A.İ.Əliyeva-Kəngərli27.06.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © A.İ.Əliyeva-Kəngərliİyirminci yüzilliyin əvvəllərində milli oyanış və istiqlal düşüncəsi Azərbaycanın ictimai-mədəni həyatının ayrılmaz tərkib hissəsinə, ikinci onillikdə isə hərəkətverici qüvvəsinə çevrilir. Məhz bu prosesin qanunauyğun nəticəsi olaraq ikinci onilliyin sonlarında qısamüddətli bir zaman kəsimində (1918-1920) olmuş olsa da, Azərbaycan müstəqillik qazanır. Lakin az keçmədən keçmiş çar Rusiyasında gedən qırmızı inqilabın işğalçı “qızıl ordu” hissələri bolşevik bayraqları altında Bakıya daxil olur və beləliklə xalq cümhuriyyətinin fəaliyyətinə son qoyulur. 1920-ci ilin aprel inqilabı Azərbaycanda sovet hakimiyyətini bərqərar edir və qarşıdan gələn yetmiş illik uzun bir zaman ərzində ölkəmiz rus imperiyasının yeni bir şəkli olan Sovet İttifaqının tərkibində “suveren” –“müstəqil” respublika statusunda yer alır. Fəhlə-kəndli hökuməti sayılan Sovet hakimiyyəti özünün sadə xalqa, qara camaata, o zamanın təbirincə deyilərsə, “əsrlər boyu istismarçıların zülmü və əsarəti altında inildəmiş” zəhmətkeş kütlələrə bağlı bir quruluş olduğunu sübut etmək üçün mövcudluğunun ilk illərindən başlayaraq aşağı təbəqələrin mənəviyyat və dünyagörüşünə bağlı olan dəyərlərə xüsusi qayğı ilə yanaşmaq istiqaməti götürdü. Başqa mənəvi-mədəni sahələrdə olduğu kimi ədəbiyyat işində də “saray ədəbiyyatı” və “xalq ədəbiyyatı” meyarları tətbiq olundu. Həmin dövrün məşhur “proletkultçuluq” nəzəriyyə və hərəkatına görə “saray ədəbiyyatı” yuxarı təbəqələrə, istismarçı siniflərə, “xalq ədəbiyyatı ” isə yazıb-oxumaq bilməyən sadə xalqa, istismar olunan zəhmətkeş “qara camaata” məxsus idi. Bu səbəbdən də nadir istisnaları çıxmaq şərti ilə bütövlükdə klassik yazılı ədəbiyyat “saray ədəbiyyatı” damğası ilə arxa plana atılır, “xalq ədəbiyyatı” – folklor isə zəhmətkeş təbəqələrin yaradıcılıq məhsulu kimi önə çəkilirdi. Bolşevik mətbuatı elə ilk illərdəncə “rədd olsun qəzəl, əruz ədəbiyyatı” şüarı ilə çıxış edərək qəzəl-əruz sisteminə bağlı ədəbiyyatı yasaqlayır, buna qarşılıq olaraq şifahi xalq ədəbiyyatının toplanılıb yazıya alınmasının zəruriliyini əks etdirən silsilə məqalələr nəşr edirdi. Göründüyü kimi, sovet dövlətinin siyasi-ideoloji mövqeyi bütün əvvəlki tarixi dönəmlərdə ikinci dərəcəli sayılan şifahi ədəbiyyatın ön plana çəkilməsi, zəhmətkeş xalqla bağlı olduğu üçün birinci dərəcəli sayılması imkanını yaratmışdı. Siyasi-ideoloji konsepsiyanın göstərdiyi istiqamət üzrə hərəkət etmək üçün müəyyən təsisatlar və elmi-yaradıcı təşkilatların qurulmasına zəruri ehtiyac hiss olunduğundan əvvəlcə bolşevik mətbuat (məsələn, “Kommunist”, “Yeni yol”, “Azərbaycan kolxozçusu” və başqa qəzetlər), yaradıcı təşkilatlar (“Azərbaycan Ədəbiyyat Cəmiyyəti”, Proletar Yazıçıları İttifaqı), eləcə də təhsil ocaqları (Dövlət Universiteti, Konservatoriya) nəzdində xalq yaradıcılığı qurumları və ya qrupları yaradılırdı. Bu yöndəki qaynar fəaliyyətin tarixi inikasını həmin illərdə “Ədəbiyyat qəzeti”, “Kommunist”, “Yeni yol” və “Azərbaycan kolxozçusu” qəzetlərinin, eləcə də “Dan ulduzu”, “Maarif işçisi”, “İnqilab və mədəniyyət”, “Azərbaycanı öyrənmə yolu” məcmuələrinin səhifələrində geniş yer almış folklor örnəklərinin mənzərəsindən açıq şəkildə görmək mümkündür. Dövrün ədəbi-mədəni həyatına yaxından diqqət yetirsək, görərik ki, “Ədəbiyyat qəzeti” demək olar ki, hər nömrəsində xalq ədəbiyyatı örnəklərinə geniş yer ayırır, bir çox hallarda isə xüsusi olaraq “Xalq ədəbiyyatı” səhifəsi verirdi. “Kommunist” qəzeti kimi sırf siyasi istiqamətli bir mətbuat orqanının 1923-cü ildən başlayaraq “Xalq ədəbiyyatı həyatdan doğar” rubrikası altında xüsusi folklor səhifəsi nəşr etməsi dövlət siyasəti səviyyəsində bu məsələyə nə qədər böyük əhəmiyyət verildiyinin əyani göstəricisi idi. Diqqətçəkicidir ki, 1925-ci ildə “Yeni yol” qəzeti respublikanın bütün rayonlarındakı təhsil və mədəniyyət müəssisələrinə şifahi xalq ədəbiyyatı nümunələrinin toplanılması üçün uyğun proqram və təlimat göndərmişdi. Həmin təlimat əsasında Azərbaycanın əksər bölgələrində folklor nümunələrinin toplanılması işi həyata keçirilirdi. Bu materiallar redaksiyanın ünvanına göndərilir, onlardan seçmə örnəklər ardıcıl şəkildə qəzetdə çap olunurdu (1, 9-12). Bu iş başqa mətbu orqanların da həyatında mühüm yer tuturdu. Dövrün ən nüfuzlu ədəbi şəxsiyyətlərindən olan Maksim Qorkinin “Azərbaycan kolxozçusu” qəzetinin şifahi xalq ədəbiyyatı materiallarını çap etmək sahəsindəki uğurlarını təqdir məqsədi ilə redaksiyaya ünvanladığı məşhur məktub da həmin dövrdə və sonralar uzun bir zaman ərzində Azərbaycan ədəbi-ictimai fikrinin, o cümlədən də folklorşünaslığının diqqət mərkəzində saxladığı tarixi sənədə çevrilmişdi. (2,19) Bu illərdə folklorun toplanması və nəşri işinə Azərbaycan Ədəbiyyat Cəmiyyəti də müəyyən diqqət yetirməyə başlayır. Folklor kitabı statusundakı ilk təqdimat da Ədəbiyyat Cəmiyyətinin xətti ilə həyata keçirilir. Belə ki, 1925-ci ildə Ədəbiyyat Cəmiyyətinin Nəşriyyatında “Azərbaycan xalq ədəbiyyatından bayatılar” kitabı sözü gedən mərhələnin ilk folklor kitabı kimi işıq üzü görür. Kitabı Abdulla Şaiq, Şəfiqə Əfəndizadə və Hatif nəşrə hazırlamışdır. Onların toplayıcı statusunda olub-olmadığı barədə nəşriyyat qeydi verilmişdir. Müxtəlif mövzularda olan iki yüzə yaxın el bayatısının cəmləşdirildiyi bu dəyərli kitab 62 səhifədir. (3) Poliqrafik ölçüləri 22x12 sm. həcmindədir. Əlli qəpiyə satılması nəzərdə tutulmuş toplunun tirajı 500 nüsxədir. Sadə, boz kağızda çap olunmuşdur. Kitabın iç üzündəki titul səhifəsinə “Sayı 1” qeydinin verilməsi bu nəşrin silsilə şəkildə düşünüldüyünü göstərir. Bir il sonra – 1926-cı ildə “Atalar sözləri” sərlövhəsi ilə nəşr olunan başqa bir folklor kitabının yenə də “Azərbaycan Ədəbiyyat Cəmiyyəti” tərəfindən buraxılması bunun əyani təsdiqidir. (4) Poliqrafik göstəricilərinə görə əsrin əvvəllərindəki özəl mətbəələrin çap keyfiyyətindən demək olar ki, heç nə ilə fərqlənməyən “Azərbaycan xalq ədəbiyyatından bayatılar” kitabının əsas tarixi-mədəni dəyəri bayatılar toplusunun “Azərbaycan folklor kitabı” tarixində ilk dəfə olaraq ayrıca kitab halında işıq üzü görməsi idi. Toplunun ədəbi-elmi ictimaiyyət tərəfindən həssaslıqla qarşılanması sovet hakimiyyətinin ilk illərindəncə xalq ədəbiyyatına böyük marağın getdikcə artmaqda olmasından xəbər verirdi. Belə ki, həmin dövrün qabaqcıl ziyalılardan və nüfuzlu ədəbi tənqidçilərindən olan Əli Nazim 1926-cı ildə “Maarif və mədəniyyət” jurnalının yeddinci nömrəsində “Azərbaycan xalq ədəbiyyatından: bayatılar” adlı məqalə ilə çıxış edərək sözü gedən nəşrin elmi və mədəni-tarixi əhəmiyyətindən ayrıca söz açmağı vacib bilmişdi: “Ədəbiyyat Cəmiyyətinin bu işi bu yolda ilk təşəbbüs olmaq şərtilə təbrik və təqdirə şayandır” ( 6,154). Əli Nazim bu yöndəki perspektiv fəaliyyətin daha sistemli və uğurlu olması üçün “folklor kitabı” nəşrində hansı cəhətlərə xüsusi diqqət yetirmək məsələsinin üzərində də ayrıca dayanmışdı: “Toplanılan bayatıların məhəlli şivəsi saxlanılmalı idi. Kitabda məhəlli şivənin gözlənildiyi iddia edilirsə də, bu quru, bir söz olaraq qalır. Halbuki bunun üçün bayatıların haradan toplanıldığını, kimlərdən və nə vasitə ilə əldə edildiyini, kimin ağzından eşidildiyini göstərmək lazımdır” (6,155). Görkəmli ədəbiyyatşünasın bu müşahidə və narahatlığı tamamilə doğru idi. Folklor örnəyinin pasportlaşdırılması məsələsi iyirmi-otuzuncu illər nəşrlərinin əksəriyyəti üçün səciyyəvi olan bir çatışmazlıq kimi nəzərə çarpır. Azərbaycan Ədəbiyyatı Cəmiyyəti yenicə təsis olunmuş bir ədəbi təşkilat (1925-ci ildə yaradılmışdı) olmasına baxmayaraq, fəaliyyətinin başlanğıcında xalq ədəbiyyatı örnəklərinin nəşr və təbliğinə xüsusi diqqət yetirirdi. “Azərbaycan xalq ədəbiyyatından bayatılar” kitabından az sonra buraxılmış “Atalar sözləri” kitabı Cəmiyyətin bu sahədəki perspektiv mövqeyini bir daha ortaya qoymuş oldu. (... ) Yenə də sadə, boz kağızda, nazik cilddə buraxılmış bu kitabın həcmi 146 səhifə, poliqrafik ölçüsü 23x12 sm., tirajı 1000 nüsxə qiyməti isə 75 qəpikdir. Kitaba iki minə yaxın atalar sözü daxil edilmişdir. “Bayatılar” kitabından fərqli olaraq bu kitab, Azərbaycan ədəbiyyatı Cəmiyyətinin öz nəşriyyatında deyil, “Bakı işçisi” kooperativ nəşriyyatının mətbəəsində çap olunmuşdur. Azərbaycan Ədəbiyyatı Cəmiyyətinin qısa bir müddət ərzində ictimaiyyətə təqdim etdiyi “Azərbaycan xalq ədəbiyyatından bayatılar” və “Atalar sözləri” topluları həm bütövlükdə “Azərbaycan folklor kitabı”, həm də nəzərdə tutulan şifahi ədəbiyyat janrlarının toplanması və nəşri istiqamətində iyirminci illərdən başlanan geniş miqyaslı fəaliyyətin uğurlu bir təməlinə çevrildi. İyirminci illərin başlanğıcındakı folklor kitabının nəşri təcrübəsi göstərdi ki, folklor işi ilə ayrı-ayrı fərdlərin, ədəbi-ictimai qurum və ya xırda qurupların fəaliyyəti səviyyəsində məşğul olmaqla sistemli işlər görmək və ciddi nəticələr əldə etmək mümkün deyildir. Xalqın maddi və mənəvi mədəniyyətinin, o cümlədən də folklor və etnoqrafiyasının daha dərindən öyrənilməsi üçün rəsmi dövlət səviyyəsində təsis edilmiş müəyyən bir elmi-təşkilati qurumun yaradılması zərurəti öz aktuallığını getdikcə daha da artırırdı. Bu məqsədlə də o illərdə Bakıda yaşayıb fəaliyyət göstərən tanınmış alim və mədəniyyət xadimlərinin yazılı müraciətinə cavab olaraq 1923-cü ilin noyabr ayının 2-də “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti” adlı elmi-təşkilati qurumun yaradılması barədə rəsmi qərar verildi. Sözü gedən elmi-təşkilati qurum 1929-cu ilə qədər bu ad altında fəaliyyət göstərdi. 1929-cu ildən Azərbaycan Elmi Tədqiqat İnstitutu adlanan həmin təşkilat 1933-cü ildə daha böyük bir akademik qurumun SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının tərkibinə daxil edilərək “AzOZFAN” adı daşımışdır. AzOZFAN 1936-cı ildən SSRİ EA-nın Azərbaycan Filialı adlanmış, 1945-ci ildən isə müstəqil akademiya – Azərbaycan SSR Elmlər Akademiyası statusuna qaldırılmışdır. (5, 46-48) Göründüyü kimi sadalanan çeşidli adlar altında fəaliyyət göstərən bu elmi-təşkilati qurum əslində mahiyyət etibari ilə Azərbaycanda Elmlər Akademiyasının ilk təməl daşı sayıla biləcək bir təsisat idi. Əhatə dairəsi geniş miqyasa malik olan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin xüsusi diqqət yetirdiyi əsas istiqamətlər içərisində şifahi xalq ədəbiyyatı materiallarının toplanılması, nəşri və tədqiqi də önəmli yer tuturdu. Cəmiyyətin bu yöndəki fəaliyyəti “Tarix və etnoqrafiya” şöbəsi nəzdindəki “Folklor komissiyası” tərəfindən istiqamətləndirilirdi. Folklor komissiyasına rəhbərlik edən Hənəfi Zeynallı ayrı-ayrı bölgələrə elmi ezamiyyətlərin təşkil olunması, eləcə də ezamiyyətlərin nəticələrinin müzakirəsi işinə xüsusi diqqət yetirir, bu sahədəki fəaliyyətin elmi əsaslarda qurulmasına var qüvvə ilə çalışırdı. Onun dövri mətbuat və ədəbi orqanlarda nəşr etdirdiyi “Ağız ədəbiyyatı”, “Azərbaycan folkloru”, “Azərbaycan atalar sözü və məsəlləri”, “Azərbaycan tapmacaları” sırasından olan dərin məzmunlu məqalələrində folklorun toplanıb yazıya alınmasının üsul və vasitələri üzərində ayrıca dayanırdı. Görkəmli folklorşünas “Maarif işçisi” jurnalının 1926-cı ildə çıxan on birinci sayında folklor işi sahəsindəki mövcud vəziyyəti və perspektiv istiqamətləri təhlil edərək yazırdı: “Toplayanlar geniş xalq təbəqəsi içərisinə girərək bu materialı olduğu kimi alıb yazmayırlar. Yəni hər bir yerin özünəməxsus bir şivəsi, bir leksikonu olduğu halda, o məhəllənin leksikonunu, ifadə şəklini, bədii görüşlərini, cümlə quruluşunu, səslərdəki dəyişmələri tamamilə göstərmək üçün hər bir kəsdən eşidilən bu materialları söyləyən adamın söyləyişini eynilə zəbt etməyirlər” (6, 31). Bu günün özündə də folklor toplayıcılığı sahəsində aktuallığını qoruyub saxlayan bu elmi mülahizə, təəssüf ki, nə həmin dövrdə, nə də sonrakı onilliklərdə lazımi səviyyədə diqqətə alınmamışdır. Bu səbəbdən də uzun bir zaman ərzində folklor materiallarının dili ədəbi dilə yaxın bir ölçüyə tabe etdirilmişdir ki, həmin cəhət sovet dönəmindəki folklor nəşrlərinin ən mühüm qüsurlarından biridir. Folklor komissiyasının sədri kimi Hənəfi Zeynallının diqqət yetirdiyi ikinci bir məsələ-çoxvariantlılıq prinsipini nəzərə alaraq bir folklor mətninin bir çox başqa variantları ilə birlikdə yazıya almaq zərurəti də olduqca diqqətçəkici idi: Öz təcrübəmdən göstərəcək olursam, eyni nağılın iki nağılçı tərəfindən müxtəlif şəkildə yazıla bildiyini qeyd etmək lazım gəlir. Səbəbi? Çünki bunların birində xatirə qüvvətli, digərində bir qədər zəif olduğu üçün təfsilatın buraxıldığını və bununla da nağılın ən gözəl və etnoqrafik və bəlkə də tarixi əhəmiyyəti qayıb edilmiş olurdu. Buna görədir ki, bir nağılın nə qədər müxtəlif adamlardan, müxtəlif şəkildə (variantda) eşitməyə baxmayıb hamısını yazmaq vacibdir (6,90). Göründüyü kimi, ana mətnin müəyyənləşməsi üçün çox sayda variantların yazıya alınması zərurətini irəli sürən Hənəfi Zeynallı bu yolla həm də zəngin folklor arxivi yaradılmasına imkan açmağı düşünürdü. Folklor komissiyası sədrinin yuxarıdakı mülahizələri elmi ezamiyyə və ekspedisiyalar qarşısında nə qədər ciddi tələb və vəzifələr qoyulduğunun da əyani ifadəsidir. Bu onu göstərir ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin folklorun toplanması və nəşri sahəsindəki fəaliyyəti ciddi elmi-nəzəri prinsiplər əsasında həyata keçirilmişdir. İyirminci illərdə Hənəfi Zeynallı, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli, Rəşid bəy Əfəndizadə, Salman Mümtaz, Hümmət Əlizadə, Əmin Abid, Abdulla bəy Divanbəyoğlu (Sübhanverdixanov) və başqa folklorçuların, eləcə də bu işə xüsusi maraq göstərən həvəskar toplayıcıların Azərbaycanın müxtəlif bölgələrinə uzunmüddətli səfərlərə-elmi ezamiyyətlərə yollanması və külli miqdarda folklor materialları toplanması barədə ATTC-nin arxiv sənədlərində lazımi qeydlər aparılmışdır (5, 86-91). Elmi-təşkilati fəaliyyətin səmərəlilik göstəricisinin əsas faktı isə həmin illərdə Cəmiyyətin mətbəəsi və ya Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr” tərəfindən buraxılan folklor kitablarıdır. Doğrudur, bu kitabların da əvvəlki folklor nəşrlərində olduğu kimi konkret fərdi icraçıları-toplayıcı və tərtibçiləri vardır: məsələn “Azərbaycan atalar sözü” (1926), “Molla Nəsrəöddin məzhəkələri” (1927), “Azərbaycan tapmacaları” (1928) kitablarını Hənəfi Zeynallı, “El aşıqları” (1926), “Koroğlu” (1927; 1929), “Tapmacalar” (1928) kitablarını Vəli Xuluflu, “Azərbaycan el ədəbiyyatı” (1929) kitabını Hümmət Əlizadə, “Aşıq Abdulla” (1927), “El şairləri” – I, II cildlər (1927-1928) kitablarını Salman Mümtaz hazırlayıb çap etdirmişdir. Bununla belə, adı çəkilən nəşrlərin ortaya gəlməsi əvvəlki dönəmlərdən fərqli olaraq fərdi təşəbbüsə deyil, elmi-təşkilati qurumun (əvəllər folklor komissiyasının, sonralar isə folklor şöbəsinin) planlı, məqsədyönlü fəaliyyətinə əsaslanır. İyirminci illərdə işıq üzü görən folklor kitablarının böyük əksəriyyəti müvafiq elmi strukturda çalışan tədqiqatçının rəsmi plan işi olmuşdur. Bu, Azərbaycan folklor kitabının hazırlanmasında keyfiyyətcə yeni bir mərhələnin başlandığını göstərirdi. Məhz bu mərhələdən etibarən folklor kitabının hazırlanması işi fərdi təşəbbüs səviyyəsindən elmi-təşkilati strukturun sistemli, planlı fəaliyyəti müstəvisinə keçir. Qaynaqlar 1. Əfəndiyev P. Azərbaycan folklorşünaslığı (1920-1930-cu illər), Bakı, ADPU nəşri, 1997. 2. Vəliyev V. Azərbaycan folkloru. Bakı, Maarif, 1982. 3. Azərbaycan xalq ədəbiyyatından bayatılar. Ədəbiyyat Cəmiyyətinin nəşri, Bakı, 1925. 4. Atalar sözləri. “Bakı işçisi” nəşriyyatı, Bakı, 1926. 5. Xəlilov H. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində ədəbiyyat məsələləri (namizədlik dissertasiyası), Bakı, 2001. 6. Azərbaycan folklorşünaslığı (müntəxabat), Bakı, ADPU nəşri, 2000. THE BEGINNING OF SCIENTIFICALLY-ORGANIZATIONAL ACTIVITY IN PREPARATION OF THE AZERBAIJAN FOLKLORE BOOK In preparation of the Azerbaijan folklore book replacement individual the initiative of organizational activity began in 20th years of XX century in a basis of the Soviet authority in Azerbaijan. Work in a level Azerbaijan literary societies and also newspaper and journal editions were carried out from the date of 1923 from the folklore commission at the Society of Research and Study of Azerbaijan. H.Zejnally headed folklore the commissions and other specialists in folklore V.Huluflu, N.Alizade, S.Mumtaz, R.Afandijev, A.Shaig and so on were members of the commission and scientific employees. With a line folklore the commission it was carried out numerous folklore editions as " Proverbs of Azerbaijan " (1926), " Rjhjuke " (1927, 1929), " National poets " (1927, 1928), " The National literature of Azerbaijan " (1929), "Riddles" (1928) and so on. Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı. Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com |
Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:
21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009. Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009. Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009. Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008. Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi
Digər araşdırmalar
10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008 M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı