1980, s. 25). M.Cəfərin də Füzuliyə münasibətində belə bir metodoloci yanlışlıq meydana çıxır: o zorən Füzulini realist-materialist etməyə, onun yaradıcılığına xas əsas mahiyyətdən – sufizmdən «təmizləməyə» qoparıb ayırmağa çalışır. Bu, hər şeydən əvvəl materialist-marksist sovet aliminin sufizmə yanlış münasibətindən irəli gəlir. O yazıb: «Bunu da nəzərə almaq lazımdır ki, sufizmə vahid fikir cərəyanı kimi baxmaq olmaz. Sufizm daha çox seyrçi və bədbin bir dünyagörüşü olmuşdur, bu onun zəif cəhətidir» (s. 24). Alim bu yanlış fikrini əsər boyu israrla davam etdirir. O, Füzulinin sufizmlə çətin mübarizə apardığını iddia etdikdən sonra, bu mübarizənin çətinliyinin səbəbinin izah edərək yazır: «Çünki sufizm və ümumən təriqətçilik, xüsusən sənətdə, bədii yaradıcılıqda müəyyən müsbət keyfiyyətlərə də malik idi və yuxarıda dediyimiz kimi o vahid bir fikir cərəyanı da deyildi» (s. 78-79). Əlbəttə, hörmətli alimin dəyərli əsərinə və füzulişünaslıq (ümumən ədəbiyyatşünaslıq!) sahəsindəki misilsiz xidmətlərinə qədrşünaslığımızı bildirməklə yanaşı, qeyd etməliyik ki, həm onun, həm də sovet dövrü füzulişünaslarımızın sufizmə belə məhdud münasibəti ciddi yanlışlıq idi. Avropa və rus, həmçinin Şərq alimlərinin ən üzdə olan məşhur tədqiqatlarında sufizm mürəkkəb iman və irfan cərəyanı kimi nəzərdən keçirilir?. M.Cəfərin Füzuli eşqinin xarakteri, sufiliyi ilə bağlı əsas nöqsanı bundadır ki, o, bütün monoqrafiya boyu sufizmi zahidlik səviyyəsində qəbul edir, «Rindü-Zahid» əsərinə instinadən Füzulini zahidliyə qarşı qoyur. Halbuki, zahidlik sufizmin ilkin, ibtidai mərhələsi idi. «Müsəlman dünyasında zahidlik hərəkatı nizamı pozulmuş, ədalətsizliklərlə dolu cəmiyyətə qarşı müxalifət ovqatından yaranır. Zahidlik hərəkatının xarakterik xüsusiyyətləri dünyaya ifrat dərəcədə bağlanmamaq üçün dünyadan ifrat dərəcədə ayrılmaq və Allahı unutmamaq üçün onun adlarını müntəzəm olaraq təkrarlamaq idi. Bu hərəkatı sufizm kimi xarakterizə etməyə imkan verməyən başlıca cəhət mistik yaşantının zəifliyidir. İslam sivilizasiyası daxilində zahidlikdən sufiliyə keçid VIII əsrin sonları IX əsrin əvvəllərində baş verir» . (Sərxan Xavəri. Azərbaycan təsəvvüf ədəbiyyatı (XIII-XVI əsrlər). Avtoreferat. Bakı, 2000, s. 6). Bu sətirlərin müəllifi S.Xavəri Füzulinin sufi-təsəvvüf ədəbiyyatının qüdrətli nümayəndəsi kimi nəzəri-məntiqi tərzdə təhlil və şərh edir?. M.Cəfəri də, digər tədqiqatçıları da Füzulinin eşqi və sufiliyi məsələsində çaş-baş qoyan şairin zahidliyi inkar etdiyi halda «Leyli və Məcnun» poemasında, xüsusilə əsərin sonunda təsəvvüfə gəlib çıxmasıdır. Bu baxımdan M.Cəfər hətta real gözəli – Leylini sevən Qeyslə, real Leylidən imtina edən Məcnunu bir-birindən ayırır: «Füzuli tədqiqatçılarının çoxu Məcnunun varlıq, gözəllik haqqında olan mistik, sufiyanə anlayışını, eynilə onun müəllifinə – Füzuliyə istinad edirlər. Hətta bu sufiyanə mistik eşqi şairin əsas fəlsəfəsi, dünyagörüşü adlandırmağa xüsusi səy göstərirlər. İşin həqiqəti isə bu müddəanı tamamilə şübhə altına alır» (s. 81). Əlbəttə, hörmətli alimin necə olursa olsun Füzulini sufizmdən ayırmaq cəhdinin ifadəsi olan bu fikirləri absurddur, heç vəchlə nəzəri təhlilə dözmür. Füzuli nəinki Məcnundur, o heç Məcnunu bəyənmir, özünü ondan daha böyük aşiq, eşqi ilahi sahibi hesab edir: Məndə Məcnundan füzun aşiqlik istedadı var, Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var. (I cild, s. 123) Yaxud başqa bir qəzəlində şair yazır: Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq, Doğru derlər, hər zaman bir aşiqin dövranıdır. (I cild, s. 128) Məsələ burasındadır ki, «Leyli və Məcnun»da Füzuli artıq zahidliklə mücadilə edən, yaxud ilahi eşq haqqı bəsirət gözü ilə görənlərin kamillik dərəcəsi kimi tərənnüm edən sufi şair deyil, irfançı mütəfəkkir idi: «Sufilər dünyanı bir kölgə, etibarsız, dəyişkən sayırlarsa, irfançı mütəfəkkirlər onu həyat və bilik məktəbi, elm xəzinəsi, böyük sirlər aləmi bilirlər» (Sasani Ç. Füzulinin irfani şerləri. AEA-nın xəbərləri. Ədəbiyyat, dil, incəsənət seriyası. B., 1996, s. 36.). Bu mərhələdə artıq əqllə eşqin münasibətləri dünyanı dərk edən iki güzgü, iki idrak müstəvisi kimi üz-üzə gəlir. Məhz «Leyli və Məcnun»da adi dünyanı dərk edən əql sahibi, ilahi aləmi içindən nur kimi keçirib insanlara səadət gətirən ziyalı, irfatçı aləmləri bəsirət gözü ilə görən eşq əhli rəmzləşərək üz-üzə dayanır. Və bizcə tədqiqatçı çox doğru yazır: «Əsərdə bizim diqqətimizi çəkən qarşılaşmalardan biri də əql və eşq qarşıdurmasıdır. Şairin bədii təzad kimi işlətdiyi bu anlayışlar təsəvvüf ədəbiyyatında, eləcə də Füzuli yaradıcılığında çox zaman qarşı-qarşıya qoyulur. Sufilər belə hesab edirlər ki, əql insanın istəyinin və idrakının məhsuludur. İnsan idrakı ilə yaradılmış bir şey olduğuna görə məhdud və naqisdir. Buna görə sonsuz və hüdudsuz olan həqiqəti dərk etməkdə acizdir. Məcnun ona görə eşqi tərk edə bilmir ki, o, artıq mənəvi inkişafın daha yüksək mərhələsinə qədəm qoymuş, əqlin hökmündən qurtulmuşdur. Əql təsəvvüf ədəbiyyatında aşiqi yarı yolda qoyub qaçan vəfasız yoldaş rəmzində verilir. Leylinin atası Məcnunun qarşısında şərt qoyur ki, əgər o ağıllı olsa, məcnunluqdan qurtarsa Leylini ona verir. Lakin Məcnun üçün bu mümkün deyil. Elm əl-yəqin mərhələsinə çatmış, bəsirət gözü ilə ilahi həqiqətləri görməyə başlamış Məcnunun eşqi qarşısında ağlı çox acizdir» (Məmmədli N. Füzulinin «Leyli və Məcnun» əsərində təsəvvüf və onun ifadə sistemi. Avtoreferat. Bakı, 2000, s. 12-13.). «Füzuli düşünür» müəllifinin eşq və sufiliklə bağlı mülahizələrinə münasibət olaraq belə qənaətə gəlirik: biz demirik ki, Füzuli real eşqdən uzaq olub, biz deyirik ki, Füzuli real eşqi ilahiləşdirib, insana kamilliyə gedən nur yolunu – eşqi nişan verib. Bu, məsələn, Qeysdən Məcnuna qədər gedən ən ülvi, ən çətin, ən ali və müqəddəs, pak bir yoldur. M.Cəfər «Zahid mənfi bir surətdir, Füzulinin ideya düşmənlərindən biridir» (s.30) dediyi kimi ilahi eşqin təməlində duran ruhu (Ruh «Quran»da «Allah əmanəti» hesab olunur – G.Ə) da az qala maddiləşdirir: «Səhhət və Mərəz»də Füzuli «ruh hərəkət mənbəyi olub dimaqda yerləşən bir qüvvədir» deyir. Alim yazır: «Səhhət və Mərəz»də ruhun, nəfsin ülvi bir aləmə doğru səfərindən də bəhs olunmuşdur. Lakin bu cəhət, bu romantika idrak nəzəriyyəsindən Füzulinin əsasən realist mövqe tutduğunu kölgələmir» (s. 49). Məgər bunu romantika, hətta realist idrakın ifadəsi hesab etmək olarmı?! Bu, sadəcə, M.Füzulini sovet ideologiyasına, materialist fəlsəfəyə uyğun olaraq zorən realistləşdirmədir. M.Cəfər M.Füzulinin görüşlərində müəyyən ziddiyyətlərin də olduğunu qeyd edir və bunu sufizm təsirinin nəticəsi kimi qiymətləndirir: «Füzulinin görüşlərində olan ziddiyyətlərin çoxu sufizm təsirindən gəlir desək – səhv etmərik. Şairimiz zahidliyi heç saya salmadan qətiyyətlə rədd edirdi. Sufizmə münasibətdə isə Füzuli hər zaman belə bir qətiyyət göstərə bilmirdi və bu mümkün də deyildi» (s. 76). M.Cəfər Füzulinin sufizmə münasibətinə dair tədqaqatlarda mövcud olan üç nöqteyi-nəzəri qeyd edir və onları birtərəfli hesab edir: birincisi, Füzuli son nəticədə sufizmə qapılmış, transendental eşq yolunu tutub; ikincisi, Füzulinin təsirləndiyi sufizm xüsusi sufizm-materialist sufizm imiş; üçüncü Füzuli sufizmlə (zahidlikdə olduğu kimi!) üz-üzə gəlmiş, sufizmə qalib gəlmişdir. M.Cəfər öz üçüncü nöqteyi-nəzərini doğru hesab edir və yazır: «Miskin Zahiddən və zahidlikdən fərqli olaraq, fəlsəfi dona girmiş sufizm Füzuliyə bəzən təbii olaraq cazibəli görünürdü. Daha dəqiq deyilsə, sufizm şairimizin qəlbinə, onun can evinə də yol tapa bilmişdi (s. 78). Beləliklə, Füzulini bütün monoqrafiya boyu sufizmdən qoruyan alim, son nəhayətdə Füzulinin sufi olduğunu təsdiqləmək zorunda qalır. M.Cəfərin tədqiqatının nöqsanlarından biri də budur ki, o, Məcnunu şairə qarşı qoyduğu kimi, elmi-nəzəri fikirlərini də bədii yaradıcılığına qarşı qoyaraq Füzulini süni surətdə ikiləşdirir. Onun bu konuda bir fikrinə nəzər salaq: «Şairin əsərlərinin rəsmi hissəsində və minacatlarında qeyri-maddi varlıq haqqında söylədiyi fikirləri, əsərlərinin əsas hissəsində, rəsmiyyət üçün deyil, ürəkdən gələn fikirlərində həmin etirafı dərin şübhə altına alır» (s.72). Əlbəttə, belə mülahizələr ciddi elmi əsasa malik deyil və onların təhlilində təfsilata varmağı lüzumsuz hesab edirik. Belə mülahizələr az qala şairin bütöv şəxsiyyətini şübhə altına ala bilər. M.Cəfər dahi şair M.Füzulinin dünyagörüşü, fəlsəfi görüşlərini araşdıraraq belə nəticəyə gəlir ki, «Varlığa münasibətdə Füzuli realistdir; qeyri-maddi varlıq, allah problemi məsələsində isə o, skeptikdir. Böyük şairin kəskin mənəvi böhranlarına səbəb də bu skeptizmdir» (s. 93-94). M.Cəfər M.Füzulinin böyüklüyünü, dünya əhəmiyyətini göstərmək istərkən onun görüşlərində şairin «insan konsepsiyası»nı ön plana çəkirdi. Çünki, bütün Şərq fəlsəfi təlimlərinin zirvə məkanı olan hümanizm bilavasitə insan amili ilə bağlı idi. Füzuli də öz böyük sələfi Nizamidə qəbul etdiyi «təbiətin tacı», «yaranmışların əşrəfi» olaninsanı öz zirvə məqamında saxlamalı idi və saxladı da. «Füzuli düşünür» düşünən Füzulini, Füzulinin insanı kamilləşdirən eşqini duyan M.Cəfərin – Azərbaycan füzulişünaslığının ən layiqli elmi əsərlərindən biridir. O, Azərbaycan ədəbiyyatşünaslığının, füzulişünaslığımızın səviyyəsini əks etdirir. M.Füzuliyə məhəbbət, onun ədəbi-tarixi roluna dərindən bələdlik, dünyanın nadir poetik inciləri olan Füzuli qəzəlinə vurğunluq, onu şərh və dərk etmək ehtirası «Füzuli düşünür» kitabının ədəbi-nəzəri pafosunu müəyyənləşdirir. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı