Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Gülşən Əliyeva

Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri (metodoloji mülahizələr) ®

11.03.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Gülşən Əliyeva

     Bütün dünyada ədəbiyyatşünaslığın əsas qollarından, təmayüllərindən biri, ayrı-ayrı klassiklər haqqında yazılan tədqiqatların formalaşdırdığı elmi istiqamətdir. Dünya ədəbiyyatının Homer, Firdovsi, Nizami, Nəvai, Şekspir kimi dahi şəxsiyyətlərinə həsr olunmuş araşdırmalar hər bir xalqın və dünya ədəbiyyatşünaslığının kontekstində müstəqil bir homerşünaslıq, nizamişünaslıq, şekspirşünaslıq elmi istiqamətini yaratmışdır. Haqqında xüsusi elm – füzulişünaslıq elmi formalaşmış belə dahi şəxsiyyətlərdən biri, ana dilli ədəbiyyatı zirvəyə çatdırmış, yaradıcılığı ilə yeni ədəbi mərhələ formalaşdırmış Məhəmməd Füzuli idi. Füzulişünaslıq şairin öz yaradıcılığının bətnindən yol alıb beş əsrə yaxındır ki, Azərbaycan ədəbiyyatşünaslığının daim yeniləşən tərkib hissəsi kimi inkişaf etməkdədir. Belə qənaətə gəlirik ki, füzulişünaslığı özünəməxsus nəzəri prinsipləri və estetik problemləri olan elm kimi araşdırmadan XVI-XX əsrlər ədəbiyyatşünaslığı haqqında bitkin təsəvvür yaratmaq mümkün deyil. Füzulişünaslıq geniş anlayışdır. Zaman-zaman müxtəlif xalqların alimləri dahi Azərbaycan şairi M.Füzulinin həyatı, mühiti, müasirləri, Şərqin üç böyük dilində – türk, ərəb və fars dillərində yaratdığı bənzərsiz söz sənəti haqqında dəyərli araşdırmalar aparmış, beləliklə də Türkiyə füzulişünaslığı, Avropa füzulişünaslığı, rüs füzulişünaslığı, Azərbaycan füzulişünaslığı və belə bir tərkibdə dünya füzulişünaslığı formalaşıb. Bu məqalədə Azərbaycan füzulişünaslığının özünəməxsus nəzəri-estetik prinsiplərə malik müstəqil elm kimi əsas cəhətlərini ümumiləşdirəcəyik. Burada tarixilik prinsipi əldə rəhbər tutularaq füzulişünaslığın mənşəyi, təşəkkülü və mərhələ təsnifi müəyyənləşdirilir, mərhələlərin tarixi miqyasları və nəzəri-estetik xüsusiyyətləri göstərilir, təzkirələrin füzulişünaslığın təşəkkülündə rolu aşkara çıxarılır.
     Təqribən beş əsrlik tarixi olan Azərbaycan füzulişünaslığı üç böyük tarixi inkişaf mərhələsi keçirmişdir: 1. Füzulişünaslığın təşəkkül mərhələsi. Bu mərhələnin üç istiqaməti vardır: Azərbaycan füzulişünaslığının mənşəyi; Təşəkkül ərəfəsi; Təşəkkülü.
    2. Azərbaycan füzulişünaslığının tarixilik mərhələsi.
    3. Füzuli irsinin nəzəri-poetik dərk mərhələsi.
     M.Füzulinin özündən XX əsrin 40-cı illərinə qədərki möhtəşəm bir dövrü əhatə edən «Azərbaycan füzulişünaslığının təşəkkül mərhələsi» ilə bağlı aşağıdakı əsas nəticələrə gəlmək olar:
    İlk Azərbaycan füzulişünası – Azərbaycan füzulişünaslığının banisi M.Füzulidir. Öz ədəbi-tarixi mövqeyi, sənətinin poetik-fəlsəfi mahiyyəti haqqında ən obyektiv və dəqiq mülahizələri məhz Füzuli özü söyləyib. Söz sənəti konsepsiyasını formalaşdırarkən şair daha çox öz yaradıcılıq təcrübəsinə istinad edib. Füzuli özünə qədərki ədəbi yaradıcılıq təcrübələrini Şərqdə üç dildə yazılmış ədəbi ənənələri, bununla bərabər hər üç dildə mövcüd olan elmləri – «həkəmi və həndəsi» elmləri mükəmməl sürətdə mənimsəmiş alim-şair idi. O, «elm bir ruhdur» deyib, bədii söz sənətini bir «fənn» olaraq təhlil etmişdir.
    Füzuli həm oricinal SÖZ-ün özünü, həm də onun elmini – estetikasını yaratmışdır. Onun nəzəri fikirləri ilə şeirləri həmişə bir-birini tamamlamış, hər yerdə öz nəzəri-elmi qənaətlərini sübut üçün o, öz şeirlərini misal gətirmişdir. Yalnız bircə yerdə – «Leyli və Məcnun» əsərində Əbü Nüvasın, Nizaminin və Nəvainin adlarını çəkir.
    Türkcə, farsca «Divan»larına, qəsidələrə yazdığı dibaçələrin, «Leyli və Məcnun» müqəddiməsinin, «Rindü-Zahid», «Ənis-ül qəlb», «Mətlə ül-etiqad» əsərlərinin təhlili əsasında belə nəticə hasil olunur ki, alim Füzulinin fikirlərinin əsasında şair Füzulinin poeziyası dayanır. Elə buna görə də, füzulişünaslığın mənşəyini Füzulidən başlamaq tarixi-nəzəri baxımdan doğru və məqsədəuyğundur.
    Təzkirələr füzulişünaslığın bir elm kimi təşəkkül ərəfəsi hesab oluna bilər. Buraya M.Füzulinin öz sağlığında yazılmış təzkirələrdən (məsələn, Lətifinin «Təzkirətüş-şüəra»sından (1546) tutmuş XX əsrin 20-ci illərinə – sovet dönəminə qədərki dövrün sənədləri daxil edilir. Dövr etibarilə geniş olsa da, təqribən XIX əsrin önlərinə qədər füzulişünaslıq, əsasən təzkirələrlə təmsil olunub. Materialın durumuna və tutumuna əsaslanıb füzulişünaslığın təşəkkül ərəfəsinin iki istiqamətini qeyd etmək olar: 1. Təzkirəçilik istiqaməti; 2. M.Ş.Vazehdən – XIX əsrin önlərindən F.Köçərli və A.Sura qədərki təmayül. Füzulişünaslığın təşəkkül ərəfəsini BİOQRAFİK mərhələ də hesab etmək olar. Çünki istər təzkirələrdə, istərsə də XIX əsr maarifçilərinin əsərlərində bioqrafik amil üstün və həlledici idi. Təzkirələri feodalizm dövrünün kütləvi ədəbiyyat tarixləri kimi də dəyərləndirmək olar.
    Təzkirəçilər (məsələn, «Gülşəni-şüəra» (1563) müəllifi, Füzulinin oğlu Fəzlinin dostu Əhdi Bağdadi!) Füzulinin ədəbi-tarixi mövqeyi və poetik sənəti haqqında fikir söylərkən şairin divanlarına yazdığı dibaçələrindəki fikirlərindən faydalanırdılar.
    Təzkirələr müntəxabat xarakteri daşıyır və elə buna görə də, şairin sənətinin poetik mahiyyətinə vara bilmirdilər. Təzkirələrin əhəmiyyəti bunda idi ki, onlar M.Füzulinin əsərlərinin yayılma arealı haqqında təsəvvür yaradır, şairin adını və sənətini diqqət mərkəzində saxlayırdılar.
    Özünün «Nəzm və nəsr haqqında» adlı məqaləsində «Füzuli şair deyil və xəyalında əsla təsir yoxdur; ancaq nazimi ustaddır» deyən böyük maarifçi-filosof və dramaturq M.F.Axundzadənin şairə yanlış münasibətinin səbəbləri aşağıdakılardır:
    a) M.F.Axundzadə Füzuli təsiri ilə yaranan epiqon poeziyaya zərbə vurmaq, onun qarşısını almaq, Füzuli tilsimini sındırmaq;
    b) Modern – Avropa tipli ədəbiyyata yol açmaq üçün belə bir fikir söyləmişdir. M.F.Axundzadə özünü təsdiq etmək üçün Füzulini inkar etmişdir. Biz də bu fikirdəyik ki, «XIX əsrdə Füzuli yaradıcılığını elmi surətdə işıqlandıran ciddi bir əsər yaradılmamışdır» (M.Quluzadə).
    Azərbaycan füzulişünaslığının təşəkkül ərəfəsini tamamlayan ciddi faktlar A.Surun «Füzuliyə bir nəzər» və F.B.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixi materialları» (I cild) əsərləridir. A.Surun «Füyuzat» məcmuəsində çap olunmuş bu əsərinə ədəbiyyatşünaslar – K.Talıbzadə, Ə.İbadoğlu, Ş.Vəliyev yüksək dəyər vermiş, onu «ədəbi irsə qiymət verməyin müasir yolunu göstərən» (K.Talıbzadə) bir əsər hesab etmişlər. Təəssüf ki, füzulişünaslar şairin ədəbi-tarixi mövqeyini onun sənətinin poetikasını açan bu ilk ciddi əsərin üstündən əsasən sükutla keçmiş, onu «Təşəbbüs» (H.Araslı) səviyyəsində qeyd etməklə kifayətlənmişlər. Biz belə bir nəticəyə gəlirik ki, A.Sur ilk dəfə M.Füzulinin yaradıcılığını dahi Azərbaycan şairi kimi təhlil və tədqiq etmiş, əsrin önlərində milli-mənəvi intibahda onun yerini müəyyən etməyə nail olmuşdur.
    F.B.Köçərli «Türk ədəbiyyatının banisi Molla Məhəmməd Bağdadi olubdur» - deyərək, yazılı Azərbaycan ədəbiyyatının tarixini Füzulidən başlamaqla ona əvvəlki nüfuzunu qaytarmağa nail olmuşdur.
    20-30-cü illərdə ədəbiyyatşünaslıqda «köhnə» ilə «yeni»nin müqayisəsi əsas istiqamət idi, təbii olaraq, poetik-estetik baxımdan köhnə həmişə üstün olur, fəqət necə olursa olsun «yeni»yə bəraət (hegemonluq!) qazandırmaq cəhdi sinfi-sosioloji zorakılıq poetik və estetik meyarları sıxışdırır və bu cəhət füzulişünaslığın meyarları üçün də səciyyəvi idi.
    20-30-cu illərin füzulişünaslığı əsasən iki istiqamətdə formalaşırdı:
    1. Ədəbiyyat tarixçiliyinin problemi kimi – M.Füzuli yazılı (ana dilli!) ədəbiyyatın banisi kimi təsdiq olunur; 2. 1925-ci ildə M.Füzulinin ədəbi fəaliyyətinin 400 illiyi qeyd olunur və çox dəyərli tədqiqatlar məcmuə halında çap edilir.
    Y.V.Çəmənzəminlinin «Azərbaycan ədəbiyyatına bir nəzər» (1921), M.F.Köprülünin «Azəri ədəbiyyatına aid tədqiqlər» (1926), İ.Hikmətin iki cildli «Azərbaycan ədəbiyyatı tarixi» (1928-29) 20-ci illər füzulişünaslığının əsas faktları idi. M.F.Köprülü M.Füzuliyə iki aspektdə nəzər salırdı: böyük türk şairi və böyük sufi mütəfəkkir kimi.
    Bu dövr füzulişünaslığında irəli sürülən, mübahisələrə səbəb olan əsas problem «M.Füzulinin eşqi» problemi idi. Əslində, M.Füzulinin eşqini «sufi eşq» hesab edən M.F.Köprülü ilə münaqişələr bu dövr füzulişünaslığının əsas istiqamətini təşkil edirdi. M.F.Köprülüyə əks cəbhədə böyük türkoloq B.Çobanzadə və A.Şaiq dayanırdı. Sonrakı dövrün (1940-1970) füzulişünaslığı ikincilərin yolu ilə getməli oldu. Bu, həm də quruluşun, recimin ideoloci istəyinə və tələbinə uyğun idi. J.Jabbarlı, B.Çobanzadə, A.Şaiq, Ə.Abid, S.Mümtaz, M.S.Ordubadi və başqalarının 20-30-cu illərdə M.Füzulini zorla sufizmdən qoparmaq, «təmizləmək» cəhdi, sonrakı mərhələdə onu realistləşdirməyə gətirib çıxardı. Bütün bu proseslərdə Azərbaycan füzulişünaslığının özünəməxsus tarixi və nəzəri-estetik prinsipləri olan elm kimi təşəkkülü başa çatdı, mərhələ kimi tamamlandı. Bu mərhələni tamamlayan ən qiymətli əsər Mir Jəlalın 1940-cı ildə çap olunmuş «Füzulinin poetik xüsusiyyətləri» monoqrafiyası oldu. Bu, həm də M.Füzulinin nəzəri-poetik dərk mərhələsinin əsasını qoyan əsər idi. Fəqət, Azərbaycan füzulişünaslığı bu istiqamətdə getmədi, tarix buna imkan vermədi.
    XX əsrin 40-50-ci illərində M.Füzuli haqqında bəzi məqalələr yazılsa da, Azərbaycan füzulişünaslığının ikinci mərhələsi 1958-1968-ci illəri əhatə edir. Şair haqqında çap olunan məqalə, məcmuə və monoqrafiyaların metodologiyasının, problemlərin və təhlil üsullarının xarakterinə görə onu tarixilik mərhələsi kimi müəyyən etmək olar. Bu mərhələnin banisi 30-cu illərin ortalarından başlayaraq əsərlər yazan akademik H.Araslı hesab oluna bilər. Bu mərhələnin tarixi-estetik simasını müəyyənləşdirən ciddi faktlar kimi H.Araslının «Böyük Azərbaycan şairi Füzuli» (1958), «Məhəmməd Füzuli» (1958) elmi-tədqiqi məqalələr toplusu, «Füzuli – 400» EA «Xəbərlər»inin xüsusi sayı (1958), Məmmədcəfər Cəfərovun «Füzuli düşünür» (1959), M.Quluzadənin «Füzulinin lirikası» (1965), F.Qasımzadənin ««Qəm karvanı» yaxud zülmətdə nur» (1968) əsərlərini qeyd etmək olar.
    Bu mərhələni monoqrafik araşdırmalar mərhələsi, yaxud sosioloci mərhələ də adlandırmaq olar. Belə nəticəyə gəlirik ki, Azərbaycan füzulişünaslığının ikinci mərhələsi tarixi epoxa kimi sosioloci xarakter daşısa da, elmi epoxa kimi tarixi səciyyə daşıyır. Qeyd olunan monoqrafiyaların tədqiqat üsulunu tarixilik prinsipi müəyyənləşdirir. Bu mərhələnin səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, M.Füzuli əlahiddə deyil, Azərbaycan ədəbiyyatşünaslığının «orta əsrlər ədəbiyyatı» problemi kontekstində – tarixi kontekstdə tədqiqata cəlb olunur və tarixilik prinsipi ilə araşdırılır.
    «Azərbaycan füzulişünaslığının tarixilik mərhələsi» H.Araslının elmi-tarixi xidmətləri ilə müəyyənləşir, akademik H.Araslı Azərbaycan füzulişünaslığını təzkirəçilikdən sonra ilk dəfə elmi sistemə salmış, məqaləçilikdən monoqrafik səviyyəyə qaldırmış, Füzulinin dövrü, həyatı, bioqrafiyası və yaradıcılığı haqqında ilk fundamental monoqrafiyanı yazaraq Füzulini böyük Azərbaycan şairi kimi təqdim və təsdiq etmişdir. İlk dəfə M.Füzuliyə münasibətin mövcüd Şərq və Qərb meyarlarını dəqiqləşdirmiş, Azərbaycan meyarlarını formalaşdırmışdır.
    Akademik M.Cəfərin «Füzuli sevir Füzuli düşünür deməkdir» düsturu «Füzuli düşünür» monoqrafiyasının təhlili kontekstində açılır, Füzulinin eşq fəlsəfəsi ilə bağlı problemlər sistemləşdirilir. Belə nəticəyə gəlirik ki, Azərbaycan füzulişünaslığının ikinci – tarixilik mərhələsində Füzuliyə münasibətdə üç əsas qüsur mövcud olmuşdur: 1) Bəzi tədqiqatlarda marksizm metodologiyası mexaniki olaraq tətbiq edilmişdir. 2) Tədqiqatçılar sosializm realizmi nəzəriyyəsinə aludə olaraq, M.Füzulini göylərdən yerə endirməyə, realist sənətkar kimi təqdim etməyə çalışmışlar. 3) Füzulişünaslıqda mübahisəli məsələ – Füzuli eşqinin xarakteri məsələsi öz həllini tapmamış, şairi sufizmdən uzaqlaşdırmaq xətti əsas istiqamət olmuşdur.
    M.Quluzadənin «Füzulinin lirikası» (1965) adlı konseptual əsəri tarixilik mərhələsini yekunlaşdıran monoqrafiya kimi qiymətləndirilə bilər. M.Quluzadə bu əsərdə ilk dəfə özünə qədər Azərbaycan füzulişünaslığında olmayan iki yeni ciddi problem qoyur: «Füzuli yaradıcılığında təsəvvüf» və «Füzuli yaradıcılığında bədii metod» məsələsi. Bu ad ilk dəfə MFüzulinin yaradıcılığında sufizmin olduğunu təsdiq edir. Fəqət, görünür sovet recimi, mövcud totalitar ideologiya alimə imkan verməmişdir ki, o, axıra qədər, bədii fakt və onu təhlilin məntiqinə əsaslanıb Füzulinin eşqinin sufi eşq olduğunu təsdiq etsin. Əvəzində, Füzulidə sufizmin ötəri və keçici olduğunu cəhddə bulunan müəllif özü-özünü inkara gəlib çıxır. Kitabın «Füzuli lirkasında bədii metod məsələsi» adlanan üçüncü fəsli öz dövrü üçün yeni yanaşma, klassikin bədii metodunu təyin etmək sahəsində ədəbiyyatşünaslığımızda oricinal elmi-nəzəri təşəbbüs kimi dəyərləndirilə bilər.
    Azərbaycan füzulişünaslığının ikinci – tarixilik mərhələsini səciyyələndirən, dolğunlaşdıran bir fakt da bu idi ki, dahi mütəfəkkir M.Füzulinin fəlsəfi görüşləri haqqında fundamental əsər yazıldı. F.Qasımzadənin ««Qəm karvanı» yaxud zülmətdə nur» (1968) monoqrafiyası Füzulinin fəlsəfi dərki istiqamətini elmi məcraya saldı.
    Azərbaycan füzulişünaslığının üçüncü mərhələsi – «Füzuli irsinin nəzəri poetik dərk mərhələsi» adlandırıla bilər. Özündən əvvəlki araşdırmaların ən yaxşı nailiyyətlərinə istinad etsə də, zaman etibarilə bu mərhələ 1986-1996-cı illəri əhatə edir. Bu tarixin bir ucunda S.Əliyevin «Füzulinin poetikası» (1986), sonucunda isə dahi şairin bütün dünyada 500 illiyi ilə bağlı keçirilən yubiley dövründə XXI əsrin əvvəllərinə qədər yazılmış tədqiqatlar dayanır. Üçüncü mərhələnin zəmini kimi, ilk növbədə, Mir Jəlalın sonralar üç dəfə nəşr olunmuş «Füzuli sənətkarlığı» monoqrafiyası adlandırıla bilər. Belə qənaətə gəlirik ki, bu qiymətli əsərlə bərabər böyük əruzşünas Ə.Cəfərin hələ 1958-ci ildə çap olunmuş «Füzuli şeirinin vəzni» adlı tədqiqatı Füzulinin poetik dərki üçün nümunə rolu oynamışdır. Füzulinin poetikasını açmaq sahəsində ilk monoqrafik iş olan Mir Jəlalın «Füzuli sənətkarlığı» əsəri bu gün də öz böyük nəzəri-tarixi əhəmiyyətini saxlayır. Ə.Səfərlinin «Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı» (1989) dərsliyinə yazdığı «Məhəmməd Füzuli» oçerki, A.Vəfalının «Füzuli öyrədir», V.Məmmədovun «Füzulinin musiqi dünyası» əsərləri Füzulinin poetik dərkinə keçid dövrünün faktları hesab oluna bilər. Burada dahi söz ustasının poetik dərki istiqamətində üç meyl özünü göstərir: 1. Füzuli poetikasının janrlar üzrə açımı; 2. Füzuli poetkiasının bütöv vahid sistem kimi şərhi; 3. Füzulinin dil sənətkarlığı.
    Birinci istiqamətdə V.Feyzullayevanın «Füzulinin qəsidələri», L.Əlizadənin «Füzulinin gizli sözü», ikinci istiqamətdə Mir Jəlalın «Füzuli sənətkarlığı», S.Əliyevin «Füzulinin poetikası», N.Jümşüdoğlunun «Füzulinin sənət və mərifət dünyası», N.Mustafanın «Füzulinin poetik semantikası», T.Kərimlinin «Görünməyən Füzuli» və bizim «Füzuli sehri» kitabımız, üçüncü istiqamətdə isə T.Hacıyevin «Füzuli: dil sənətkarlığı», M.Adilovun «Füzulinin üslubu və poetik dili» füzulişünaslığın ciddi faktlarıdır.
    Belə nəticəyə gəlirik ki, dahi dildən başlayır, dil bütün poetik sistemlərin, nəzəriyyələrin bazası, zəmini və ən münasib açarıdır. Füzuli üç dildə yazdı: türk, ərəb və fars. Azərbaycan füzulişünasları (dilçilər!) Füzulinin yalnız türkcəsindən yazıblar. Füzuli hazır dildən istifadə edən şair deyil, dil yaradan şairdir. O, təkcə öz dilini yox, həm də Azərbaycan ədəbi dilinin yeni mərhələsini – «Ədəbi dilimizin inkişafında Füzuli mərhələsi» (Ə.Dəmirçizadə) yaratdı. Füzulinin poetik dərkində Füzulinin dil sənətkarlığının araşdırılması Azərbaycan füzulişünaslığının B.Çobanzadə, Ə.Dəmirçizadə, T.Hacıyev, M.Adilov kimi müqtədir alimlərin adı ilə bağlı aparıcı istiqamətlərindən biridir.
    Azərbaycan füzulişünaslığı Azərbaycan ədəbiyyatşünaslığının və ümumən azərbaycanşünaslığın tərkib hissəsidir. Füzulişünaslığın tarixi inkişaf mərhələləri ədəbi-nəzəri fikrin XVI əsrdən sonrakı inkişaf məntiqi ilə təsdiq olunur. Klassik irsin dərki və şərhi nəzəri estetik fikrin metodoloji imkanlarını genişləndirir. Azərbaycan füzulişünaslığında (ümumən füzulişünaslıqda) ən çətin və həll olunmamış problem «Füzulinin eşqi» problemidir. Biz belə hesab edirik ki, M.Füzuli böyük mütəsəvvüf, onun eşqi isə ilahi – sufi eşq idi. Azərbaycan füzulişünasları birmənalı olaraq Füzulini sufizmdən qoparmağa çalışıblar və buna nail ola bilməyiblər. Belə nəticəyə gəlirik ki, Füzulidə sufizm yüksək eşqi tərənnüm üçün poetik vasitə deyil, ilahi eşqi tərənnüm üçün fəlsəfi məqsəd idi.
    Azərbaycan füzulişünaslığı mükəmməl nəzəri-estetik sistemə malik elmdir. Onun hələ həll olunmamış problemləri və nəzəri perspektivləri var.
    M.Füzulinin bədii-poetik irsi və Füzuli haqqında elmin vəhdətdə tədqiqi həm Azərbaycan ədəbiyyatı tarixinin, həm də Azərbaycan nəzəri-estetik fikrinin tarixinin yazılması baxımından əhəmiyyətli problemdir. Azərbaycan füzulişünaslığı klassik irsi dərkin nəzəri-metodoloji meyarlarını qüvvətləndirən, bizim milli filoloji elmin perspektivini müəyyənləşdirən elmi-nəzəri fikir yoludur.
    M.Füzuli təkcə Azərbaycan şairi deyil. O, Azərbaycan xalqının olubən bütün türk xalqlarının şairi kimi yetişib və şöhrət qazanıb. Böyük ərəb şairi Əbü Nüvas ərəblər üçün, böyük fars şairi Hafiz Şirazi farslar üçün kim idisə, dahi Füzuli də dünya türkləri üçün həmən şair idi.
    Çünki Şərq ədəbiyyatının lirik gözəli olan QƏZƏLi ərəb ədəbiyyatında Əbü Nüvas, fars ədəbiyyatında Hafiz Şirazi, cəmi türk ədəbiyyatında isə Füzuli zirvəyə qaldırdı. Fəqət, Əbü Nüvas təkcə ərəbcə, Hafiz təkcə farsca M.Füzuli isə həm ərəbcə, həm farsca, həm də türkcə yazdı. M.Füzulinin bu iki Şərq dahisindən üstünlüyü burada idi. Azərbaycan füzulişünaslığının gücü və tarixi dəyəri isə bunda idi ki, Şərqin bu üç böyük dilində möhtəşəm əsərlər yazmış Füzulini bütövlükdə dərk və təhlil etdi. Bu, Azərbaycan füzulişünaslığının nəzəri-estetik və metodoloji imkanlarını əks etdirən başlıca cəhətdir. Onlar hərəsi yalnız bir ədəbiyyatın, Füzuli isə hər üç ədəbiyyatın klassiki ola bildi. M.Füzuli öz irsinin bədii-fəlsəfi qüdrəti ilə Azərbaycan ədəbiyyatşünaslığının elmi-nəzəri miqyaslarını genişləndirdi, elmşünaslığın, türkçülüyün və azərbaycançılığın inkişafı istiqamətində yeni üfüqlər açdı.






Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az