Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!İlham Əliyev alternativsizdirLit.az

Fərman Rzayev

Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi ®

02.03.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Fərman Rzayev

    Avropa ölkələri içərisində Fransa ədəbi-mədəni mühiti Nizami Gəncəvi irsinə xüsusi məhəbbətlə yanaşmış, onun bir çox əsərlərinin sətri və ya bədii tərcüməsini Avropa xalqlarına çatdırmaqla bərabər onlardan gözəl səhnə əsərləri də yaratmışdılar.
    Doğrudan da diqqət yetirsək görərik ki, XV əsr ilkin məlumatlanmalar dövrü kimi qədəm qoymuşsa, artıq XVII əsrdən başlanan ŞƏRQ ədəbiyyatı və mədəniyyətinə vurğunluq dəbi elə bir yüksək zirvəyə qalxır ki, hətta sonrakı əsrlərdə bu tədqiqat işləri davam etdirilsə də, bu kimi tarixi an, səviyyə bir daha təsdiq olunmayıb.
    VIII əsrdə İspaniyanın ərəblər tərəfindən zəbt edilməsi, Şərq mədəniyyətinin Qərb dünyasına yeni və sürətli yayımına böyük təkan verdi.
    Belə bir başlanğıcın nəticəsi olaraq, artıq IX əsrdən XI əsrin sonuna qədərki Siciliya əslində şərqlilərin əlində olmuş, Norman sülaləsindən olan və ona rəhbərlik edən II Roje (1101-1154) müsəlmanlığı qəbul etmişdir. O, Şərq üslubunda geyinib, davranış və ünsiyyət qaydalarını düzgün tətbiq etmək üçün, o vaxtlar məşhur, ağıl sahibli Şərq ziyalılarını öz sarayına dəvət etmişdir. Bir müddət sonra burada Norman sülaləsi süqut etsə də, Şərqin Qərbə təsiri nəinki zəifləməmiş, əksinə II Fidrix dövründə bu təsir yeni bir vüsətə qalxmış və onun sayəsində 1224-cü ildə Şərq tipli Universitet təşkil olunmuşdu.
    Şübhəsiz, IX-XI əsrlərdə məhz Şərq ədəbi nailiyyətlərinin yüksək meyarlı olması, Qərb və dünya xalqları üçün böyük marağa səbəb oldu.
    Fərabi, İbn Sina, Əbülhəsən Bəhmənyar, Əbül Üla Gəncəvi, Xəqani Şirvani, Fələki Şirvani və başqa bir çox ədib, alim, filosof və mədəniyyət nümayəndələri, «Bilqamıs» (e.ə.II minillik), «Dədə Qorqud» (IV-VI əsrlər) kimi bəşəriyyət tarixinə əvəzsiz və ulu dastanlarını bəxş etmiş Şərq yazarlarının əlyazmaları axın şəklində İspaniyaya aparılır, oradan da Fransaya sürətlə yayılırdı.
    Nəhayət iki yüz ildən artıq bir tarixi dövrdə davam edən bu fəaliyyət nəticəsində, yəni Kral Filip lö Belli (1268-1285-ci illər), tərəfindən dövlət səviyyəsində Şərqin öyrənilməsi haqqında qərar verildi.
    1530-cu ildə isə «Kollec dö Frans» kollecinin təməli qoyuldu. Yenə də təxminən iki yüz il sonra, yəni, XVI Lui (1754-1793) dövründə Fransa şərqşünaslıq məktəbi tam təşəkkül tapdı.
    Beləliklə, böyük bir tarixi dövr ərzində, yəni, 1150-ci illərdən başlanan, əslində Atabəylər dövrü Şərq intibahı öz son akordlarını başa vurduğu bir anda, məhşur mürtəcim və şərqşünas Jerar dö Kremonun (1114-1187), sürətli tərcüman işi sonrakı yüz illiklərdə Alber dö Qran, Röje Bakon, Kösən dö Perseval, Juriden, Alber de Remuza, Bartelemo d’Erblo, Silvester dö Sasi, Jül Mol, Jan Darmstemer, Lüsen Buva, Alfonso Russo, Teofil Qotiye, Röne Patri, Anri Masse və bir çox başqaları Qərb aləminə əvəzsiz töhvələrini bəxş etmişdilər. Şübhəsiz, bu işin nəticəsi o oldu ki, ispan, fransız, alman və ingilis dilli ədəbi-mədəni aləmdə orijinal əsərlər, yeni ədəbi janrlar meydana gəldi. Yeni Qərb intibahının formalaşmasına səbəb oldu.
    Ticarətin inkişafı ilə əlaqədar olaraq təxminən XII əsrin birinci yarısından başlayaraq Avropadan Azərbaycan ərazilərinə, o cümlədən də Azərbaycan ərazilərindən Avropaya səyyahlar da ayaq açdılar. Bu vəziyyətin kütləvi hal aldığı əsr isə şübhəsiz XVI əsrin sonu XVII əsr idi. Qeyd etmək lazımdır ki, elə həmin dövrlərdə italyan, alman, ingilis və holland səyyah-şərqşünasları da bu yolla Hindistan və Çinə qədər gedib gəlirdilər.
    Dü Ryö XVII «Quran»ın Avropada ilk tərcüməçisi sayılır. Əlbəttə ki, Azərbaycan ərazilərindən Avropaya səyahət edənlər haqqında məlumat toplamaq çox çətindir. Lakin ən uzağı Şah İsmayıl dövründə başlanan səfarətxanaların açılması və hətta Şah İsmayıl tərəfindən Roma Papasına məktub aparacaq və bəzilərinin yolboyu müxtəlif şəhərlərdə, ölkələrdə qalan nümayəndə və onların dilmanclarını nəzərə alsaq, bu məsələnin öz tədqiqatçısını gözlədiyini qeyd etməliyik.
    Yuxarıda qeyd etdiyimiz kimi, Avropada Şərq dillərinin öyrənilməsi şərqşünasların yetişməsinə səbəb oldu. Bu alimlər Şərq mədəniyyətini dərindən öyrənmək məqsədilə, Şərq ədəbi nümunələrini öz ana dillərinə tərcümə edirdilər. Bizə məlum olduğu kimi, şərq ədəbiyyatının kütləvi tərcüməsi də XVII əsrdən başlayır. Bartalemi D’Erblo «Şərq kitabxanası» əsərində Fələki Şirvanidən danışarkən şairin bir rübaisini fransız dilinə çevirmişdir. «Min bir gecə» nağılını Antuan Qollan 1704-cü ildə, Pöti dö La Krua 1710-1712-cü illərdə, L.Kleranbol Nizami Gəncəvinin «Yeddi gözəl» əsərini 1741-ci ildə tərcümə etmiş, Silvester dö Sasi 1798-1799-cu illərdə «Şairlər haqqında xatirələr» kitabını, Dövlətşahın «Təskirətüş-şüarə» əsərinin qısa xülasəsini yazmışdır. Burada N.Gəncəviyə üç səhifə yer ayrılmışdı. Anketil dü Perron isə «Avesta»nı 1771-ci ildə ilk dəfə fransız dilində avropalılara çatdırmışdı.
    Nizami yaradıcılığının fransız ədəbiyyatına təsiri Kretiyen dö Trua, Volter, Molyer, Pöti dö La Krua, Balzak, Lyu Aragön və başqalarının yaradıcılığında daha qabarıq şəkildə nəzərə çarpır. Şairin «Leyli və Məcnun» poeması ilə səsləşən «Tristan və İzolda» əsəri bu fikri sübut edir. Bu deyilənləri sübuta yetirmək üçün o dövrün bir neçə şərqşünasının fikrini nəzərinizə çatdırmaq düzgün olardı:
    Bartemin D’Erblo (XVII əsr) «Öz əksini bizim əsərlərdə tapan bir neçə macəra Nizaminin «Yeddi gözəl», «Xosrov və Şirin» əsərlərindən götürülmüşdü.»1
    Barbiye dö Meynar: «XII əsr lirika, poeziya əsridir. Nizami, Xəqani və öz mədhiyyələri ilə məşhur olan Ənvəri bu əsrin ən görkəmli nümayəndələridir.»2
    Marsel Eqreto «Şair (Nizami Gəncəvi – F.R.) Azərbaycan türkü idi və öz əsərlərində, özünü ölkəsinin tarixçisi, xalqının hiss və həyacanının tərənnümçüsü kimi göstərir.»3 Lui Araqon: «Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri latın və yunan müəlliflərinin əsərlərindən daha çox təqlid olunmuşdur»… «Nizami Gəncəvi nəinki Azərbaycan, eyni zamanda İran da daxil olmaqla bütün qonşu xalqların şairlərinin müəllimi olmuş, onun beş böyük poeması, «Xəmsə»si latın və yunan şairlərinə nisbətən daha çox təqlid edilmişdir.»4
    Altıcildlik XX əsr Larus ensiklopediyasının 5-ci cildində Nizami Gəncəvinin «Leyli və Məcnun» əsəri haqqında oxuyuruq: «Leyli və Məcnun» romanının süjeti bütün Şərq şairlərini yoldan çıxardıbdır.5 Bu o demək idi ki, bütün Şərq şairləri Nizami poeması təsirindən qurtara bilməmiş, onun «Leyli və Məcnun»unu təqlid etmişlər. Nəinki Şərq, hətta Qərb aləmində Nizaminin poemasının təsiri açıq-aydın duyulur.»
    Yuxarıdakı fikirləri tamamlamaq üçün bir neçə kəlmə N.Gəncəvinin «Leyli və Məcnun» əsəri və bu əsərə oxşar cəhətləri ilə diqqəti daha çox cəlb edən «Tristan və İzolda» haqqında qeyd vermək yerinə düşərdi. Nizami Gəncəvinin «Leyli və Məcnun» əsərinə qədər fransız ədəbiyyatında «Tristan və İzolda» mövzusu mövcud olsa da əsl tamamlanmış bir bədii əsər kimi o, yalnız N.Gəncəvinin «Leyli və Məcnun»undan sonra meydana çıxmışdır. Fransız şərqşünasları qeyd edirlər ki, «Tristan və İzolda»da Şərq ab-havası duyulur. Bunu bəziləri «Yusif və Züleyxa»ya, bəziləri isə «Veys və Ramin», bəziləri isə «Leyli və Məcnun»la bağlayırlar. Lakin əlavə olunmalıdır ki, «Tristan və İzolda» əsərində Nizaminin «Leyli və Məcnun» əsərinin təsiri o birilərindən daha aydın duyulur və güclüdür. Çünki «Tristan və İzolda» yaranarkən, Nizaminin «Leyli və Məcnun»u artıq olduqca məşhur idi.
    Alman şərqşünası Xristofor Frugel fransızca çap etdirdiyi «Şahənşah» qəsidəsində və «Nizaminin avtoportreti» məqaləsində Nizami Gəncəvi lirikasını yüksək qiymətləndirirdi. Onun fikrincə şair «kosmik şüurlu» bir adam olmuşdur. Şair həm öz dövrünün, həm də özündən əvvəlki düha elmlərini dərindən bilirmiş. «O həmçinin şairlər və poeziya haqqında, onların rolları, səviyyələri, mənbələri, problemləri və məqsədləri haqqında söz deyənlərin arasında ən məşhurlarından biridir.» O, eyni zamanda fikrini geniş formada açıqlayarkən o nəticəyə gəlir ki, N.Gəncəvi qədim yunan fəlsəfəsindən hali olub.
    Şübhəsiz Nizami irsinin səhnə sənətinə qovuşmasının məhz Fransada baş verməsi də təsadüfi hal deyildi. Yəqin bu səbəblərdən ən başlıcası fransız ruhunun çılğın təbiətli – romantik mehvərli əsaslar üstündə köklənməsidir. Yəni, Azərbaycan vətəndaşı ilə (ümum qafqaz götürülsə daha doğru olar), fransız vətəndaşının poetikaya vurğunluğu, faciəvi anlamlara qarşı yönümlü, şaqraq gülüşlü, komik, lətifəbaz olmaları buna səbəbdi. Çünki nə alman, nə ingilis düşüncə tərzi bu anlamlar üstündə köklənməyiblər. Özü də, bir çox yuxarıdakı xassələr ilə fransızlara yaxın, bəlkə də daha poetik olmalarına baxmayaraq, italiyan dramaturgiyası bu sahədə onlardan geri qaldılar. Halbuki, bu sahədə ilk addımı onlar atmışdılar. Ancaq… necə deyərlər bu «bir atımlıq barıta bənzədi»…
    Fransa isə başladığı bu işi durmadan irəli apararaq, Nizami əsərlərinin səhnəyə gəlişi işində, əsl ana qoynu kimi əziz və istəkli oldu.
    Fransa teatr sənətinə Nizami süjet və qəhrəmanlarını gətirən müəllif şübhəsiz Alen Röne Lesajdır. Onun yaşadığı XVII əsrdə Fransada Nizami əsərlərini çoxsaylı variantları var idi və şübhəsiz Lesaj qabil bir dramaturq kimi, bunları diqqətindən yayındıra bilməzdi və nəticədə məhz onun sayəsində, «Komedi Fransız» teatrı üçün Nizaminin «Yeddi gözəl» poemasını seçmiş oldu. Bu seçim sanki tarixin əmri ilə Lesaja çatdırılmışdı. Çünki Nizami əsərinin qoca dünya adlanan, Avropanın ədəbi mühitinə necə səs-küylə, sensasion bir hadisə kimi daxil olub, uzun əsrlik sükunətini pozmuşdursa, məhz teatr sənətinə də gəlişi, ancaq belə olmalı idi.
    Yəni, Alen Röne Lesaj Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında «Xeyir və Şər», «Çin şahzadəsi» əsərlərini opera kimi işləyərək, oynaq, hadisələri romantik aura ilə əhatə edərək, şərq ekzotikası kimi səhnədə gözəl əsərlər yaradaraq 1721-ci ildə «Komedi Fransız»da səhnəyə qoydurur. Belə ki, 1721-ci ildə səhnəyə qoyulmuş bu əsər nə az, nə çox düz 14 il, yəni, 1735-ci ilə ilə kimi bu teatrın səhnəsini bəzəyən ən gözəl tamaşaya çevrilir. Bugünkü prizmadan sənət anlamı çərçivəsindən baxarkən, o qənaətə gəlmək olar ki, Avropa opera teatrı aləmində belə bir sensasion tamaşanın olduğuna şahid bilmirik. Əgər bu olsaydı, mütləq o barədə, yəni, Nizami süjetləri əsasında yazılmış bu əsər haqqında belə geniş məlumat verilməz və uzun müddətliliyi göstərilməzdi.
    Lesajın belə uğurlu bir ənənəyə başlaması, bunun elə bir ajiotaja, səs-küyə, sensasion bir hadisəyə çevrilməsi, çox qısa bir tarixi dövrdə, əcnəbi bir müəllif olan Nizami əsərlərinin süjetləri Fransa və ümum Avropa ərazisində yeni-yeni səhnə əsərlərinin yaranmasına əsas mənbə olmuşdur. Belə ki, Lui Nikola Kleranbol da bundan ruhlanaraq 1721-1735-ci illər arasında uğurlu səhnə yaşantılarına səbəb olan, gözlənilməz sənət uğuru kimi o dövrün mətbuat və ictimaiyyətində böyük maraqla qeyd olunan, bəli, düz 14 il səhnədən düşməyən, Nizami Gəncəvinin «Yeddi gözəl» poeması əsasında Lesajın yazdığı əsər kimi, bir əsər yaratmışdır. Deyilənlərə görə, onun tərcümə etdiyi və üzərində işlədiyi opera indiyə kimi Paris Milli Kitabxanasında saxlanılır.
    L.N.Kleranbolun bizcə həyata keçirmiş olduğu və «Yeddi gözəl» süjetlərindən bəhrələnərək yeni opera yazmazdan öncə, qələmə aldığı «Buludları fəth edən günəş» operası onu deməyə əsas verir ki, poetik ruhuna, şaqraq musiqisinə, dinamik süjet xəttinə malik olan və uzun müddət yaradıcılıq işi aparan bir şəxsin yaratdığı əsər daha qüdrətli bir səhnə əsəri ola bilərdi. Sadəcə, görünür yenə də Lesajın ondan öncə bu əsəri yazması və 14 il ərzində «Komedi Fransez»i səhnəsindən düşməməsi, onu bu addımı atmağa qoymamış və o əsər bu günə kimi işıq üzü görməmişdir.
     Yeri gəlmişkən 1778-ci ildə Fransa teatr mühitində yenə də sensasion bir hadisə baş verir. Məşhur fransız ədəbiyyatşünası J.N.Katromer, Puasinin nəvəsi dramaturq, La Arp öz marağına uyğun olaraq, şərq mövzularının fantastik, qeyri adi fabula və süjetini nəzərə alaraq, qəhrəmanların düşdüyü vəziyyətləri çox vaxt az qala faciə ilə sonlaşma gedişindən ruhlanaraq, «Min bir gecə» nağılları əsasında «BARMESİB» faciəsini yazmış və həmin əsər 1778-ci ildə «Komedii Frans Teatr»in səhnəsində tamaşaya qoyulmuşdur. Deyilənə görə musiqi tərtibatı xüsusilə xoşagəlimli və təsirli idi. Qeyd etməliyik ki, həmin dövrdə doğrudan da, Fransada Dram və Opera teatrı sürətlə inkişaf etməkdə idi. Molyer bu dövrdə Dram teatrına başçılıq edirdi. Hətta «Komedi İtali» teatrı da fəaliyyət göstərirdi. Teofil Qotiye yaradıcılığında Nizami Gəncəvi şəxsiyyətinə və yaradıcılığına etdiyi hörmət-məhəbbət və heyranlığına sübut ola biləcək bir nümunəni burada bütövlükdə vermək istədik.

«Cahan mübtəlaikən torpaq fəthinə,
Top-tüfəng səsinə gərərəm snə
Höte «Şərq divanı» bəxş etdi ona
Rövnəq olsun, dedi – sənət insana.»


İstifadə olunmuş ədəbiyyat:

1. Bartalemi d’Erblo «Şərq kitabxanası», Paris, 1697
2. Barbiya dö Meynar «İran poeziyası», Paris, 1977
3. Marsel Eqreto «Sovet Şərqi», Paris, 1959
4. Lui Araqon «Sovet ədəbiyyatı», Paris, 1955
5. XX əsr Laruss. V cild, Paris, 1976
6. O.R.Qrusen. «İranın qəlbində», Paris, 1951
7. Ə.Sərkəroğlu «Nizami fransız mənbələrində», Bakı, 1991




Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az