Biz Azərbaycanda mütaliəni dəbə mindirəcəyik!www.lit.azLit.az

Məsməxanım Qubadova

Hüseyn Cavid yaradıcılığında Əli bəy Hüseynzadə ideyalarına bağlılıq

30.05.2008. (Qeyd: Digər İnternet səhifələrində dərci qadağandır) © Məsməxanım Qubadova

Məsməxanım Qubadova      Böyük bir maraqla izlədiyim «Dahilərin divanı» verilişi zamanı dahi Hüseyn Cavid haqqında, onun romantik faciələrinin təhlili baxımından yeni fikirlər eşitməyə ümid edərək söylənilən cavablara diqqət kəsildim. Verilən suallardan və alınan cavablardan son qənaətə gələn aparıcı belə bir cümlə ilə verilişi bitirdi ki, «Cavid bu gün də mənalı və müəmmalı bir şəxsiyyət kimi diqqəti cəlb edir». Təbii ki, onun belə bir fikir söyləməyə haqqı da vardı. Çünki həqiqətən Cavidin əsərləri ideya baxımından bir neçə qatda təhlil edilməlidir. Bu baxımdan aparıcı «İblis» faciəsini nümunə göstərdi və əsərin sonunda Elxanın sıraya düzüb güllələtdirdiyi Xaxam, Papas, Şeyx kimi mənfi obrazların sırasında, cüzam xəstəliyinə tutulmuş qadın və onun xəstə oğlunun öldürülməsi faciəsini dramaturqun yaradıcılığının müəmması kimi ümumiləşdirdi. Təbii ki, aparıcı çox doğru bir nəticəni yaxalamışdı. Amma hər məqsədin bir səbəbi də olur. Bu günədək bu səbəb teatrşünaslıqda hələ də ətraflı araşdırılmamışdır. Cavid xəstə qadını və onun xəstə uşağını axı nəyə görə məhv eləmək qərarını qəbul etmişdir? – sualı bütün zamanlarda bir müəmma olmuş, rejissorların və tənqidin yetərincə izah edə bilmədikləri bir sirr olaraq açılmamış qalmışdır. Lakin bu gün artıq bu müəmmanın, sirrin açılmasının vaxtı çatmışdır. Cavidin yaradıcılığındakı müəmma və açılmayan sirlərin olduqca çox böyük dərinliyi vardır ki, bunların kökü Nitşedən, Şopenhauerdən daha çox İbn Sinanın, Bəhmənyarın, Ömər Xəyyamın fəlsəfəsinə söykənir və bu mənada bizə daha yaxın və təsirlidir. Bundan da əlavə, Cavidin ideya estetik düşüncələrindəki bəzi gizli məqamların açılmamasına səbəb bir əsas şərt də vardır ki, bu da indiyədək Azərbaycan dramaturgiyasında XX əsrin əvvəllərində yaranan və H.Cavid, C.Cabbarlı kimi dahi dramaturqların yetişməsində xüsusi rol oynayan Əli bəy Hüseynzadənin «Siyasi-fürusət» adlı ədəbi-fəlsəfi traktatının bu gün belə, yazıldığı fəlsəfi səviyyədə təhlilə çəkilməkdən kənarda qalmasıdır. Ə.Hüseynzadə proqram xarakterli bu əsəri ilə milli teatrımızı və dramaturgiyamızı deyə bilərik ki, ümumi bir konsepsiya ətrafında səfərbər etmək istəmişdi. Bu konsepsiya indiyədək də yetərincə təhlilə çəkilməmiş qalır. Əsərdəki böyük fikir ötən əsrin əvvəllərində ədəbiyyatımızı və teatrımızı ideya-estetik cəhətdən istiqamətləndirərək Azərbaycanda mədəni intibahın yeni mərhələsini şərtləndirmişdir. Əsəri diqqətlə oxuyarkən Cavidin yaratdığı İblis, Elxan, İbn Jəmin, Arif, Vasif, Xəyyam, Keykavus, Səyavuş, Əfrasiyab, Papas, Xaxam, Şeyx (Ağbaşlı İlan), Xəstə qadın və onun Oğlu kimi bədii obrazların xarakteri, onların Cavid fəlsəfəsindəki mövqeyi çox maraqlı və məntiqli bir şəkildə bədii-fəlsəfi izahını tapır. Yetər ki, Ə.Hüseynzadənin önə çəkdiyi əsas problemi diqqətlə izləyib dərindən dərk edəsən. Təvazödən uzaq olsa da, bu fikirləri biz «Azərbaycan teatrında romantizm» - mövzusunda yazdığımız namizədlik dissertasiyasında önə çəkmiş, «Siyasəti-fürusət» traktatının H.Cavidin və C.Cabbarlının yaradıcılığına təsiri» probleminə tamam yeni aspektlərdən yanaşaraq hər iki dramaturqun bu əsərlə ilgili yaratdıqları səhnə əsərlərini ilk dəfə bu mövqedən təhlilə çəkmişik.
     «Azərbaycan teatrında romantizm» «Ə.Hüseynzadənin «Siyasəti-fürusət» əsərinin C.Cabbarlı və H.Cavid yaradıcılığına təsiri» adlı monoqrafiya 2002-ci ildə çap edilmiş və bir çox alimlərin böyük marağına səbəb olmuşdur. O cümlədən dəyərli elm xadimi, akademik Kamal Talıbzadənin əsər barəsində söylədiyi fikri mənə mənən rahatlıq vermiş, axtarışlarımla bağlı doğru yolda olmağıma məni bir daha inandırmışdır.
     «Siyasəti-fürusət» əsəri Əli bəyin təbirincə desək «Siyasətdə fürusəti əldən vermək» mənasında öz adını simvolizə edir. Simvolizm və romantizm ədəbi metodlarının kontekstində yazılmış bu fəlsəfi əsərin dəyərini biz bəlkə də səmavi işarələri özündə əks etdirən çox zəngin bir xalıya bənzədə bilərik. Hansı ki, bu xalı rəmzi işarələrinin vasitəsi ilə türklərə və müsəlmanlara Misir Ehramlarında olduğu kimi, təhlükəli labirintlərdə çaşmamaq, azmamaq üçün hər zaman açarlar vermiş, ona doğru yol göstərmişdir. Bu baxımdan əsər böyük məna dəyərinə malikdir və XX yüzilliyin əvvəllərində romantik teatrımızın ideoloji və fəlsəfi yozumunu düzgün səmtə yönəldən, rejissorlara tamaşalar hazırlayarkən maraqlı açarlar verən, bitkin nəzəri bir konsepsiya daşıması ilə diqqəti cəlb edir. Bu əsər sırf teatr sənətinin şərtlərini özündə ifadə etdiyi üçün ilk dəfə (yuxarıda adı çəkilən monoqrafiyada) «ideya teatrı» kimi dəyərləndirilmiş və orada Əli bəyin diqqətə çəkdiyi əsas problemlərə yeni kontekstlərdən münasibət bildirilmişdir.
     «Siyasəti-fürusət» traktatı oçerklər şəklində 1908-1910-cu illər arasında çap edilmişdir. Əsərdə Şərq müsəlman dünyasının böyük siyasətdə uduzmasının əsas səbəbləri göstərilmiş və gələcək dramaturqlara tarixə müraciət etmək üçün maraqlı mövzular bankı təqdim edilmişdir. Bu mövzulardan çox böyük ustalıqla istifadə edən H.Cavid romantik dramaturgiyamızda xüsusi bir mövqedə dayanmış Əli bəyin rəmzi mənada qələmə aldığı bir sıra tarixi obrazları özünün faciələri üçün bədii qəhrəmanlar şəklində ədəbiyyatımıza gətirmişdir.
     Sehirli dünyamızın sirrini öz əsərlərində qabardaraq romantik xəyalların qanadları üzərində ərşə qaldıran Hüseyn Cavidin yaradıcılığı həmişə, bütün dərinliyi ilə deyə bilərik ki, doğru yozulmamış və əslində olduğu kimi dəyərləndirilməmişdir. İnqilaba qədər «Ana», «Maral», «Şeyx Sənan», «İblis» kimi dərin fəlsəfi xarakterli pyesləri ilə bədii ictimai fikirdə diqqəti cəlb edən Cavidi hələ teatr dünyası yaxşı tanımırdı. İlk dəfə dramaturq «İblis» faciəsi ilə səhnəyə gəldi və tez bir zaman içərisində teatrın repertuarını fəth etdi…
     «İblis» faciəsi 1918-ci ildə yazılsa da, 1920-ci ildə ilk dəfə səhnəyə çıxarılaraq tamaşaçılara təqdim edildi. Faciənin yazıldığı ildən iki il sonra hazırlanması da çox yəqin ki, bir sirdir. Milli Cümhuriyyət dövründə hazırlanmayan bu romantik faciə əsərinin ilk dəfə sovet teatrının səhnəsində görünməsi də əslində bir müəmma idi. Bu sirrin, müəmmanın nəticəsi isə o idi ki, 1920-ci ildə, «qırmızı inqilabın» qələbəsinin ilk günlərində «İblis» faciəsinin əsas mahiyyətinə varmadan ona səhnədə quruluş verilmişdi. Yəni həmin illərdə milli səhnəmizdə liderlik edən bir çox səhnə əsərlərindən daha dərin fəlsəfi qayəyə malik olan bu pyesdəki əsas fikir görünür düzgün tənqid tərəfindən dərk edilməmişdi.
     Azərbaycanda sovet hakimiyyəti qələbə çalandan sonra təbii ki, teatrın repertuarına da «ciddi nəzər» salındı, türkçülüyə, azərbaycançılığa aid olan bir sıra tamaşalar repertuardan çıxarıldı, o cümlədən gənc Cəfər Cabbarlının «Ədirnə fəthi» və «Trablis müharibəsi», yaxud «Ulduz» pyeslərinin tamaşalarına da qadağa qoyuldu. Teatr ciddi repertuar axtarışlarında ikən Cavidin «İblis» faciəsi tamaşaya hazırlanmağa müsaid göründü. Pyesin ilk dəfə səhnə quruluşunu verən Abas Mirzə Şərifzadə bu əsər ilə «H.Cavid teatrı»nın ilk dəfə pərdəsini qaldırdı. Bu pərdənin arxasında dayanan türkçülük-turançılıq ideologiyasını hələ yetərincə dərk etməyən siyasi qurum isə «İblis» faciəsi ilə Azərbaycan sovet teatrının binasını qoydu…
     Faciə janrı həmişə xalqın, millətin çətin durumunda yaranır və onun yaşadığı tarixi-ictimai mühiti özündə ehtiva edir. Cavidin faciənəfis kimi yetişməsində onun yaşadığı siyasi mühitin də xüsusi yeri var idi. XIX əsrin ortalarında millətinin tarixi-ictimai durumunu öz komediyaları ilə əks etdirən dahi Mirzə Fətəli Axundov Molyerin yolunu gedərkən xalqının vəziyyətinə gülmür, əslində ürək yanğısı ilə ağlayırdı. O, öz komediyalarında Azərbaycanda hökm sürən nadanlığın, cəhalətin, savadsızlığın ümumi mənzərəsini yaradarkən tənqid etmək istədiyi problemlərə çox həssaslıqla yanaşır və onu acı və düşündürücü gülüşün vasitəsilə islah etməyə çalışırdı.
     XX əsrin əvvəllərində artıq milli teatrımızda M.F.Axundovun komediyaları 50 il idi ki, repertuarda özünə layiqli yer tutmuşdu. Artıq ideya-estetik görüşlərdə yaranan yeniliklərlə bağlı ədəbiyyat qarşısında yeni tələblər ortaya çıxmışdı. «Füyuzat» jurnalının 5-ci sayında dərc olunmuş «Şiller» adlı məqaləsində Əli bəy Hüseynzadə yaranmış vəziyyəti şərh edərək yazırdı: «M.F.Axundov kimi bir dramaturq daha zühr etmədi. Çünki elə istedadlı teatr mühərrirlərini yaradan nəinki bizdə, elə hər yerdə tək-tək yetirir. Məsələn, Şiller kimi mühərrirlər də çox az qismdə yetişmişdirlər. Madam ki, Fətəli kimilər nadir yetişir, o halda nə etməliyiz? Yeni bir Mirzə Fətəlinin zühurunumu bəkləməliyiz?»
     «Şiller» adlı məqaləsində Ə.Hüseynzadə teatrda repertuarı zənginləşdirən yeni pyeslərin heç olmasa tərcümə və təbdil edilməsi məsələsini bir problem olaraq ortaya qoyur, aktyor Mehdi bəy Hacınkinin tərcümə etdiyi Şillerin «Qaçaqlar» faciəsini nümunə göstərib ziyalıları bu işdə aktivlik göstərməyə dəvət edirdi. Bundan əlavə o, Şillerin digər səhnə əsərlərinin («Don Karlos», «Valinşteyn», «Orlean qızı» və sair) ideyasını izah edir, onların xalqın şüuruna göstərdiyi təsiri bizim dramaturqlara nümunə göstərirdi.
     Ölkəsində ətalətin, cəhalətin hökm sürdüyünü gözəl anlayan Ə.Hüseynzadə burada Şiller kimi romantiklərin yetişəcəyinə əmin olsa da, heç ağlına da gətirə bilməzdi ki, onun arzuları nəinki bir əsərdə, hətta çox yaxın bir zamanda yerinə yetəcək və Hüseyn Cavid, Cəfər Cabbarlı kimi romantiklər yetişəcək, teatrımızı Götenin sözü ilə desək, əsl «məbədə» çevirəcəklər. Yaradan bizim millətimizə Axundovdan yarım əsr sonra iki dahi dramaturq bəxş etdi ki, bunlar milli teatrımızı uca zirvələrə qaldıraraq Əli bəyin böyük arzularını çin etdilər.
     Hüseyn Cavid özünün «Müharibə və ədəbiyyat» sərlövhəli məqaləsində yazırdı: «Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan bir sarsıntı, bir pərişanlıq hökmfərma… Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda…
     Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!»
     Dünyanı cənginə alan müharibələrə, insan qırğınlarına olan nifrət hissi Cavidin «İblis» faciəsində özünün çox maraqlı bir ifadəsini tapmışdır. Ümumilikdə, bəşəriyyətə ziyan vuran, «Diogen kimi haqq, ədalət carçılarına qənim kəsilən», onları isidən «günəşin qarşısını alan kölgələrə» qarşı mübarizə həvəsi Cavid fəlsəfəsinin daha kəsərli olmasını təmin etmişdir. Bu fəlsəfə təbii ki, müxtəlif rəmz və məcazların vasitəsi ilə ifadə edildiyi üçün çox dərin mühakimə və məntiqli yanaşma tələb edir. Cavidin şeirlərindən başlamış faciə əsərlərinə qədər hamısı ümumi bir ali məqsəd ətrafında birləşir və mahiyyət etibarı ilə çox güclü bir təsir qüdrətini özündə cəmləşdirir.
     Onun faciələrində elə bir bağlılıq, ardıcıllıq vardır ki, burada əsas fikir xəttində «İblisi, Əhriməni və Şəri məhv etmədən işıqlı gələcək əldə etmək mümkün deyildir» fəlsəfəsi dayanır. Yeri qan-qadadan xilas etməyə qadir bir qüvvə arzulanır. O, «Kəssə hər kim axan qan izini, qurtaran dahi odur yer üzünü» - fikrinə söykənərək xəyallara qapılırkən sanki insana arxayın ola bilmir və şübhələrini izah edərək deyirdi:

     – «Arif ol, arif, atma vicdanı,
    Ara qəlbində dini-imanı,
    Zahirin pək gözəl, fəqət nə çıxar,
    Oynaşır batinində şeytanlar!...» –

    Dünyanı qana çalxalayan istismar dünyasını, imperializm siyasətini iblislə bərabər tutan Cavidin daxili dünyasını sarsıdan, onu qeyri-adi faciə əsərləri yazmağa sövq edən qüvvə nə idi? Bu suala Cavidin öz şeirində cavab axtarsaq daha məntiqli olar:

    – « Soyuq!.. Gecə keçmiş, bütün cahan susmuş,
    Uzaqda inliyor yalnız zavallı bir bayquş.
    Gözümdən uyğu çəkilmiş də, çarpıyor qəlbim,
    Nədənsə bilmiyorum, ah!.. Nədənsə müztəribim.
    Önümdə dalğalanır teyflər, qızıl qanlar,
    Başımda patlıyor atəşli, sisli vulkanlar.
    Təcəssü etmədə qarşımda bir cihani-ələm,
    Dönüb də tərsinə guya yanar bütün aləm…
    Yıqın-yıqın bəşəriyyət ölümlə pəncələşir,
    Fədai – nəfs edərək haqq için qoşar, güləşir.
    O toplar, tüfənglər, zəhərli qumbaralar
    Nə istər, ah! Neçin böylə gurlayıb parlar!?
    Nədir şu qəhrü-fəlakət? Nədir bu qətlü-qəla?
    Nədir şu kinü-ədavət, nədir bu dərdi bəla?
    Təməddünün sonu vəhşətmidir, nədir əcəba?»

     Cavid bu şeirində inkişaf edən Qərb dünyasının Şərqə tərəf uzadılmış «qanlı xəncərini» onun özünə tərəf çevirməyə qüdrəti çatan türk qəhrəmanlarını burada arzulayıb yazırdı:

     «Turana qılıncdan daha kəskin, ulu qüvvət,
     Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət» -

     Əli bəy Hüseynzadənin «Qırmızı qaranlıqlar içində yaşıl işıqlar» əsərindəki ideyaya söykənən bu fikirdə Cavid Şərqin maarifə, mədəniyyətə sahib olmasını arzulayırdı. Lakin buna çatmaq mümkünmü? Türkün o vaxtkı durumunun çox ağır olduğunu dərk edərək qəlbini bir sirli müəmma sıxır, onun nikbin əhvalını pozaraq xəyallarında məchul görünən qorxulu bir aləm yaradırdı. Türkün gələcəyini narahatlıqla düşünən Cavid XX əsrin əvvəllərində türklüyə qarşı aparılan düşünülmüş siyasətin mahiyyətindən dəhşətə gəlir, onun öz içindəki xəyanətkarlığı tənqid edirdi.

     – «Türk ordusu daim basaraq ölkələr almış, Ən sonda siyasətdə basılmış da bunalmış. İdrakı sönük başçıların qəfləti ancaq

     Etmiş, edəcək milləti həp əldə oyuncaq». - deyən Cavid Türkün başqa millətlərin əlində oyuncağa dönməsini qəbul edə bilməyərək özümüzün içimizdəki satqınları, «sələfini yeyənləri», «sapı özümüzdən olan baltaları, «özümüzü kəsən qılıncları» - ümumilikdə İblis obrazında təcəssüm etdirirdi. Onun yaratdığı bu ümumiləşdirilmiş iblis obrazı öz qəddarlığı, feli-fəndi, dondan-dona girmək bacarığı baxımından dünya ədəbiyyatında yaradılan bütün iblislərdən təhlükəli və xəbisdir. Bu xisləti düzgün təhlil etmək üçün çox yaxşı olar ki, biz Əli bəy Hüseynzadənin yaratdığı İblis obrazını («Siyasəti-fürusət» əsəri) diqqətlə öyrənək. Ə.Hüseynzadənin ədəbiyyatımıza gətirdiyi bu İblis obrazı əslində Əhrimənin xislətində ümumiləşdirilir və Şərq dünyasının geri qalmasının səbəbi, inkişafa qənim, təhlükəli bir ruh kimi səciyyələndirilir. Və sonda bu ruh Bayquş simvolunda Qafqaz dağlarından uçub gələn qəribə görkəmli bir qartalın iti caynaqlarında məhvə məhkum edilir.
     H.Cavidin yaratdığı İblis obrazı isə daha müasir və daha təhlükəli bir xislətə malikdir. O, nəinki Şərq dünyasını, eləcə də bütün yer kürəsini istədiyi kimi yönəldib faciələr törətməyə qadirdir. Məsələn, bu İblis özünün məharətini insanlara təqdim edərək öyünür və qeyri-adi bacarığa malik olduğunu belə izah edir:

     - «Röya kimi hər an olaraq zahiri qaib,
    Mən Şərqdə abid oluram, Qərbdə rahib.
    Bir mürşid olub, gah edirəm aləmi bərbad;
    Bir qazi olub, gah edirəm fitnələr icad;
    Bəzən oluram bir papa! Cənnət satıram mən,
    İsa dirilib gəlsə də, qorxar qəzəbimdən».

     Cavidin yaratdığı İblisin təqdimatındakı bu qorxunc xisləti biz heç bir iblis haqqında yaranan bədii obrazda görə bilmərik. H.Cavidin faciəsindəki İblis obrazı bəşəriyyətin fəlakətinə səbəb ola biləcək bir səviyyəyə qaldırılır. Bu fikir şair-dramaturqun faciəni yazmasına səbəb olan əsas ali məqsədin ifadəsi kimi Mələk obrazının dili ilə belə ifadə edilir:

     – «Ya Rəbb, azacıq lütfi inayət!
    Qəhr olmada artıq bəşəriyyət.
    Başdan-başa həp yer üzü vəhşət,
    İblis ilə həmrəngdi – siyasət!»

     Həddini aşaraq Demondan, Mefistofeldən, Lutsiferdən və digər şər qüvvələrindən öz «məharəti» ilə seçilən bu qəddar İblis dünyanın «qəhr olmasında» insanın özündən istifadə edir. Və toruna düşən aciz, miskin, ləyaqətsiz, dünyagir insanların bu işdə günahının daha çox olduğunu söyləyərək: «qəhr olmalı, məhv olmalı İblis! – deyənlərə üzünü tutub deyir:

     – «Hər kəs məni dinlər, fəqət eylər yenə nifrət,
    Hər kəs mənə aciz qul ikən, bəslər ədavət.
    Lakin məni təhqir edən ey əbləhü miskin!
    Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
    Pəncəmdə dəmadən əzilib qıvrılacaqsan,
    Daim ayaq altında sönüb məhv olacaqsın».

     Dramaturq burada insan nəfsini bəşəriyyətin faciəsi kimi İblisdən daha təhlükəli bir xarakterdə ümumiiləşdirir. Cavidin fəlsəfəsi burada dahi filosoflar İbn Sinanın, Bəhmənyarın fikirlərini ifadə edərək insan cəmiyyətlərini idarə edənlərin, aparıcı insanların mənəviyyatca zəngin olmasını, tamahdan, şəxsi mənfəətini güdməkdən, ləyaqətsiz hərəkətlərdən uzaq dayanmasını, özünün əxlaqi, doğru-düzgün davranışı ilə digərlərinə nümunə olmasını əsas götürür. Əks təqdirdə dünyanın halını Cavid İblisin öz dili ilə belə təsvir edir:

     – «Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
    Qan püskürən, atəş savuran kinli krallar,
    Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
    Altun və qadın düşgünü divanə bəbəklər.
    Min hiylə quran tülkü siyasilər, o hər an
    Məzhəb çıxaran, yol ayıran xadimi – ədyan;
    Onlar, əvət onlar sizi çeynətməyə kafi,
    Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi…»

    Bu sətirlərdə biz bəşəriyyəti uçuruma sürükləyən əsas amilləri görürük. Bu mənada Cavid yaradıcılığında əsas fikir olaraq mənəviyyat problemi dayanır. «Füyuzat»çılar ədəbi cərəyanının hər bir nümayəndəsini özlərinə məxsus romantik əsərlər yaradarkən ümumi bir fikir bir-birilə əlaqələndirirdi.

     - «Könül sındırma, ev yıxma, əziyyət vermə məxluqə,

     Yıxılmış xanəni məmur, sınmış könlü abad et» - fikrinə xidmət edən bu romantiklərin sırasında təbii ki, Cavid də var idi. O, da həmfikri Məhəmməd Hadinin, Abbas Səhhətin, Abdulla Şaiqin və digər romantiklərin ideyaları ilə həmrəy idi. Romantiklər azad, müstəqil, firavan bir cəmiyyətin arzusunda, xəyalında idilər. Onlar öz oxucularının, tamaşaçılarının hissiyyatına təsir etmək istəyirdilər. Əli bəy Hüseynzadə ədəbiyyatda bu bədii üsluba böyük önəm verərək yazırdı: «Bən həm özümü, həm də qarelərimi ancaq vəzn və qafiyə zümzümələri ilə əyləndirib uyutmaq ilə gizli, üstüörtülü bir surətdə qarenin, tamaşakarın qəlb və vicdanına intiqal edib, orada yenidən müqabili olan hissiyyat və əfkarı oyandıracağam».
     Professor Yaşar Qarayev XX əsrin əvvəllərində yaranan bu maraqlı ədəbi cərəyanı Ə.Hüseynzadənin adıyla bağlayaraq onu təbiət etibarı ilə milli mənəvi müstəqillik prinsipləri uğrunda aparılan mübarizə pafosu kimi dəyərləndirirdi. «Azərbaycan ədəbiyyatında romantizm» - adlı əsərində alim Məmməd Cəfər Cəfərov da bu cərəyanı ədəbi hadisə kimi dəyərləndirir və onun nümayəndələrini «düşündürən eyni həyat problemlərinin xarakterində, onların yaradıcılıq idealında, işlədikləri mövzuların məcmunda və hamısı üçün səciyyəvi olan üslub xüsusiyyətləri və ədəbi zövqlərində olan» həmrəyliyi diqqətə çəkirdi. Bu romantizmi XX əsrin əvvəllərində Azərbaycanda müstəmləkə siyasətinə qarşı yeni milli özünüdərk ideologiyası yaratmışdı. Bu ideologiyanı əsərlərində tərənnüm edən Cavid deyirdi:

     – «Çox əzildin, yetər, ər oğlu, ər ol,
     Çırpınıb çareyi-xilas ara bul!»

     Çarə bulmağın yolunu yenə də mədəni, mənəvi inkişafda görən Cavid xalqının mədəni-maarif baxımından inkişaf edib elmdə, iqtisadiyyatda və siyasətdə yüksəkdə dayanmasını arzulayırdı. Lakin bu yetkin mədəniyyəti, mənəviyyatı qazanmaq, onunla başdan-başa silahlanaraq yeni, istismarsız, qansız-qadasız, bərabərlik, qardaşlıq dünyasını yaratmaq mümkündürmü? - sualına yenə də böyük Cavid ürək yanğısı ilə belə cavab verirdi:

     - «Mümkün deyil, əsla olamaz naili-amal,
    Etdikcə xəyanət əli bu milləti pamal».

     Xəyanətin mayasında dayanan xisləti ifşa etmək üçün o, yenə də İblisin obrazından istifadə edirdi. İnsanla İblis onun xəyalında həmişə üz-üzə dayanırdı. Günahkar kimi tənqid edilən İblis istehzalı bir səslə insanı ittiham edərək deyirdi:

     – İblis nədir?
     - Cümlə xəyanətlərə bais…
    Ya hər kəsə xain olan insan nədir? - İblis!...»

     İblisi içinizdən qovun! – fəlsəfəsi Cavid poetikasının əsas sehri olaraq bütün zamanlarda insanlara ünvanlanaraq yaşayacaqdır. Bu fəlsəfə Hüseyn Cavid ideyalarında uca zirvədə dayanır. Hər bir teatrşünas və hər bir ədəbiyyatşünas, ümumilikdə hər bir Azərbaycanlı və sonda hər bir türk bu fəlsəfəni mükəmməl dərk etməlidir. Bu məqsədlə isə hər kəs Cavidi yetişdirən siyasi, ictimai və ideoloji mühiti çox ətraflı öyrənməli, romantiklərin yaratdıqları ümumi sənət dünyasını, xəyalı aləmi düzgün dərk etməlidir. Əks təqdirdə bu dahi dramaturqun yaradıcılığında hələ də təzadlı fikirlərə rəvac verən, böyük «məna və müəmmanı» izah edib açmaq çox çətin olar…



Copyright © Lit.az-Azərbaycanın ədəbiyyat portalı.
   Bütün hüqüqlar qorunur. Saytın hazırlanması: www.proqres.com

 
Ədəbi, elmi araşdırmalar

Ədəbi, elmi araşdırmalar

     Alimlik dərəcəsinə iddialı şəxslərin dissertasiyalarının əsas məzmunu əks etdirən (elektron aprobasiya məqsədli )məqalələr:

21.07.2009. Z.Ə.Şahverdiyev. XIX-XX əsrin əvvəllərində Naxçıvan bölgəsində mədəniyyətin inkişafı
10.07.2009.  Həsənəli Eyvazov. Tarixi dramlarda ədəbi şəxsiyyətlərin bədii obrazlarinin yaradilmasinda sənətkarliq məsələləri
09.07.2009.  Həsənəli Eyvazov. Ədəbi şəxsiyyətlərə dair tarixi dramlarda mövzu seçimi, ümumiləşdirmə və tipikləşdirmə
14.04.2009.  Hümeyir Əhmədov. Təhsilin globallaşmasında millilik tarixi yaddaşın daşıyıcısı kimi
04.11.2008. Əliyeva.G.T. Füzuli poetikası (metodoloji mülahizələr)
21.09.2008.  Hümeyir Əhmədov. Qloballaşmanın doğurduğu yeni reallıqlar və təhsilin hüquqi nizamlanması
21.09.2008. Aybəniz Kəngərli. Hümmət Əlizadənin folklor nəşrləri
21.09.2008. Aybəniz Kəngərli. "Koroğlu"nun "Paris nüsxəsi" əlyazma-folklor kitabı kimi
19.09.2008. Gülşən Hüseynova. Torrnton Uaylder yaradıcılığında janr axtarışları
27.06.2008. A.İ.Əliyeva-Kəngərli. "Azərbaycan folklor kitabı" və folklorşünaslığın təşkilatlanması problemi
13.04.2008. G.Kəngərli. Türkiyə füzulişünaslığında Azərbaycan nəzəri fikri
09.04.2008. Əliyeva G. Füzüli sevir, Füzuli düşünür deməkdir
21.03.2008. Eyvazlı A. Demokratik prosesdə genderin rolu
11.03.2008. G.Kəngərli. Azərbaycan füzulişünaslığının nəzəri – estetik prinsipləri
02.03.2008. Fərman Rzayev. Fransa ədəbi-mədəni həyatı və Nizami Gəncəvi
27.01.2008. Zülfiyyə İsmayılova. Lirik-psixoloji mövzuda retrospeksiya: «Keçən ilin son gecəsi» və «Dantenin yubileyi» - Anarın rejissorluq fəaliyyətinin debütü
27.01.2008. Gülşən Əliyeva. Füzulişünaslıqda "Füzulinin lirikası" problemi
27.01.2008. Gülşad Baxşıyeva. Mütəşəkkillik və əzələ gərginliyinə dair çalışmaların tələbə aktyorlara aşılanmasında pedaqoqun rolu
27.01.2008. Aygün Eyvazlı. Təhsil müəssisələrində Gender problemi
16.01.2008. Gülşən Əliyeva. Füzulinin qəsidə və alleqoriyalarının tədqiqi

Digər araşdırmalar

10.05.2009. Əlirza Balayev. Dəvə, yoxsa buraz?
14.04.2009. Vüqar Haqverdiyev. Atalar sözlərinə informatik yanaşma
09.06.2008. Əlisəftər Hüseynov. Şeir obrazlarından ekran obrazlarına
31.05.2008. Şahbaz Şamıoğlu. Nigar Rəfibəylinin ilk mətbu şeiri
30.05.2008  M.Qubadova. H.Cavid yaradıcılığında Ə.Hüseynzadə ideyalarına bağlılıq
16.05.2008. A.Kəngərli. Azərbaycan folklorşünaslığının təşəkkülündə Vəli Xuluflunun rolu
12.05.2008. Firudin Qurbansoy. "Büt" obrazı poetik və okkultik anlamda
02.05.2008. Həsən Əliyev. Sözlərə psixo-analitik yanaşma
01.05.2008. Nəriman Əbdülrəhmanlı. Doğma sözlərin gizlinləri
25.04.2008. S.Şərifova. Elm xadimi, kamil müəllim və milli şair barəsində
22.04.2008. A.Rüstəmov. Bədii metodların elmi tədqiqi
22.04.2008. Firudin Qurbansoy. İrfani rəmzlər: Equus asinus
22.04.2008. A.Rüstəmov. Füzuli davamçısı Siraci
13.04.2008. Vasim Məmmədəliyev. Səudiyyə Ərəbistanı ədəbiyyatına qısa bir baxış
02.04.2008. Fərman Rzayev. Fridrix Şiller yaradıcılığı: fərqli nüanslar
01.04.2008. Rəşad Məcid. Əsəd bəy və Nuridə xanım
31.03.2008. Tərlan Novruzov. Mir Cəlal Paşayev Sabir irsinin görkəmli tədqiqatçısı kimi
06.03.2008. Məsməxanım Qubadova. Əli Bəy Hüseynzadənin milli-mənəvi fikir tariximizdəki yeri
13.02.2008. Cahid Kazımov. "Divanü luğat-it-türk" əsərindəki toponimlər
05.01.2008. Məsiağa Məhəmmədi. Tərzi Əfşar və onun "tərzi"
12.12.2007. Amaliya Nəsirli. "Sevimli şair" Bayron
09.12.2007. Sədat Adıgözəl. Ədəbiyyatın sosiologiyası
29.11.2007. Məmməd Qocayev. Cinayət və onun cəzası
27.11.2007. Elnur Həsənov. Bir hərf-bir səs və ya hərfsiz səslər lazımdırmı?
24.10.2007. Gülbəniz Babaxanlı. H.Cavid ədəbiyyatımızın söz zadəganıdır
08.10.2007. Ramiz Rövşən. Azərbaycansayağı hannibalizm
12.09.2007. S.Səməd. Pereyra iddia edir
10.09.2007. S.Əmirov. Cənubi Azərbaycan mühacirət nəsri barədə
27.08.2007. G.Babaxanlı. Azərbaycan poemalarında beynəlmiləlçilik
23.08.2007. Ağalar Məmmədov. Haydegger-poetik dillə danışan filosof
12.08.2007. Aydın Dadaşov. Teledramaturgiyanın postmodernist mahiyyəti
09.08.2007. Gülşən Əliyeva. Sənətkar psixologiyasında fədakarlıq məqamı



© www.lit.az